Türk Dövlətləri Təşkilatı: yeni çağırışlar

post-img

III məqalə

“Bir millət, iki dövlət”: birliyin təməl tezisi

Keçən əsrin 90-cı illərində dünyanın çox qarışıq və ziddiyyətli geosiyasi mənzərəsi fonunda Azərbaycandan birləşdirici və aydınlaşdırıcı bir səs yüksəldi: Bir millətin iki dövləti bir-birinə dayaq olmalıdır! Həmin dönəmdə bədxah dairələr Azərbaycanı dövlət və ölkə olaraq “külə döndərmək” planlarını davamlı həyata keçirirdilər. Yüzillər boyu ermənilərə aşıladıqları türkə və müsəlmana nifrət ideologiyası fonunda faktiki olaraq “türk torpaqları sənindir və orada öz dövlətin olmalıdır” kimi şizofrenik təbliğat öz amansız fəsadlarını verməkdə idi. Onun praktiki təzahürü 1988-ci ildən başlayaraq Qərbi Azərbaycandan və Qarabağdan amansızcasına həyata keçirilən deportasiya oldu.

Həmin dönəmdə hansısa mənada real türk birliyindən və ya həmrəyliyindən danışmaq mümkün idimi? Mərkəzi Asiyadan Özbəkistandan başqa səsi çıxan olmadı. Ankara praktiki dəstək verə bilmədi, bəyanatlar, sözlər nəticəverici olmadı. İndi də “Türkiyə nə üçün Kəlbəcərdən insanlarmızı təxliyə etmək üçün helikopter vermədi” kimi sualları bəzən müzakirə edirik. Bu sualdan dostlar və qardaşlar həmin dövrdə türk ölkələrinin münasibətlərinin real mənzərəsini yaratmaq üçün yararlanırlarsa, dost olmayanlar “Türkiyə Azərbaycanı nəzərə almadı” kimi təxribatçı suallar ortaya atmaq üçün istifadə etməkdədirlər.

Yeri gəlmişkən, hətta II Qarabağ müharibəsindən sonra “Osmanlı filan vaxtda elə etdi, Batumidəki danışıqlarda belə etdi” kimi aravurucu sualları beynimizə yeritməyə çalışırlar. Bu yararsız işdə Azərbaycandakı məhdud sayda “tarixçi alimlər” də iştirak edirlər. Türkiyədə kökü, mənşəyi bəlli olmayan elmi, siyasi və ideoloji kəsimlər də bir qədər başqa formada iki qardaş arasını pozmağa çalışırlar.

Bu müqayisəni niyə aparırıq? İndi bir çox məsələlərin iki qardaş dövlətin birgə uğurla həll etdiyi mərhələdə aramızı vurmaq istəyənlər vardırsa, təsəvvür edin XX əsrin 90-cı illərinin əvvəllərində tənha qalmış Azərbaycan hansı halda idi? Qardaş dediyi dövlətlərdən bir kəramət yoxdu. Beynəlxalq aləm adlandırılan dünyadan qərəzli münasibətdən başqa bir siqnal gəlmirdi. Ermənilərə tam tərəfkeşlik edən və hətta bizləri hədələyən Moskva isə işindən qalmırdı. Obrazlı desək, türk birliyi haqqında düşünməli olan dövlətin Azərbaycan olacağı kimsənin ağlına gəlmirdi. Azərbaycan özünün ölkə və respublika kimi qalıb-qalmaması məsələsi ilə çarpışırdı.

Belə bir şəraitdə bir Ulu Türk Liderin möhtəşəm səsi ucaldı: “Bir millət, iki dövlət”! Bu, möcüzə deyildi, əsrlərdir öz türklüyünü hər kəsə sübut etməklə məşğul olan Böyük Azərbaycan ruhunun ənənəsinin növbəti təzahürü idi! O mənada qanuni hal idi, gözlənilən idi! İdeyalar məkanı Azərbaycan öz varlığını, yenilməz iradəsini bir daha nümayiş etdirdi!

Şübhəsiz, “bir millət, iki dövlət” kəlamını, səslənişini, dəvətini məhdud dərk edənlər burada hansı anlamda bütövlükdə türk dövlətlərinin birliyindən söhbət getdiyi haqqında şübhəyə düşə bilərlər. Lakin bu tezisə son yüzillərdə türk xalqlarının real vəziyyətləri və 90-cı illərin sərt geosiyasi gerçəkliyi kontekstində baxanda, bir millətin iki dövlətinin olmasının çox geniş və dərin anlamına vara bilərik.

1-ci arqument

Səfəvi və Osmanlının süqutundan sonra böyük dövlətlər müxtəlif bəhanələrlə, ümumiyyətlə, türk dövlətçiliyini yer üzündən silmək kursunu götürmüşdülər. Bunun fonunda türk xalqlarının bir-birinə laqeydliyi getdikcə artırdı və yad dövlət, mədəniyyət, sosial elementlər daha mütərəqqi reallıq sayılırdı. XX əsrin sonlarına qədər tam müstəqil türk dövlətindən danışmaq çox çətin idi.

2-ci arqument

Türk ölkələri arasında əlaqələr türk kimliyi üzərində deyil, onların daxil olduqları siyasi rejimlərin dominant yad ideologiyası əsasında qurulurdu. Məsələn, Türkiyə, ümumiyyətlə, düşmən dövlət kimi təqdim edilirdi. Onu NATO-nun üzvü kimi müharibə oluna biləcək ölkələr sırasında ali məktəblərin hərbi kafedralarında anladırdılar. Avtomatik olaraq azərbaycanlı, qazax, özbək, qırğız və türkmən gənc, Türkiyəyə qarşı savaşmağa hazır kadr kimi yetişdirilirdi.

SSRİ tərkibində olan Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan başlıca olaraq Moskvanın maraqlarına uyğun olan sferalarda və səviyyədə əlaqə qura bilərdilər. İstənilən özünütəsdiq dərhal düşmənçilik sayılır və “günahkarları” cəzalandırırdılar. Bu “cəza” da vəhşi üsulla həyata keçirilirdi.

Hətta iqtisadi sferada sürətli inkişafa nail olan türk respublikalarının rəhbərləri belə cəza hədəfinə minbir bəhanə ilə çevrilirdilər. Azərbaycan və Özbəkistanın bununla bağlı çəkdikləri zülm məlumdur.

3-cü arqument

Belə alınır ki, türk dövlətlərinin birliyinə rəvac verə biləcək siyasi, ideoloji, geosiyasi zəmin keçən əsrin 90-cı illəri də daxil olmaqla uzun bir dönəmdə mövcud deyildi, hətta bu barədə düşünmək yasaqdı. Üstəlik, XX əsr boyu az-çox müstəqil ola bilən yeganə türk dövləti Türkiyə idi ki, o da qardaş dediyi azərbaycanlıları xilas etmək üçün 2 helikopter belə verə bilmədi.

Gerçək olanı türk xalqlarının daim qəlblərində törəyə, ənənəyə, mədəniyyətə, milliliyə olan tükənməz sevdası idi! Yalnız bu sevgiyə dayanan ideya türkləri birləşdirə bilərdi. Həmin ideyanın təməlində isə “türk toplumu” anlamı yerləşməli idi. Həm də onun mərkəzi ideyası tarix, dil, mədəniyyət, din kimi dəyərləri ciddi surətdə nəzərə almalı, onlardan intişar etməli idi.

Toplumsal təməl: bir millət

Vurğuladığımız üç arqumentin vəhdəti ulu öndər Heydər Əliyevin məşhur “bir millət” anlayışında ifadəsini tapmışdır. Heydər Əliyevin kəlamı kontekstində “bir millət” və “iki dövlət” anlamlarının özəl məna çalarları mövcuddur. Onları nəzərə almadan Ulu öndərin dahiyanə formulunun məna yükünü adekvat dərk edə bilmərik.

Heydər Əliyev türk dünyasının birliyinin hər şeydən öncə ontoloji mahiyyətə malik olduğunu məharətlə diplomatik dildə vurğulamışdır. Türk dövlətlərinin birliyinin təməli məhz həmin toplumsal ontoloji reallıqdan başlayır. Yəni tarixin sonsuz zaman axınında, dünyanın sərt siyasi və geosiyasi gerçəklikləri fonunda türk xalqlarının birliyi məsələsi nə olur-olsun, mahiyyətini dəyişmir və dəyişə bilməz. Çünki bu birliyin kökü ontolojidir, həyatın, dünyanın, gerçəkliyin özüdür.

Bu ontolojiliyi təmin edən bir neçə faktor vardır. Onlar qan olaraq eyni kökdən gəlmək, toplum olaraq eyni özünüyaratma qanununa malik olmaq (Yosun Qanunu), ənənəni ötürmək mexanizmi olaraq törəyə söykənmək (“törə” tarixi zamandan asılı olaraq məna, funksiya və məqsədcə çoxaspektli olur, yəni dinamik dəyişən tarixi, sosial-mədəni kodlar sistemidir) və bunların üzərində bərqərar olan ortaq adət-ənənə, mədəniyyət, dil və din məfhumlarıdır.

Türklərin birgəyaşam üsullarının vurğulanan ontoloji əsası hər bir tarixi mərhələdə kollektiv mövcudolmanın substantiv və funksional xüsusiyyətlərini vəhdətdə təşkil edir. Yəni türklər ailə, qəbilə, tayfa, tayfalar birliyi, xalq və millət kimi mövcud mərhələnin özəlliklərinin yaratdığı bir sıra fərqliliklərə baxmayaraq ontolojidə fərqlənmirlər. Onlar ailə, qəbilə, tayfa və xalq kimi hansı təməl prinsiplərə görə özlərini yaradırlarsa, millət kimi də eyni mexanizmdən istifadə edirlər. Bütün bunların mərkəzi faktoru isə türk mədəniyyətidir! Bu məqam Ulu öndərin tarixi kəlamının birinci hissəsinin başlıca tezisidir.

Məhz vurğulanan ontoloji mövcudluq sərhədləri daxilində türkiyəlilər, azərbaycanlılar, qazaxlar, özbəklər, qırğızlar, türkmənlər Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan cəmiyyəti olaraq özünəməxsusluqlarını saxlamaqla geniş anlamda vahid türk tolpumsallığını təşkil edirlər. Həmin mənada türk xalqları “bir millət”dirlər, onun təkrarsız və tam bərabərhüquqlu üzvləridirlər. Təkrarsızlıq və bərabərhüqluluq Ulu öndərin kəlamında mərkəzi şərt və ya tezis yerindədir.

Maraqlıdır ki, onun tam anlamı kəlamın ikinci hissəsinin mənasından avtomatik alınır.

Siyasi təməl: iki dövlət

Birliyin siyasi təməlinin formalaşması, ümumiyyətlə, insan övladının birgəyaşamının ümumi mahiyyətindən qaynaqlanır. Məsələnin digər mühüm tərəfi dövlət quran qövmlərin həyatında siyasi faktorların çox əhəmiyyətli rol oynaması ilə bağlıdır. Tarixi təcrübə göstərir ki, türklər Avrasiyada ən fəal dövlət quran qövmlərdəndir. Deməli, onların ontoloji birliyinin mütləq siyasi ifadəsi olmalı idi. Bu o deməkdir ki, türk xalqları arasında münasibətlərin formalaşmasında dövlətçilik ön sırada yer almışdır. Dövlət qurmaqda zəif və passiv olan qövmlər üçün siyasi təməl bu dərəcədə qabarmaya və həssas olmaya bilər. Lakin türk xalqları tarixindən bunu təsəvvür etmək mümkün deyildir.

Bunların fonunda nə üçün Heydər Əliyevin bir millət vurğusundan sonra “iki dövlət” anlamını önə çəkməsinin səbəbi aydın olur. Konkret olaraq, Türkiyə–Azərbaycan münasibətləri kontekstində bu o deməkdir ki, müasir tarixi dönəmdə türk birliyi məsələsində geniş anlamda bir millətin “bağırından” çıxmış iki dövlət “qardaş” olmalıdırlar. Bu mənada millət türk dövlətçiliyinin “anası”dır (Konstitusiyada xalq suverenliyinə verilən önəmi xatırlayaq). Türk dövlətləri “türk ailəsi”ni təşkil edirlər (“bizim ailəmiz türk ailəsidir” – Prezident İlham Əliyev).

Mühüm nəticə

“Bir millət, iki dövlət” kəlamı Azərbaycan–Türkiyə münasibətlərinin yeni mərhələyə keçməsində istiqamətverici, müəyyənedici və mənayaradıcı rol oynamışdır. Həmin kəlamın məna çalarları və yeni məzmun formalaşdırma potensialı iki türk dövlətinin birlik modelini bütün türk dövlətlərinə, bir ailənin üzvləri kimi, proyeksiya etməyə imkan yaratmışdır. Yəni “bir millət, iki dövlət” kəlamı prosesdə iştirak edən ölkələrin sayını deyil, onların qarşılıqlı münasibətlərinin mahiyyətini, məzmununu və məqsədini ifadə edir. Buna görə də onu “bir millət, altı dövlət” anlamında genişləndirmək çətin deyildir.

Burada əsas ideya türk ailəsinin bir millət kimi qəbul edilməsi və onun təməlində hər bir türk xalqının öz dövlətinin olmasını təşviq etməklə vahid təşkilatlanma mexanizmləri üzərində TDT-ni yaratmaqdan ibarətdir.

Beləliklə, Türk Dövlətləri Təşkilatının meydana gəlməsi dərin tarixi, siyasi, geosiyasi faktorlarla sıx bağlıdır. Bu anlamda TDT sıradan bir qurum deyildir. Onu aradan qaldırmaq üçün türk xalqlarının tarixini tərsinə yönəltməlisən ki, bu da imkansızdır. Buradan indiki mərhələdə türk dövlətləri arasında nifaq salmağa cəhd edənlərin əslində kim olduqları nəticəsini almaq çətin deyildir. Həmin bağlılıqda da ideoloji və təbliğati aspektlərdə müşahidə edilən bir sıra tendensiyaların üzərində dayanmaq zəruridir. Türk dünyasında və onun ətrafında nələr baş verir?

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Siyasət