Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Azərbaycan paytaxtında keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfrans bir sıra nüfuzlu xarici KİV-lərdə geniş işıqlandırılıb.
Türkiyənin Anadolu agentliyinin fransızdilli versiyasında, “TRT World”, “Haber Global” televiziya kanallarında konfransla bağlı yayımlanan xəbər və süjetlərdə Azərbaycan Prezidentinin tədbir iştirakçılarına müraciətinə geniş yer verilib. Xəbərlərdə dövlətimizin başçısının Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən səsləndirilən müraciətində əsasən Fransanın işğal etdiyi və müstəmləkə vəziyyətinə saldığı ölkələrdə insanlığa qarşı çoxsaylı cinayətlər törətməsi barədə fikirləri xüsusi vurğulanıb: “Biz Fransada neokolonializm meyilləri ilə paralel olaraq irqçilik və islamofobiyanın da geniş vüsət aldığını müşahidə edirik. Bu gün burada təmsil olunan insanların bəziləri müxtəlif formada təzyiq və ayrı-seçkiliyə, irqçi hücumlara məruz qalır. Daxildə bu cür narahatedici və təhlükəli meyillərlə mübarizə aparmalı olan Fransa hakimiyyəti başqa dövlətlərə dərs keçməyə, digər ölkələrin daxili işlərinə qarışmağa cəhd edir”.
Habelə bildirilib ki, Azərbaycan Prezidenti müraciətində Fransanın müstəmləkələrində insanlığa qarşı çoxsaylı cinayətlər törətdiyini, XX əsrdə 30 il ərzində Fransız Polineziyasında 200-ə yaxın, 6 il ərzində isə Əlcəzairdə 17 nüvə sınağı həyata keçirdiyini, sınaqların ağır fəsadlarının Polineziya və Əlcəzair xalqları tərəfindən bu gün də yaşandığını xatırladıb.
Xəbərlərdə Azərbaycan Prezidentinin riyakar və ikili standartlara əsaslanan siyasət yürüdən Fransanın, eyni zamanda, regionumuzda milli azlıqların müdafiəçisi kimi özünü təqdim etməyə çalışmasını da sərt tənqid etdiyi bildirilib: “Biz Fransada neokolonializm meyilləri ilə paralel olaraq irqçilik və islamofobiyanın da geniş vüsət aldığını müşahidə edirik. Bu gün burada təmsil olunan insanların bəziləri müxtəlif formada təzyiq və ayrı-seçkiliyə, irqçi hücumlara məruz qalır. Daxildə bu cür narahatedici və təhlükəli meyillərlə mübarizə aparmalı olan Fransa hakimiyyəti başqa dövlətlərə dərs keçməyə, digər ölkələrin daxili işlərinə qarışmağa cəhd edir. Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır. Bu ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur”.
Telekanallarda yayımlanan süjetlərdə Bakıdakı konfransda kolonializm siyasətinə məruz qalan ölkələrdən çoxlu sayda nümayəndənin iştirak etdiyi vurğulanıb. Konfrans iştirakçılarının Fransanın Avropadan kənarda, Sakit və Atlantik okeanlarında dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmədiyi, həmin ölkələri əsrlərdə müstəmləkəçilik siyasəti ilə əsarət altında saxlaması barədə fikirləri diqqətə çatdırılıb. Belə ki, Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerolun müsahibəsində aşağıdakı fikirləri təqdim olunub: “Afrikada bir çox ölkə Fransanın neokolonializm siyasətinə qarşı mübarizə aparır. Fransa Sakit okean və Karib dənizində illərdir eyni siyasəti davam etdirir, amma bu gün Azərbaycana, Türkiyəyə və Fələstinə insan hüquqları və azadlıq dərsi verməyə çalışır. Burada danışmaq istədiyimiz mövzu əslində elə budur. Üç yüz il əvvəl Fransa ölkəmizi köləyə çevirdi. Biz hələ də qida sektoru kimi bir çox sahədə onlardan asılıyıq, çünki ölkəmizdə qida məhsullarının 80 faizi Fransadan gəlir və onlar bizə öz kənd təsərrüfatımızı inkişaf etdirib müstəqil olmağa imkan vermirlər. Bu konfransda Fransanın bizim ölkələrimizin daxili işlərinə müdaxiləsi, azadlıq səylərini boğması, koloniyalarda insan hüquqlarını kobud şəkildə pozması, o cümlədən neokolonializm siyasəti müzakirə olunur. Konfrans həm də dünyanın müxtəlif bölgələrində yerləşən və hələ də kolonializm siyasətindən əziyyət çəkən xalqların səsinin beynəlxalq aləmə çatdırılması üçün gözəl imkandır”.
“Sputnik”in fransız dili bölməsində yayımlanan xəbərdə Azərbaycan Prezidenti İlham Əliyevin müraciətində BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan istifadə edərək Afrikada qərəzli siyasət yürüdən və Əlcəzairdə milyonlarla mina basdıran Fransanın neokolonial siyasətinin sərt şəkildə pisləndiyi vurğulanıb. Yazıda dövlətimizin başçısının müraciətindəki “Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoymuşdur” fikri sitat gətirilib.
KİV-lərdə yayımlanan xəbərlərdə konfrans çərçivəsində açılan sərgidə Fransanın onilliklər ərzində neokolonializm siyasəti həyata keçirdiyi ölkələrdə insan hüquqlarını kobud şəkildə pozmasını, həmin xalqlara qarşı törətdiyi vəhşilik və soyqırımlarını əks etdirən fotoşəkillərin nümayiş olunduğu bildirilib.