Neokolonializm: insan hüquqlarının pozulması və ədalətsizlik

post-img

Fransa müstəmləkəsinə çevirdiyi ölkələrin hüquqlarını kobud şəkildə pozmaqdadır

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə oktyabrın 20-də Bakıda “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfrans keçirilib.

Azərbaycan Prezidentinin köməkçi­si – Prezident Administrasiyasının Xa­rici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respub­likasının Prezidenti İlham Əliyevin kon­frans iştirakçılarına müraciətini oxu­yub (Müraciətin mətni qəzetin bugünkü nömrəsində dərc olunub).

Bakı Təşəbbüs Qrupunun icraçı di­rektoru Abbas Abbasovun moderator­luğu ilə keçirilən konfransda qurumun fəaliyyətinə və kolonializmlə müba­rizəyə dair hazırlanmış videoçarx təq­dim edilib.

Videoçarxın nümayişindən son­ra konfransda çıxış edən AzərbaycanRespublikasının insan hüquqları üzrəmüvəkkili (ombudsman) Səbinə Əliyeva bildirib ki, hazırda dünyanın müxtəlif bölgələrində müstəmləkəçilik problemi ilə üzləşmiş bir sıra dövlət­lər hələ də öz azadlıqları və ədalətin bərpası uğrunda mübarizə aparmaqda davam edir. Təəssüf doğuran məqam odur ki, beynəlxalq təşkilatlar və bütöv­lükdə dünya ictimaiyyəti bu ədalətsiz davranışa, insan hüquqlarının kütlə­vi pozulması hallarına biganə qalır. Belə ikili standartlardan əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır.

“Əfsuslar olsun ki, özünü demokratiya­nın beşiyi hesab etməsinə baxmayaraq, neokolonializm siyasəti həyata keçirən Fransa kimi ölkələr uzun illərdir beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümum­bəşəri prinsiplərinə hörmətsizlik nümayiş etdirərək insan hüquqlarını kobud şəkildə pozmaqda, xalqlar arasında barışın əldə olunmasına, sülh və əmin-amanlıq mühi­tinin yaranmasına mane olmaqda davam edir. 

Göründüyü kimi, tarix boyunca bu mənfur siyasətindən əl çəkməyən dövlət­lər nəinki müstəmləkəsi altında saxladığı dövlətlərin xalqlarının, hətta öz vətəndaş­larının da fundamental hüquq və azad­lıqlarını pozanlar bu gün özünü dünyaya insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edirlər”, – deyə S.Əliyeva bildirib.

Ombudsman qeyd edib ki, Afrikada, Yaxın və Uzaq Şərqdə həyata keçirilən neokolonializm siyasəti milyonlarla gü­nahsız insanın yaşamaq, azadlıq və sər­bəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması kimi əsas insan hüquqlarının kobud şəkildə pozulmasına səbəb olub. 

Müvəkkilin sözlərinə görə, Ermənista­nın Azərbaycana qarşı apardığı işğalçılıq, terror və etnik zəmində nifrət siyasətini açıq şəkildə dəstəkləməklə beynəlxalq hüququn norma və prinsiplərinə qarşı çıxan Fransa son zamanlar ölkəmizin əleyhinə qərəzli və qəbuledilməz siyasəti­ni daha da gücləndirib. Bölgədə nüfuz sa­hibinə çevrilmək üçün həyata keçirilən bu siyasət ədalətli sülhün və sabitliyin bərqə­rar olmasına deyil, əksinə, iki qonşu xalq arasında düşmənçilik hisslərinin alovlan­masına, yeni süni münaqişə ocaqlarının yaradılmasına və beləliklə Cənubi Qafqaz regionunda dayanıqlı sülh quruculuğu pro­sesinə təhdid törətməyə xidmət edir.

Qvadelupanın Azadlıq uğrunda Xalq Birliyinin üzvü Jan-Jakob Bisep bildirib ki, ölkəsində müstəqillik tərəfdaşı olan qruplar Fransa tərəfindən öldürülür və on­ların sayı əhaliyə açıqlanmır. Qvadelupa əhalisinin dörd əsrdir Fransanın əsarəti altında yaşadığını vurğulayan Jan-Jakob Bisep deyib: “Biz artıq tam suveren ölkə olmaq istəyirik. Qvadelupa əhalisi Fransa­ya qarşı illərlə mübarizə aparan qəhrəman millətdir. Biz torpaqlarımız üçün mübarizə aparırıq. Qvadelupa gəncləri Fransanın göndərdiyi müəllimlərdən dərs alırlar. On­lar öz kitablarında bizim dilimizi, tariximizi, mədəniyyətimizi təhrif edir, gənclərimizə Fransa tarixini və dilini öyrədirlər. Həmin gənclər daha sonra işləmək üçün Fran­sanın müəyyən etdiyi yerlərə gedirlər. Xalqımız bu haqsızlıqlarla daim mübarizə aparıb. Böyük dövlətlər Karib hövzəsin­də insan hüquqlarını əzərək öz güclərini nümayiş etdirirlər. Karibdə sülh yenidən bərqərar olmalıdır”.

Martinikanın Azadlıq Partiyasının nü­mayəndəsi Lyuk Frensis Kerol ölkəsinin təbii sərvətlərinin talan olunduğunu və 90 faizinin Fransaya və digər ölkələrə apa­rıldığını vurğulayıb. “Kənd təsərrüfatı si­yasəti elə qurulub ki, biz sərbəst hərəkət edə bilməyək. Müstəmləkəçilik mədəniy­yət sahəsinə də təsir edir. Biz istəyirik ki, dilimiz fransız dili ilə eyni səviyyədə rəsmi dil olsun. Onlar bundan imtina edirlər. Biz, eyni zamanda, istəyirik ki, Fransa ədalət qarşısında cavab versin. Biz müstəqillik əldə etmək istəyirik. Afrikanın azad olun­ması bütün dünyanın diqqətində olmalıdır. Afrika diasporu fəal işləməlidir”, – deyə Lyuk Frensis Kerol əlavə edib.

Fransız Qvianasının Sosial Azadlığı və Dekolonizasiya naminə Hərəkatın siyasi bürosunun üzvü Moris Pindard ölkəsinin Fransanın müstəmləkəçilik siyasəti nəti­cəsində maliyyə və iqtisadi cəhətdən ası­lı vəziyyətə salındığını söyləyib. Ölkədə qızıl mədənlərinin talan edildiyini, qızılın çıxarılaraq Fransaya daşındığını deyən M.Pindard bildirib: “Qızılın hasilatı prosesin­də çaylarımız çirklənir, təbiətimiz zərər gö­rür. Fransa şirkətləri meşələrimizdən, təbii resurslarımızdan istifadə edir. Bizim üçün öz ölkəmizdə heç bir gəlir yoxdur. Həmçi­nin təhsil və mədəniyyət sahələrində də dominantlıq var. Dərslər Fransa dərslikləri vasitəsilə keçilir. Onlar bizi xalq kimi qəbul etmir, hüquqlarımız tapdanır. Biz buna qəti şəkildə etiraz edirik”. 

Konfransda çıxış edən Fransız Poli­neziyası Assambleyasının üzvü Heinui Robert le Caill uzun illərdir Fransanın müstəmləkəsi altında olan ölkəsindəki və­ziyyətdən bəhs edib. Diqqətə çatdırıb ki, Polineziya və Azərbaycan xalqlarının tale­yi bir-birinə bənzəyir. Hər iki xalq uzun illər ədalətsizliyə qarşı mübarizə aparıb. Lakin bizim əsas fərqimiz Polineziya xalqının hələ də bu problemdən əziyyət çəkməsidir.

“Fransa ölkəmizin adını dəyişərək Fransız Polineziyası adlandırır. O, hər kəsin maraq dairəsində olan Sakit Okean hövzəsindən uzaqlaşmaq istəmir. Məhz bu səbəbdən həmin bölgədə yaşayan xalqlara münasibətdə müstəmləkəçilik si­yasəti həyata keçirir. Fransa təbii resursla­rımızı istismar edir. Yerli əhalini kömür və qazın çıxarılması kimi ağır işlərdə çox az məvacib müqabilində işlədir. Fransa Poli­neziyanın kömür və qazından hər il 25 mil­yard dollar qazanır. Öz qazının 70 faizini müstəmləkə altında saxladığı ölkələrdən əldə edir. Müstəqillik tərəfdarı olan qrup­ların üzvləri Fransa tərəfindən həbs edilir. Hər ay minlərlə polineziyalı gənc Fran­sa ordusuna çağırılır və onlar Fransanın müstəmləkəçilik siyasətinin həyata keçiril­məsi yolunda həlak olurlar. Biz haqqımız olan suverenliyi tələb edirik”, – deyə Hei­nui Robert le Caill vurğulayıb.

Kanak Birliyinin təmsilçisi Davi Niko­las Bolo çıxışında Kaledoniyanın hələ də Fransanın müstəmləkəsi olduğunu xatır­ladıb. Xalqının çox böyük ədalətsizliklərlə üzləşdiyini qeyd edən qonaq bildirib: “Bi­zim azadlıqla bağlı aktual problemlərimiz təəssüf ki, hələ də davam edir. Fransa yerli xalqların torpaqlarını əllərindən alır, əhalini isə sürgün edir. Müstəmləkələrdə fəal ictimai şəxslər öldürülür. Xalqımıza qarşı qeyri-qanuni siyasət aparılır. Təbii sərvətlərlə zəngin ölkə olsaq da, əhalinin yoxsulluq səviyyəsi xeyli yuxarıdır. Fransa Kaledoniyanı maliyyə asılılığı olan böl­gəyə çevirib. Beynəlxalq platformalar 200 ilə yaxın müddətdə Fransanın davam et­dirdiyi absurd müstəmləkə siyasətinə hələ də susur”.

Korsika adasının Poggio-di-Vena­co şəhərinin meri Jan-Mark Rodriguez müqavimətin Korsika xalqını təsvir edən ən açıq ifadə olduğunu söyləyib. Fransa­nın illər boyu Korsikanı müstəmləkə altın­da saxlayaraq burada cinayətlər törətdiyi­ni, müstəqillik istəyənlərin həbs edildiyini, ya da öldürüldüyünü söyləyən Jan-Mark Rodriguez deyib: “Mənim Vətənimdə azadlıq üçün cəsarətlə mübarizə aparan qəhrəmanlar var. Ancaq həmin şəxslə­rin adları bizim tarix kitablarımıza əlavə olunmayıb. Fransa öz koloniyalarında xalqların dilini, mədəniyyətini unutdurmaq, millətçilik hisslərimizi məhv etmək istəyir. Repressiyalar Korsika xalqı üçün adi hala çevrilib. Fransa illər boyu bizə yalan vədlər versə də, Korsikada hakimiyyətə sadəcə Fransanın müəyyən etdiyi adamlar gəlir. Səsvermə və demokratiya Fransanın uzaq olduğu anlayışlardır. Bütün beynəlxalq təşkilatlardan Korsikanın suverenliyinin təmin olunması üçün kömək istəyirik”.

Müstəqil Martinika naminə ekoloqlar və demokratlar hərəkatının sədr müavini Klaudette Duhamel deyib ki, Fransa­nın müstəmləkəçilik siyasəti ən ağır, qa­niçən siyasətdir: “Onlar bizim ruhumuzu, adət-ənənələrimizi əlimizdən alıblar. Bizi boş qutu kimi öz maraqlarına uyğun is­tifadə edirlər. Əcdadlarımızın yaratdığı mədəni irsimizi əlimizdən aldılar. Sadəcə, mədəniyyətimizi deyil, insani keyfiyyət­lərimizə də zərər yetirdilər. Hətta kənd təsərrüfatımızı belə məhv etdilər, ekosis­temimizə zərbə vurdular. Bir sözlə, bizim həyatımıza, yaşayışımıza zərər yetirirlər. Bu, dəhşətdir. Əhalinin 90 faizini zəhərlə­dilər, xərçəng xəstəliyinin geniş yayılması­na səbəb oldular. Həkimlər belə bu barədə danışa bilmirdilər, Fransa imkan vermirdi. Bu vəziyyət Fransanı qətiyyən maraq­landırmır. Onları maraqlandıran yeganə məsələ çoxlu gəlir əldə etməkdir. Onlara görə, qaradərililərin əşyadan fərqi yoxdur, söz haqqımız yoxdur”.

Azərbaycan Prezidentinin köməkçisi –Prezident Administrasiyasının Xarici si­yasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev konfransda çıxış edərək bildirib ki, Avropanın bəzi ölkələri kolonializm si­yasətini bu gün də davam etdirir. Onlar, eyni zamanda, hərbi gücdən istifadə edir­lər. “Biz bu gün kolonializmlə bağlı müba­rizədə çoxlu fikirlər eşitdik. Azərbaycan olaraq, öz səylərimizi, mübarizəmizi və siyasi azadlıq ambisiyalarımızı davam etdirəcəyik. Burada səsləndirilən fikirləri BMT və digər beynəlxalq təşkilatlar səviy­yəsində qaldıracağıq. Bizim ölkəmiz uzun illər müstəqillikdən məhrum olmuşdu. Biz dövlət olaraq işğalın nə olduğunu bilirik”, – deyə Hikmət Hacıyev vurğulayıb.

Fransız Qvianasının Sosial Azadlığı və Dekolonizasiya naminə Hərəkatın siyasi bürosunun digər üzvləri Hektor Pindard və Sindi Polluks ölkələrində gənclərin müstəmləkəçiliyin təsiri altında olduğunu söyləyiblər. Bildirilib ki, bu, ilk növbədə, onların təhsilinə təsir edir. Məktəblərdə Avropa və fransız təhsili tədris olunur, on­ların mədəniyyəti öyrədilir. Ana dilini öy­rənmək üçün ciddi çətinliklər var. Gəncləri milli mənsubiyyətlərindən uzaqlaşdırmağa çalışırlar. Onların təhsil səviyyəsi özünü­dərk üçün kifayət deyil.

Fransanın Əlcəzairdə törətdiyi soyqı­rımından danışan Əlcəzairin Ali təhsil və elmi tədqiqatlar nazirinin müşaviri You­sef Houri bildirib ki, fransızlar 1945-ci ilin martında 45 min əlcəzairlini, 1952-ci ildə Konstantin şəhərində 230 nəfəri qətlə ye­tiriblər. 1961-ci ildə Parisdə 300 əlcəzairli qətlə yetirilib. Soyqırımı uşaqlara, qadın­lara, qocalara, bütünlükdə hər kəsə qarşı həyata keçirilirdi. Fransa bütün qadağan olunmuş silahlardan istifadə edərək Əl­cəzair xalqına qarşı soyqırımı həyata ke­çirib”.

Tədbirdə Kaledoniya Birliyi Partiyası­nın baş katibinin müavini David Vanabo, Yeni Kaledoniya parlamentinin üzvü İza­belle Serai Kalori ep Bearuni, Yeni Kale­doniyanın Lifu icma bələdiyyəsinin müşa­viri Kayzi Pyer çıxışlarında Fransanın 170 ildir davam etdirdiyi işğala son qoyulması­nın vaxtı çatdığını bildiriblər. 

Azərbaycanlı tədqiqatçı Kəmalə Mu­radova, Efiopiyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatının (QHT) rəhbəri Hebron Fekadu Gebre, Mərakeşdən olan elmi tədqiqatçı Hadica Butkili, Keniya­dan QHT rəhbəri Kristiene Yakhama və digərləri çıxışlarında Fransanın müstəm­ləkəsi altında olan ölkələrdə həyata keçir­diyi etnik təmizləmə, insan haqlarının cid­di şəkildə pozulması faktlarından danışıb, rəsmi Parisin bu cinayətlərə və zülmlərə görə cavab verməli olduğunu qeyd ediblər. 

Sonda “Neokolonializm: İnsan Hüquq­larının Pozulması və Ədalətsizlik” mövzu­sunda beynəlxalq konfransın iştirakçıları­nın adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Müraciətdə Qoşulmama Hərəkatı­nın sədri statusunda Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına səmimi və mehriban qonaqpərvərliyə görə konfransın iştirakçı­larının dərin minnətdarlığı ifadə olunub. 

Konfrans iştirakçıları Azərbaycan Pre­zidenti İlham Əliyevin müraciətini yüksək qiymətləndirərək, ədalət və azadlıq uğrun­da apardıqları haqlı mübarizədə göstərdiyi ardıcıl dəstəyə görə dövlətimizin başçısı­na təşəkkür ediblər.

Həmçinin Azərbaycanın Qoşulmama Hərəkatının təməl prinsiplərinə, habelə beynəlxalq hüququn norma və prinsiplə­rinə, eləcə də BMT Nizamnaməsində təs­bit olunan məqsəd və prinsiplərə sadiqliyi yüksək səviyyədə təqdir olunub.

Konfrans iştirakçıları Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə gördüyü işləri, irəli sürdüyü təşəbbüsləri və təsisatın fəaliyyətinin genişləndirilmə­si, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımları, xüsusilə kolonializmə qarşı mübarizədə qətiyyətli mövqeyini alqışlayıblar. 

Eləcə də Azərbaycanın ədalətli bey­nəlxalq nizama əsaslanan dünya düzəni­nin bərqərar olması istiqamətindəki səy­ləri təqdir olunub. Bu baxımdan 2023-cü ilin iyulunda dekolonizasiya üzrə “Bakı Prosesi”nin təməlinin qoyulması, bu pro­ses çərçivəsində qısa müddətdə mötəbər tədbirlərin keçirilməsinin dekolonizasiya üzrə səmərəli işin aparılmasına, ədalət səsimizin beynəlxalq ictimaiyyətin diqqə­tinə çatdırılmasına verdiyi töhfə yüksək qiymətləndirilib. 

“Biz əminik ki, birgə apardığımız haqlı mübarizə və bu xüsusda dünya ictima­iyyətinin artan tələbləri dekolonializmlə bağlı zəruri addımların atılmasına və təbii haqqımız olan hüquq və azadlıqlarımızın təmin edilməsinə kömək edəcək.

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə bu ilin iyulunda Bakıda və sentyabrın­da Nyu-Yorkda keçirilmiş tədbirlərin ye­kun sənədlərində əksini tapmış prinsipial mövqelərimizin doğruluğunu və aktuallığı­nı təsdiqləyirik”, – deyə müraciətdə bildi­rilib.





















Siyasət