Ölkəmiz Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəkləyir

post-img

Oktyabrın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə işgüzar səfəri çərçivəsində İsrail–Fələstin münaqişə zonasında baş verən son hadisələrlə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında iştirak və çıxış edib.

İclasda bölgədəki təhlükəsizlik vəziyyətinin ciddi şəkildə pisləşməsi ilə nəticələnən son hadisələrin narahatlıq doğurduğunu bildirən nazir Ceyhun Bayramov ölkəmizin hərbi əməliyyatların və eskalasiyanın dayandırılmasına çağırış etdiyini diqqətə çatdırıb.

İslam həmrəyliyinə hər zaman sadiq qalan ölkəmizin Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəklədiyini qeyd edən nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq hüququn normaları, habelə müvafiq BMT qətnamələrinə uyğun olaraq İsrail–Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdar olduğunu qeyd edib.

Ceyhun Bayramov ölkəmizin fələstinli qaçqınlara dəstək məqsədilə BMT-nin Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar maliyyə töhfəsi verdiyini diqqətə çatdırıb.

Xüsusilə, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə ölkəmizin Fələstin probleminə xüsusi diqqət yetirdiyi, bu xüsusda Hərəkatın Fələstin üzrə Nazirlər Komitəsinin işinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərdiyi bildirilib.

Nazir Ceyhun Bayramov bundan sonra da Fələstin probleminin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə nail olmaq üçün səylərimizi davam etdirəcəyimizi bildirib.

***

Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin   xarici işlər naziri Hakan Fidanla da görüşüb.

Görüşdə ikitərəfli strateji müttəfiqlik münasibətlərinin gündəliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsə-
lələri, regionda baş verən son proseslər, eləcə də Azərbaycan–Ermənistan arasında sülh gündəliyinin perspektivləri müzakirə olunub.

***

Xarici işlər naziri Ceyhun Bayramov dünən Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Xəlifə Şahin Əlmarar ilə də görüşüb.

Görüşdə tərəflər arasında Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli və çoxtərəfli müstəvidə mövcud əməkdaşlıq gündəliyi, energetika və iqtisadi sahədə əməkdaşlıq məsələləri, İsrail–Fələstin münaqişə zonasında baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

***

Dünən  xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə də görüşüb.

Görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, çoxtərəfli regional əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Son zamanlar iki ölkə arasında artan ikitərəfli təmasların, ikitərəfli iqtisadi komissiya çərçivəsində keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olunub. Bu təmasların ölkələrimiz arasında gündəlikdə duran bəzi məsələlərin həlli üçün də vacib olduğu bildirilib.

XQ

 

Siyasət