Bu, həmin Aqanbekyandır ki…

post-img

Fransa isə 36 ildən sonra da separatçılara “züy tutur”

Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra etdiyi çıxışında çox mühüm məsələlərə toxundu. Dövlətimizin başçısı Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tarixindən bəhs edərək bildirdi ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilərə qarşı heç bir ayrı-seçkilik olmayıb: “Bu sözlərimi təsdiq etmək üçün bir misal gətirə bilərəm, o vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin doqquz nəfərdən ibarət büro üzvü var idi. Onlardan səkkizi erməni, biri azərbaycanlı idi, o da Şuşa Şəhər Partiya Komitəsinin birinci katibi. Yaxşı, əgər ayrı-seçkilik var idisə, onda bax, gətirdiyim misal nəyi göstərir? Birinci katib erməni, icraiyyə komitəsinin sədri erməni, bütün digər vəzifəli şəxslər, burada heç bir ayrı-seçkilik yox idi”.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanda erməni dilində qə­zet çap olunurdu: “Yəni, o illərdə olub və bilirsiniz biz o illəri də kənara qoya bilmərik. Əksinə, o illəri xatırlayanlar o xatirələri gənc nəsillə bölüşsünlər. Çünki o olub, ancaq sonra nə olub? 1987-ci ildə Heydər Əliyev öz vəzifə­sindən kənarlaşdırıldı, Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvlüyündən çıxarıldı. SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifə­sindən də çıxarılmışdı. İki həftə keç­məmiş erməni millətçiləri məsələ qal­dırmışdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan Ermənistana verilsin. Bunu da qaldıran Moskvada oturan erməni millətçisi idi. Bu məsələ harada qaldırıldı? Fransanın bir qə­zetində, yenə Fransa. Yəni, bu gün o tarixə qayıdarkən və o hadisələri təhlil edərkən bir daha görürsən ki, heç bir şey təsadüfi olmayıb”.

Dövlətimizin başçısının nəzərdə tutduğu – DQMV-nin Azərbaycan­dan ayrılaraq Ermənistana verilməsi məsələsini qaldıran, münaqişəni qızış­dıran şəxs Abel Aqanbekyandır. Bu hə­min Aqanbekyandır ki, 1985-1991-ci il­lərdə – “yenidənqurma” dövründə Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaço­vun iqtisadi məsələlər üzrə müşaviri işləyib. SSRİ Elmlər Akademiyasının akademiki olub.

Prezident İlham Əliyevin qeyd etdi­yi Fransa qəzeti isə həmin ölkədə çap olunan “Humanite” qəzetidir. 1987-ci ilin noyabrın 18-də “Humanite” qəzetin­də A.Aqanbekyanın müsahibəsi dərc olunub. Başabəla müşavir–akademik həmin müsahibədə deyib: “Mən Qara­bağın Ermənistanın tərkibində olma­ğını istəyirəm. Bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən Ermənistana daha çox bağlıdır, nəinki Azərbaycana”.

Onu da qeyd edək ki, gündəlik nəşr olunan “Humanite” qəzeti Fransa Kom­munist Partiyasının orqanı olub və er­məni diasporuna xüsusi simpatiyası ilə seçilib.

***

Prezident İlham Əliyev separatçı­ların qurduğu oyuncaq rejimin “rəhbər şəxslərinin” iş yerləri olmuş, hazırda üzərində Azərbaycanın Dövlət Gerbi, qarşısında isə Dövlət Bayrağının ucal­dığı binanı göstərərək bildirdi ki, bu bina keçən əsrin 60-cı illərində Azər­baycan büdcəsi hesabına inşa edil­mişdir: “O vaxt Dağlıq Qarabağ Mux­tar Vilayəti Partiya Komitəsinin binası idi. Bu binada bir çox şəxslər oturub. Vaxt var idi burada azərbaycanlılarla ermənilər dostluq şəraitində yaşamış­lar. Vaxt var idi nəinki Xankəndidə, Qa­rabağda, Bakıda, Gəncədə, İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Basarkeçərdə azərbaycanlılar və er­mənilər dostluq şəraitində yaşamışlar. Mən o illəri xatırlayıram və xüsusilə Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüv­vələr tamamilə kənara çəkilmişdi. Düz 18 il. 1969-cu ildən 1982-ci ilə qədər bir dənə də xoşagəlməz hala rast gə­linməmişdi. Mən xatırlayıram, atamla birlikdə burada olmuşam. O ab-havanı mən xatırlayıram. Burada, sözün əsl mənasında, səmimi bir ab-hava şəra­itində təmaslar var idi, birgə işlər gö­rülürdü. Bu gün Sərsəng su anbarının üzərində Azərbaycan Bayrağını qaldır­dıq. Heydər Əliyevin təşəbbüsü ilə böl­gənin, kənd təsərrüfatının inkişafı üçün 1976-cı ildə Sərsəng su anbarı, Suqo­vuşan su anbarı inşa edilmişdir. O vaxt nə qədər böyük investisiyalar qoyul­muşdu. Ağdamdan Xankəndiyə dəmir yolu çəkildi, burada ali məktəb yaradıl­dı və Xankəndidə gördüyünüz binala­rın mütləq əksəriyyəti məhz o illərdə inşa edilmişdir. Kənd təsərrüfatı inkişaf edirdi. O vaxt təkcə keçmiş Dağlıq Qa­rabağ Muxtar Vilayəti 100 min tondan çox üzüm tədarük edirdi. Bütün bunlar o vaxt kolxozlarda, sovxozlarda iş­ləyənlər üçün gəlir mənbəyi idi, insan­lar burada yaxşı yaşayırdılar”.

Bəli, o dövrün statistik rəqəmlərinə baxdıqda, DQMV-də iqtisadi göstəri­cilərin həqiqətən də yüksək olduğunu görmək mümkündür. Təəssüf ki, vi­layətdə situasiya kəskinləşəndən son­ra münaqişənin səbəbinin Qarabağın sosial-iqtisadi sferada geri qalması və hətta, keçmiş DQMV-nin problemlə­rinə, onun əhalisinə, guya, respublika rəhbərliyi tərəfindən qeyri-düzgün mü­nasibət bəslənməsi barədə fikirlər pey­da oldu. Halbuki, sosial-iqtisadi inkişaf baxımından DQMV Azərbaycan və Er­mənistanın orta respublika göstəricilə­rini keçmişdi. Vilayətin iqtisadiyyatı tam olaraq məhz Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə inkişaf etdirilib. Vilayətin mərkəzinədək dəmir yolu çəkilib, Xankəndidə vağzal inşa olunub, yeni hava limanı tikilib. Böyük müəssisələr yaradılıb: ayaqqabı fabriki, elektrotexnik zavodu, elektron sənaye üçün kondensatorlar zavodu, kənd təsərrüfatı üçün maşınlar isteh­salı və digərləri. Kənd təsərrüfatı sahə­sində də əhəmiyyətli tədbirlər görülüb.

İki böyük su anbarı (Sərsəng və Suqovuşan) və su elektrik stansiyası, suvarma kanalları inşa edilib. Bu da Tərtər, Goranboy, Yevlax, Bərdə, Ağ­dam və Ağcabədi rayonlarının su təc­hizatını xeyli yaxşılaşdırıb.

Üzüm istehsalı 1970-ci illərin əv­vəllərindəki 50-60 min tondan 1980-ci ildə 120-130 min tona yüksəlib. Hey­vandarlıq istehsalı, demək olar ki, iki dəfə artıb. 170 min nəfər əhalisi olan kiçik vilayət üçün bu, az deyildi. Sosi­al-mədəni sahədə də çox işlər görülüb. Xankəndidə Pedaqoji İnstitut yaradılıb. Yaşayış evləri, məktəblər, poliklinikalar tikilib. Dram Teatrı yenidən qurulub və yeni avadanlıqlarla təchiz edilib. Bö­yük bir Siyasi Maarif evi tikilib, yeni abidələr açılıb... Əlbəttə, görülən işlər bununla yekunlaşmır. Siyahını daha da uzatmaq olar. Ancaq erməni xalqı­nın A.Aqanbekyan, Zori Balayan, Silva Kaputikyan kimi “ziyalı”ları bunları gör­mək istəmədilər. Onlar iki xalq arasın­da nifaq toxumu səpdilər. Erməni xalqı da onların xəstə təxəyyülünün məh­sulu olan “böyük Ermənistan” mifinin əsirinə çevrildi. Nəticədə, separatçılar Azərbaycanda mərkəzi hakimiyyə­tin zəifliyindən, səriştəsizliyindən və acizliyindən istifadə edərək keçmiş DQMV-ni və ona bitişik 7 rayonumuzu işğal etdilər.

Ancaq Azərbaycan xalqı işğalla barışmadı. Gücləndi və 2020-ci ildə 44 günlük Vətən müharibəsi apararaq torpaqlarını azad etdi. 2020-ci il sen-tyabrın 19-20-də keçirilən lokal antiter­ror tədbirləri nəticəsində isə separatçı­ların nəzarət etdikləri digər ərazilər də təmizləndi. Nəhayət, oktyabrın 15-də həmin ərazilərdə, o cümlədən Xankən­di şəhərində Azərbaycan Bayrağı ucal­dıldı.

İndi Ermənistandakı revanşistlər yenə vurnuxurlar. Xarici havadarla­rının, əsasən Fransanın yardımı ilə nəsə etməyə çalışırlar. Bu yaxınlarda Ermənistanın “Demokratik konsolidasi­ya” partiyasının sədri Suren Petrosyan “Artsaxın qorunması komitəsi” yara­dıb. Deyib ki, məqsəd “Artsaxın və qu­rumları”nın qorunmasıdır. Onların bu hərəkəti yalnız acı gülüş doğurur.

Oktyabrın 16-da isə Ermənistan baş naziri Nikol Paşinyan Fransanın Strasburq şəhərinə işgüzar səfərə gedib. Oktyabrın 17-də onun Avropa Parlamentində çıxışı olacaq. Bu, hə­min Avropa Parlamentidir ki, oktyabrın 5-də ölkəmizlə bağlı bədnam qətnamə qəbul edib. Eyni zamanda, bu, həmin Abel Aqanbekyan, bu, həmin Fransa, bu, həmin fransız mediasıdır. Uğursuz­luğa düçar olmalarına baxmayaraq, yenə də öz əməllərindən qalmırlar. Ancaq Ermənistanda və ondan uzaq­da revanş haqqında düşünən qüvvələr Prezident İlham Əliyevin təbirincə desək, Vətən müharibəsini, antiterror tədbirlərini unutmamalıdırlar. Onlar, nəhayət, son hadisələrdən dərs götür­məlidirlər.

Rizvan HÜSEYNOV,
Qafqaz Tarixi Mərkəzinin direktoru

– Erməni layihəsinin arxasında dayanan qüvvələrdən biri də elə Fransa və bəzi katolik mərkəzlər­dir. Fransa həmişə erməni dini ic­malarının vasitəsilə istər Osmanlı, istər Səfəvilər, sonra Qacarlar döv­ləti ərazisində, yaxud Qafqazda öz maraqlarını təmin etməyə çalışırdı. Fitnə-fəsadı da həmin erməni ic­malarının əli ilə törədirdi. “Böyük Ermənistan” nağılının arxasında da bəzi Fransa ideoloji mərkəzləri dayanır. Həmin ideologiyanın for­malaşması XVIII-XIX əsrlərə təsadüf edir. Burada Fransanın müstəsna rolu var. Fransızlar orta əsrlərdə “səlib yürüşləri” zamanı öz maraq­ları üçün Yaxın Şərqdəki erməni ic­malarından istifadə ediblər. Erməni icmaları onlara “səlib yürüşləri” zamanı böyük dəstək veriblər. Ona görə də fransızlarla ermənilər ara­sında ənənəvi çoxəsrlik isti müna­sibətlər var.

Fransa SSRİ-nin dağılması ərəfəsində “erməni kartı”ndan is­tifadə etdi. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Aqanbek­yanın Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənista­nın tərkibinə verilməsinin iqtisadi cəhətdən düzgün olmasına dair fikirləri isə acı gülüş doğurur. İqti­sadçı olan Aqanbekyan ağ yalan danışırdı. O, illər sonra jurnalistə səhv fikirdə olduğunu bildirmişdi. Qarabağ ermənilərinin düşdükləri rəzil vəziyyətdə Aqanbekyan ki­miləri birbaşa məsuliyyət daşıyırlar. Həmin bu şəxslər Fransanın və di­gərlərinin dəstəyi ilə hər şeyi etdilər ki, Qarabağ erməniləri və ümumən ermənilər indiki rəzaləti yaşasınlar.

Qarabağa ən böyük və qanlı ter­ror dəstəsini gətirən də Fransada həbsdən azad edilən Monte Mel­konyandır. Bu beynəlxalq terrorçu 1980-ci illərdə Orli aeroportunda terror aktları törədərək elə fransız­ları qətlə yetirmişdi. Həmin terror aktında məqsəd türk diplomatlarını öldürmək idi, ancaq nəticədə fran­sızlar da həlak oldular. O, cəza çək­məsinə baxmayaraq, Qarabağ mü­naqişəsinin qanlı fazası başlayan kimi Fransa rəhbərliyi onu həbsdən buraxdı. O, Yaxın Şərqdən olan bir qrup qanlı terrorçu dəstə ilə sovet vaxtı Ermənistana, oradan da Qa­rabağa gəldi. Ona görə də Fransa Azərbaycan xalqının başına gələn bu fəlakətlərdə müstəsna rol oyna­yıb. Bu gün də Paris bu murdar si­yasətindən əl çəkmir. Şübhə yoxdur ki, onların Qarabağda, Ermənistan­da olan əlaltıları cəzalarını aldıqları kimi, özləri də cəzalarına çatacaq­lar.

Səxavət HƏMİD
XQ



Siyasət