Roma papası hayların papası imiş

post-img

II Fransiskin avantürizmə haqq qazandırması nə saçına yaraşır, nə də xaçına

Əslində, Roma papası II Fransiskin ermənipərəstliyi ilk baxışdan təəc­cüblü deyil. Onun əvvəllər də indikinə oxşar qəbuledilməz fikirlər söylə­diyinin şahidi olmuşuq. Təəssüf etmişik ki, belə ali səviyyəli din xadimi necə bu qədər avantürist mövqe tuta bilər? Ola bilər, tutduğu mövqenin fərqində deyil. Nə deyək? Ancaq deyilməli, diqqətə çatdırılmalı bir sıra məqamlar var. 

Həqiqətən, Roma papasının ermə­ni avantürizmini, belə demək müm­künsə, leqallaşdırmağa çalışması qəribədir. Hər halda, o, Müqəddəs Pyotr meydanına toplaşmış zəvvarlara müraciətində İsraildə və Qəzza sekto­runda baş verən hadisələrə münasibət bildirməklə yanaşı, Qarabağdakı və­ziyyətdən narahatlığını başqa cür dilə gətirə, məsələyə sırf humanizm nöq­teyi-nəzərdən yanaşa bilərdi. Amma yanaşmadı və dedi: “Məni Qarabağda baş verənlər də az narahat etmir. Zora­kı köçürülmədən sonra, bunun özünü də qəbul etmək çox çətindir, bölgədə qalan məbəd və dini yerlərin qorunma­sına çağırıram”.

Əlbəttə, ümumən papanın Qara­bağda baş verənlərdən narahat olması mümkündür. Yəni, buna görə heç bir iradımız yoxdur. Ancaq onun bölgə­nin erməni əhalisinə qarşı zor tətbiq edildiyini vurğulaması yolverilməzdir. Nəzərə alaq ki, hazırda Ermənistan hakimiyyəti, o cümlədən xaricdəki er­məni lobbi və diaspor təşkilatları öz­lərinin anti-Azərbaycan ritorikalarına “etnik təmizləmə” və sair bu sayaq de­yimləri daxil ediblər. Yəni, II Fransiskin çıxışına qədər də bu deyimlər “dəbdə” idi. Görünür, həlledici nöqtəni papa özü qoymaq qərarına gəlib. Əlbəttə, qərarı çox yanlışdır.

Ona görə ki, II Fransisk Azərbaycan dövlətinin ona xoş münasibətini bilmə­miş deyil. O, Qarabağdakı erməni dini abidələrinin qorunmasından danışırsa, məsələ burasındadır ki, hazırda Er­mənistan dövlətinin dünyada qopardı­ğı haray-həşirdə də başlıca motiv elə budur. Guya, Azərbaycan bölgədəki erməni mirasını yerlə-yeksan edəcək və sair və ilaxır. Deməli, nəticəyə gəli­rik ki, papa belə əsassız fikirlərin dün­yada daha çox reaksiya doğurmasına dəstək verirmiş kimi davranır. Halbuki o, ən azı 2016-cı ildə Bakıya səfərini xatırlamalı idi. Azərbaycanın dinlərara­sı, mədəniyyətlərarası münasibətlərin möhkəmləndirilməsi, multikulturalizm, tolerantlıq ənənələrinin təşviqi baxı­mından dünya üçün bir nümunə oldu­ğunu da həmçinin. 

Yaxşı olardı ki, II Fransisk Bakı­da erməni kilsəsinin qorunduğunu da yada salardı. Ən başlıcası isə Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanın San Marçellinio və Pietro katakomba­larının əsaslı təmirini və bərpasını dü­şünməsi şərtdir. Axı, Azərbaycandan başqa hansısa digər müsəlman ölkə­sinin Vatikanın muzeylərinin təmirinə maliyyə yardımı ayırması nümunəsi yoxdur. Yəni, həm də buna görə papa­nın Azərbaycanın tarixi abidələrə hör­mətsizliyin deyil, ehtiramın nümunəsi olduğunu yada salaraq, faktiki olaraq, erməni avantürizminin musiqisinə “züy tutması” ona hörmət gətirmir.

***

Qeyd edək ki, II Fransisk 2016-cı ildə Ermənistanda səfərdə olarkən, 1915-ci ildə Osmanlı Türkiyəsində baş verənləri soyqırımı kimi qiymətləndir­məklə də gündəmə gəlmişdi. Həmin vaxt onun bu mövqeyi Türkiyə Cüm­huriyyəti tərəfindən sərt şəkildə qı­nanmışdı. Ölkəmizlə bağlı müstəviyə gəlincə də papanın indiyədək ermə­nilərin tərəfdarı qismində çıxış etmə­sini təsdiqləyən məqamlar yetərincə­dir. Götürək elə 44 günlük müharibə dönəmini. Bəli, anlayırıq ki, din xadimi müharibənin dayandırılmasına dair ça­ğırış səsləndirməlidir. 2020-ci ildə də belə etmişdi. Ancaq, nədənsə, həmin çağırışdan belə çıxmışdı ki, müharibə tərəfdarı olan Azərbaycandır, Ermənis­tan yox. 

***

Daha bir məqama diqqət yetirək. 2022-ci ilin dekabrında da Papa II Fransisk özünün erməni təəssübünü işə salmışdı. Təxminən belə: Laçın yo­lunu açın, ermənilər yazıqdı, qış möv­sümüdür filan. “Mən Cənubi Qafqazda Laçın dəhlizində yaranmış vəziyyətdən narahatam, xüsusilə qış mövsümündə əhalinin ağır humanitar vəziyyətindən narahatam”, – deyən baş kahin Cənubi Qafqaza yalnız, xütbəsini səsləndirdiyi balkon kimi dar müstəvidən baxmaqla kifayətlənmişdi. Halbuki, daha geniş yanaşmalı və məsələnin əsl mahiyyə­tini nəzərə almalı idi. 

Bəli, o zaman açıq görünmüşdü ki, II Fransisk Ermənistanın dünyaya car çəkdiyi dildə danışır. Bu isə təkcə xristi­an təəssübkeşliyi deyil, həm də ədalət­sizlikdir. Təsəvvür edin, papa 2022-ci ilin dekabrında humanitar fəlakətdən danışır, amma ekoloji fəlakət barədə susurdu. Fərqinə varmırdı ki, Qarabağ erməniləri də ekoloji fəlakətdən zərər görürlər. Olmazdımı ki, baş kahin bu­nunla bağlı çağırış edib deyəydi ki, insanların sağlam mühitdə yaşamaları şərtdir, ekoloji terror aradan qaldırılma­lıdır? Görünür, olmazmış...

Onu da bildirək ki, Roma papasının indiki erməni təəssübü onun ötənilkinə bir qədər fərqli rakusdan baxmağı zə­ruriləşdirməkdədir. Məlumdur ki, ötən il II Fransisk erməni katolikosu II Qa­reginlə həmrəylik nümayiş etdirmişdi. Birincinin ikinci ilə eyni vaxtda Qara­bağ ermənilərini düşünməsinə və on­ların taleləri ilə bağlı narahatlıq ifadə etmələrinə başqa cür yanaşmaq müm­kün deyildi.

Bəli, din çox həssas amildir. Üstəlik, Azərbaycanla Ermənistan arasındakı mübahisəli durumda bu həssaslığın nəzərə alınmaması təəssüf doğurur. Papanın istər Laçın yolu ilə bağlı ötə­nilki mövqeyi, istərsə də hazırda Qa­rabağ ermənilərinin bölgəni könüllü şəkildə tərk etmələrinə düzgün qiymət verməməsi elə təəssürat yarada bilər ki, sanki, müsəlman Azərbaycanı xristi­an erməniləri sıxışdırmaq yolunu tutur. Halbuki, məsələnin qoyuluşu heç də belə deyil.

Ə.RÜSTƏMOV
XQ

Siyasət