Prezident İlham Əliyevin Xankəndi səfəri dünya mediasında

post-img

Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndiyə, həmçinin Qarabağın digər rayon və şəhərlərinə səfəri, orada ölkəmizin üçrəngli bayrağını ucaltması və çıxışında səsləndirdiyi fikirlər dünya mediası tərəfindən geniş işıqlandırılıb. 

AZƏRTAC xəbər verir ki, Türkiyənin Anadolu Agent­liyi, “TRT Haber”, “NTV”, Haber Global, “Hürruyet”, “CNN türk”, “İHA”, “Sözcü”, “Habertürk”, “YeniAkit”, “Ye­niçağ”, “Sabah” və bir çox digər media qurumları tərə­findən yayımlanan xəbərlər “Xankəndidə Azərbaycan Bay­rağı ucaldıldı”, “Azərbaycan Prezidenti İlham Əliyev Azər­baycan Bayrağını Xankəndi­də və Xocalıda qaldırıb” kimi başlıqlarla verilib. 

“Sabah” portalının yay­dığı məlumatda Prezident İlham Əliyevə istinadla bildi­rilib: “Burada (Dağlıq Qara­bağ Muxtar Vilayətinin parti­ya komitəsinin binası – red.) oturmuş özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Bu binaların birində oturmuş, özünü “baş nazir” adlandıran bir adam görəsən bu gün­dəmi bizi hədələməyə cürət edəcək? Onun da çayı bu gün istintaq təcridxanasında verilir”. 

“Sözcü” qəzetində yer alan yazıda isə Azərbay­can Prezidentinin Xankən­di şəhərindəki çıxışından bu sitat gətirilib: “Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbay­can əsgəri, zabiti əsl qəh­rəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələ­rimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir”. 

Rusiyanın “Moskovski komsomolets” nəşri bu xə­bəri Azərbaycan Preziden­tinin rəsmi saytına istinadla yayıb. Eyni zamanda, nəşr Prezident İlham Əliyevin Ağ­dərədə də Azərbaycan Bay­rağını ucaltdığını qeyd edib.

TASS agentliyi yazır ki, 20 il əvvəl məhz bu gün İlham Əliyev Azərbaycan Prezidenti seçilib. Dövləti­mizin başçısının Xankəndi­dəki çıxışından fikirlərə yer ayıran agentlik qeyd edir ki, Prezident İlham Əliyev 20 il əvvəl xalqa müraciətin­də Azərbaycan xalqının və dövlətinin maraqlarını daim qoruyacağına söz vermişdi. “ 

“Vedomosti”, “Arqumentı i faktı” nəşrlərində Prezident İlham Əliyevin Xankəndidə Dövlət Bayrağını ucaltmasını mühüm hadisə kimi qiymət­ləndirib. Materiallarda qeyd olunur ki, Azərbaycan Pre­zidentinin Administrasiyası Qarabağın erməni əhalisinin reinteqrasiyasının ətraflı pla­nını təqdim edərək, onların bütün hüquqlarının və təh­lükəsizliyinin təmin olunaca­ğına vəd verib. 

Azərbaycan Prezidenti­nin Qarabağa səfəri Bosniya və Herseqovina mediasının diqqət mərkəzində olub. Bu ölkənin “Fena”, “Slobod­na Bosna”, “Federalna”, “Dnevnik”, “Avaz”, “Vijesti” və “Hayat” kimi informasiya agentliklərinin yaydığı xəbər­lərdə Prezident İlham Əliye­vin Xankəndi şəhərinə səfə­rinə geniş yer ayrılıb. 

Serbiyanın “Tanjug”, “Da­nas”, “Politika”, “24 Sedam”, “Blic”, “Pravda”, “Nova”, “Vesti”, “Srbija Danas”, “n1in­fo”, “NSPM”, “021.rs” kimi informasiya agentlikləri və xəbər portallarında, eləcə də Rumıniyanın “StiriPeSurse” xəbər portalı, “Financialİntel­ligence”, “Viata Libera” nəş­rləri, “Agerpres” milli xəbər agentliyi, “Mediafax” informa­siya agentliyi, “Digi 24” tele­viziya kanalı və digər nüfuzlu media orqanlarında yayılan materiallarda da Prezident İlham Əliyevin Azərbaycanın üçrəngli Dövlət Bayrağını Qarabağın ən böyük şəhəri olan Xankəndidə ucaltdığı və çıxış etdiyi vurğulanır. 

Fransanın “lorientlejour.com və Əlcəzairin “algerie9.com” portalları da Azərbay­can Prezidentinin Qarabağın bir çox şəhərlərində Azərbay­can Bayrağını ucaltmasına dair informasiyalar yayıblar. 

Azərbaycan Prezidentinin Xankəndiyə səfəri Moldova KİV-ləri tərəfindən də geniş işıqlandırılıb.



Son xəbərlər