Samir Nuriyev: Prezident İlham Əliyev Ulu Öndərin yaratdığı möhkəm təmələ əsaslanaraq, dövlətimizi strateji hədəflərə doğru uğurla apardı

post-img

2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev Ümummilli Liderimizin siyasi irsini davam etdirərək və Ulu Öndərin səyləri nəticəsində yaradılmış möhkəm təmələ əsaslanaraq, dövlətimizi strateji hədəflərə doğru uğurla apardı. Prezident seçildikdən sonra andiçmə mərasimində cənab İlham Əliyevin nitqi Azərbaycanın gələcəyinə konseptual baxış xarakteri daşıdı və strateji prioritetləri müəyyən etdi.

Bu fikirləri Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev dövlətimizin başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə oktyabrın 14-də Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı deyib.

Dövlətimizin başçısının “Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcək” fikrini xüsusi vurğulayan Samir Nuriyev bildirib ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yol xəritəsi güclü iqtisadi potensialın formalaşdırılmasını, müasir cəmiyyət quruculuğunu, qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətində olan Silahlı Qüvvələrin yaradılmasını, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsini və bütün bunların son hədəfi kimi Azərbaycanın müstəqil siyasətini, ərazi bütövlüyünün və suverenliyinin bərpasını nəzərdə tuturdu.

“Cəmiyyətdə insanları öz ardınca apara bilən liderə tələbat ən taleyüklü mərhələlərdə yaranır. Siyasi arenada dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməyi, vaxtında və düzgün qərarlar qəbul edərək, onların icrasına dair qətiyyətli addımlar ataraq tarixi bir missiyanı yerinə yetirməyi bacaran şəxsiyyətlər xalqın əsl liderinə və siyasi fenomenə çevrilirlər. Böyük lider həmişə situasiyanı hiss edir və onu nə vaxt istifadə etməyin mümkün olacağını bilir. 2003-cü ildə andiçmə mərasimində Azərbaycanın gələcəyi ilə bağlı fikirlərini cəmiyyətə çatdıran cənab İlham Əliyev də artıq o dövrdə həm ölkə daxili, həm geosiyasi, həm də qlobal müstəvidə mövcud trendləri aydın görür, xalqımızın gələcəyi ilə bağlı nəyi, nə vaxt və necə etməyin lazım olduğunu çox aydın bilirdi”, - deyə Prezident Administrasiyasının rəhbəri qeyd edib.

 

Siyasət