Ersin Tatar mətbuat konfransı keçirdi

post-img

Azərbaycanla bənzər tarixi taleyə malikik, cənab İlham Əliyevlə görüşdə "Tək millət, üç dövlət" ifadəsini dilə gətirdim, o da dəstəklədi. Turizm, təhsil, mədəni sahələrdə əlaqələrin daha da güclənməsi üçün layihələr həyata keçirəcəyik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul olunduq və düşünürük ki, digər türk dövlətlərin də dəstəyi davam etməlidir. Türk dövlətləri arasında siyasi, ticarət, iqtisadi əlaqələr nə qədər güclü olarsa, o qədər yaxşıdır.

XQ xəbər verir ki, bu fikirləri Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar jurnalistlərlə görüşündə deyib: “Tarixi gün yaşayırıq. Azərbaycanda qonaqpərvərliklə qarşılanmışıq. Bakıda Şimali Kiprin nazirləri, mədəniyyət nümayəndələri, ziyalılardan ibarət 200 nəfərlik heyətlə təmsil olunuruq. Azərbaycan xalqına Şimali Kiprdən gətirdiyimiz sevgi və ehtiramı çatdırmaq istəyirəm. Cənab Prezident İlham Əliyev bu gün məni qəbul etdi, bir daha dəstəyini ifadə etdi.

Ersin Tatarın sözlərinə görə, Şimali Kiprdə 44 günlük Qarabağ mübarizəsi diqqət mərkəzində olub. Həmin günlərdə ürəyimiz sizinlə bir yerdə idi. Şimali Kipr xalqının duaları Azərbaycanla idi. Qarabağın Azərbaycanın bir parçası olduğu bütün dünyaya bir daha aydın oldu. Sizin zəfəriniz bizim də zəfərimiz idi. Bu yaxınlarda keçirilən antiterror tədbirləri ilə heç bir mülki vətəndaşa zərər dəymədən Azərbaycanın Konstitusiya quruluşu təmin olundu. Biz də böyük məmnuniyyətlə izlədik. Biz də Lozanna anlaşmasına qədər çox böyük mübarizə aparmışıq. Bizi biz anlayırıq, tarixi həqiqətlər, eyni tale, könül bağları bizi daha da doğmalaşdırır. Bizim kiminsə haqqında gözümüz yoxdur, yetər ki, bizim haqqımız kimsə tərəfindən qəsb olunmasın".

Anar ƏLİ,
XQ

Son xəbərlər