Azərbycan XİN: açıqlama və müzakirələr

post-img

Oktyabrın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan “Birinci kanal”a müsahibə zamanı Azərbaycana qarşı səsləndirdiyi bir sıra iddialar Ermənistan tərəfinin siyasi manipulyasiyalardan və təhrif olunmuş interpretasiyadan əl çəkmədiyini açıq-aşkar göstərir. 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bu­nunla bağlı açıqlamasında qeyd olunur: “Azərbaycanın “Avropa Siyasi Birliyi”nin Qranada görüşündə iştirakdan imtina etməsini, guya, ölkəmizin sülhə hər vəchlə mane olması kimi qələmə verən Ermənistan tərəfinə ötən ilin dekabrından etibarən bu ölkənin heç bir səbəb olmadan müxtəlif platformalarda iştirakdan yayındığı faktlarını xatırlatmaq istərdik”. 

Açıqlamada vurğulanır ki, sentyabrın 20-dən sonra bölgədə sülh üçün böyük imkanlar yarandığını dəfələrlə bəyan edən Azərbaycan, eyni zamanda, Ermənistanın ölkəmizə və digər qonşularına qarşı ərazi iddialarından və müdaxilədən çəkinəcəyini gözləyir: “Qranada görü­şündə imzaladığı sənəddə müstəqillik, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, güc tətbiq edil­məməsi və güclə hədələməmək kimi prinsiplərə istinad edən baş nazir Nikol Paşinyan və onun ölkəsi həmin tələbləridaim bütün səyləri ilə pozur. Ermənistandan fərqli olaraq, Azərbaycan bu prinsipləri heç zaman təhrif etməyib”.

Diqqətə çatdırılır ki, üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərini son üç il ərzində yerinə yetirməyən Ermə­nistan tərəfi göstərdiyi qeyri-konstruktiv mövqe ilə növ­bəti dəfə özünütəcrid siyasəti yeridir. Ərazi bütövlüyünə hörmətin və delimitasiyanın hər hansı bir kvadratkilo­metr ilə ölçülməsi və ya hər iki tərəfdən indiyə qədər təsdiq olunmamış xəritə əsasında müəyyən edilməsi təcrübəsinin mövcud olmadığı bir şəraitdə Ermənis­tan baş nazirinin yenidən bu məsələlərə istinad etməsi təəccüblüdür. 

Eyni zamanda, qeyd olunur ki, Ermənistanın ölkəmi­zin 8 kəndini işğal altında saxlaması məsələsinə bəraət qazandırmaq məqsədilə, guya, Azərbaycanın hansısa erməni kəndlərinin ərazisini işğal etdiyi iddialarını səs­ləndirməsi tamamilə yalandır. Ermənistanın baş naziri­nin sülh prosesində növbəti dəfə şərtlər irəli sürməsi bu ölkənin tarixdən dərs çıxarmadığını nümayiş etdirir.

Katrin Kolonanın iddiaları qətiyyətlə pislənilir 

Oktyabrın 11-də Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Fransa Senatında çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik.

Bu barədə Azərbaycan XİN-in şərhində bildirilib.

Qeyd edilib ki, Fransa nazirinin Azərbaycanın Qara­bağ bölgəsini heç bir güc tətbiq edilmədən, könüllü şə­kildə tərk edən ermənilərin Ermənistanda yerləşməsinin guya Azərbaycan tərəfindən planlaşdırıldığı iddiasını səsləndirməsi Fransanın məkrli və xəyalpərəst siyasət­lərini davam etdirmək marağından çıxış etdiyini göstərir. 

“Öz qanlı müstəmləkəçiliyi və vasitəçiliyi dönəmində işğalçı tərəf olan Ermənistanı dəstəkləyən Fransanın indi ədalətdən və beynəlxalq hüquqdan danışması qə­buledilməzdir. 

Fransa tərəfinə bir daha xatırladırıq ki, Azərbaycan­la təhdid və təzyiq dili ilə danışmaq heç bir nəticə verə bilməz və bu kimi destruktiv əməllərə dərhal son qoyul­malıdır”, - şərhdə vurğulanıb.

***

Dünən Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb. 

Söhbətdə tərəflər Azərbaycan ilə Ermənistan ara­sında sülh sazişi layihəsinin perspektivləri, iki ölkə ara­sında normallaşma məsələləri, bölgədəki son vəziyyət, Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əhalisi­nin reinteqrasiyası istiqamətində atılan addımlar ətrafın­da fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycan tərəfinin sülh gündəliyi keçirilən görüşlərin müsbət nəticələnməsində maraqlı olduğunu, 30 il sonra bölgədə sülh və sabitliyin təmin edilməsi naminə tarixi imkanın yarandığını vur­ğulayıb. Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni sakinlərinin reinteqrasiyası istiqamətində aparılan işlər barədə qarşı tərəfi məlumatlandırılıb. Eyni zamanda, erməni sakinlərin Azərbaycan ərazisini tərk etməsinin hər hansı bir məcburi yerdəyişmə ilə əlaqədar olma­dığı diqqətə çatdırılaraq BMT rəsmilərinin bölgəyə son səfərləri və səfər sonrası verilən açıqlamaların bunun bariz nümunəsi olduğu qeyd olunub.

***

Xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası çərçivəsində ölkəmizdə səfərdə olan Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani ilə də görüşüb.

Tərəflər Azərbaycan və Pakistan arasında qarşılıqlı etimad, həmrəylik və hörmətə əsaslanan strateji ikitərəf­li münasibətlər, əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıb. Nazir Ceyhun Bayramov həmkarı­nı Azərbaycanın qanunsuz erməni silahlı qüvvələrinin tərksilah edilməsi və qanunsuz rejimin buraxılması məqsədilə həyata keçirdiyi antiterror tədbirləri barədə məlumatlandırıb.

Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani Pa­kistanın Azərbaycanın ərazi bütövlüyünü və suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəklə­diyini vurğulayıb.

Görüşdə nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında müza­kirələr aparıblar. 

XQ

Siyasət