HƏMAS–İsrail savaşı: qlobal maraqların kəsişmə nöqtəsi

post-img

Son şənbə günü HƏMAS-ın İsrail ərazisinə qəfil hücumu, baş verən ağır zorakılıqlar, əhalidə yaranan qorxu və dəh­şət, eləcə də bu ağır terror aktının yeni dünya müharibəsinə çevrilmə ehtimalı böyük dövlətləri, həmçinin onların diplo­matlarını hərəkətə gətirib.

Qlobal medianın gündəmini İsrail ordusunun Qəzza zo­lağında apardığı antiterror əməliyyatları ilə yanaşı, dünya­nın siyasi və hərbi güc mərkəzlərinin hadisələrin gedişatı ilə bağlı açıqlamaları, münaqişənin mümkün ssenarisi və s. məsələlər zəbt edib.

Yaxın Şərqdə HƏMAS-İsrail mü­naqişəsinin alovu genişlənərək daha böyük ərazilərə yayıla bilərmi? Bu gün bu sual çoxlarını narahat edir. Dünyanın diqqəti, əlbəttə, daha çox Vaşinqtona yönəlib. Axı okeanın o tayında qəbul ediləcək qərarlardan çox şey asılıdır.

ABŞ Prezidenti Co Bayden dünən Ağ evdə HƏMAS-ın İsrailə qarşı hücum­ları ilə bağlı açıqlamasında bölgədə baş verənləri “xalis şər əməli” adlandırıb. Bu, Baydenin İsraildəki vəziyyətlə bağlı ikin­ci çıxışı olub.

ABŞ lideri bir daha Birləşmiş Ştat­ların İsrailə dəstəyini ifadə edib və HƏMAS-ın hücumlarını kəskin şəkildə pisləyib. Co Bayden hücumlar zamanı 14 amerikalının həyatını itirdiyini deyib. Əlavə edib ki, Vaşinqton HƏMAS tərə­findən hazırda ABŞ vətəndaşlarının giröv götürülməsindən xəbərdardır.

Co Bayden İsrailin özünü müdafiə etmək hüququnun olduğunu vurğulaya­raq deyib ki, o, ABŞ Konqresini İsrailə dəstək üçün “hərəkətə keçməyə” çağıra­caq. Bir çox siyasi təhlilçilər bu qənaət­dədirlər ki, ABŞ hökuməti vəziyyətdən istifadə edərək Yaxın Şərqdə siyasi və hərbi təsirini daha da genişləndirməyə çalışır. 

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan isə deyib ki, İsrailə yardım paketi yaxın vaxtlarda ABŞ Konqresinə təqdim edilə­cək. Onun sözlərinə görə, Amerikanın həm Ukraynaya, həm də İsrailə eyni vaxtda yardım göstərmək üçün kifayət qədər resursu mövcuddur: “Biz ABŞ-ın eyni vaxtda həm Ukraynanı, həm də İsraili dəstəkləyə bilməyəcəyi barədə iddiaları qəti şəkildə rədd edirik. Bunu effektiv şəkildə etmək üçün kifayət qə­dər imkanımız var”.

Prezident Co Bayden Britaniya, Al­maniya, İtaliya və Fransa liderləri ilə birgə HƏMAS və onun yaraqlılarının dəhşətli terror aktlarını pisləyən birgə bəyanat yayıb. Prezident Bayden və vit­se-prezident Kamala Harris İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı ABŞ-ın İsrailə hərtərəfli dəstəyini müzakirə ediblər. 

Müdafiə naziri Lloyd Ostin isə bildirib ki, ABŞ İsrail ordusunu əlavə avadanlıq və resurslar, o cümlədən sursatla təmin edəcək. O həmçinin Aralıq dənizinin şərqinə aviadaşıyıcı zərbə qrupunun yerləşdiriləcəyini söyləyib.

İsrail Müdafiə Qüvvələrinə görə, HƏMAS-ın hücumları 1200-ə yaxın is­raillinin ölümünə səbəb olub, təxminən 2700 nəfər yaralanıb; 100-dən çox in­san HƏMAS-ın əsirliyindədir. HƏMAS uzun müddətdir ki, ABŞ-ın terror təşki­latları siyahısına daxil edilib. Fələstin Administrasiyasının məlumatına görə, HƏMAS-ın idarə etdiyi Qəzza zolağında ölənlərin sayı ən azı 765 nəfərdir, lakin rəqəmlərin artacağı gözlənilir.

Bu arada qlobal mediada İran ilə HƏMAS arasındakı əlaqələr barədə çox sayda şərhlər yayılır. İran HƏMAS-ın hərəkətlərini “müqavimətin təzahürü” kimi qiymətləndirib, ancaq məsuliyyət daşıdığını inkar edib.

Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiyi barədə xəbər yayılıb. Diplomatlar silahlı qarşıdurma­nın tezliklə dayandırılmasının vacibliyini vurğulayıblar. 

Türkiyə dövləti regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün va­sitəçilik missiyası yerinə yetirməyə hazır olduğunu bildirib. Prezident Rəcəb Tay­yib Ərdoğan bir çox dövlət və hökumət başçıları ilə bu məsələ ilə bağlı müza­kirələr aparıb. 

Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə bildirib ki, Ankara problemin beynəlxalq hüquq normaları çərçivəsində həllini vacib sayır. Onun sözlərinə görə, Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün problem köklü və ədalətli şəkildə çözülməlidir. 

Sosial şəbəkələrdə Talibanın HƏ­MAS-a dəstək verə biləcəyi barədə də saxta xəbərlər yayılıb. Talibanın Qətərin paytaxtı Dohadakı siyasi ofisinin rəhbəri Məhəmməd Suhail Şahin “xəbərin qey­ri-dəqiq olduğunu bildirib. 

Qəzza zolağında humanitar vəziyyət günbəgün pisləşir. İsrail silahlı qüvvələ­rinin hədəfində HƏMAS yaraqlıları olsa da, əraziyə atılan raket zərbələri nəticə­sində hər gün onlarla sakin həlak olur. Ölənlər arasında beynəlxalq təşkilatların əməkdaşları da var. 

Dünən məlum olub ki, ölənlərin doqquzu BMT əməkdaşıdır. Yeri gəl­mişkən, hücumlar nəticəsində BMT-nin 18 məktəbi və qərargahı dağıdılıb. HƏ­MAS-İsrail savaşının nə vaxt başa çata­cağı isə bəlli deyil. 

Məsaim ABDULLAYEV
XQ

Dünya