Naftalan nefti möcüzəli məlhəmdir

post-img

Beynəlxalq sağlamlıq turizmi bu sərvətdən böyük qazanc götürə bilər

Naftalan Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, “PMD Hospitality”nin birgə təşkilatçılığı ilə keçirilən “Naftalan – sağlamlıq və turizmin sinerji mənbəyi. Beynəlxalq turizm mərkəzinin inkişaf strategiyası” mövzusunda 2 gün davam edən beynəlxalq elmi-praktik konfrans keçirilib. 

8 xarici ölkə nümayəndələri, ümu­milikdə isə 100-dən çox iştirakçının qa­tıldığı konfransda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ölkəmizdə həyata keçirilən iqtisadi isla­hatların, xüsusilə də sahibkarlığın, bizne­sin inkişafının hər zaman dövlətin diqqət mərkəzində olmasını, bu sahədə ciddi uğurlar əldə edildiyini, paytaxtda və böl­gələrdə yeni sosial-iqtisadi layihələr hə­yata keçirildiyini vurğulayıb. Qeyd edib ki, beynəlxalq elmi-praktik konfrans işgüzar­lığı və səmərəliliyi ilə qarşılıqlı əlaqələrin qurulmasına, tibbi turizmin beynəlxalq səviyyədə inkişafına öz dəyərli töhfəsini verəcək.

AMEA-nın prezidenti, deputat İsa Hə­bibbəyli, Səhiyyə nazirinin müavini Nadir Zeynalov, Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Azərbay­can Turizm Bürosunun İdarə heyətinin sədri Florian Zenqstşmit, SOCAR prezi­dentinin müşaviri Xalik Məmmədov, Tür­kiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, “PMD Hospi­tality”nin Baş tibb inzibatçısı Çingiz Hacı­yev, Arxeologiya, Etnoqrafiya və Antropo­logiya İnstitutunun baş direktor vəzifəsini icra edən Fərhad Quliyev, QHT-lərə döv­lət dəstəyi agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış edərək sağlamlıq və turizm fəaliyyətinin stimullaşdırılması, mövcud turizm potensialından istifadə imkanlarının qiymətləndirilməsi, turizm sənayesində maraqlı tərəflər arasında qarşılıqlı əlaqələrin qurulması, müalicəvi və tibbi, arxeo, aqro və eko turizmin in­kişafı, beynəlxalq aləmdə Naftalanın tu­rizm potensialının təbliğinə və təşviqinə imkan yaradılması yollarından danışıblar.

Bildirilib ki, turist axını baxımından Naftalanın inkişafı yüksək qiymətləndiri­lir. Naftalan neftinin özünəməxsus müa­licəvi əhəmiyyəti onu dünyada məşhur edib. Bu baxımdan Naftalan nefti barədə dünyada məlumatlılıq dərəcəsini artırma­ğa zərurət var.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, ölkəmizdə sağlamlıq turizminin davamlı inkişafı məqsədilə ilə SOCAR-da Nafta­lan yatağının perspektivliyinin yüksəldil­məsinə dair xüsusi proqram hazırlanıb. Proqramda mütərəqqi qazma üsulların­dan istifadə olunmaqla, yeni axtarış qu­yularının qazılması nəzərdə tutulur.

Litvanın Druskininkay şəhər merinin müavini Linas Urmanaviçius, Türkiyə­nin Yalova şəhərinin bələdiyyə sədrinin köməkçisi Fatih Şahin, Almaniya Tibbi Sağlamlıq Assosiasiyasının prezidenti Lutz Lungvits, Rusiyanın Kazan şəhə­rinin Turizm inkişafı komitəsinin şöbə müdiri Anna Strelkova, Qazaxıstanın Astana şəhərinin Daxili siyasət şöbəsi rəhbərinin müavini Miras Abdurahman, Özbəkistanın Tibbi Turizm Assosiasiyası prezidentinin müavini Axmad Axmedov Naftalan neftinin möcüzəvi faydalarından danışıblar.

Həmçinin “Naftalanın sağlamlıq tu­rizmi destinasiyasının qlobal marketinq perspektivləri”, “Naftalanda dayanıqlı turizm idarəçiliyi: risklərin qorunması, təhlükəsizlik, elmi araşdırmalar və keyfiy­yət standartlarının tətbiqi”, “Naftalan və alternativ turizm imkanları: Arxeologiya, aqroturizm və ekoturizm perspektivləri” mövzularında müzakirələr aparılıb.

Konfransdan gözlənilən nəticələr müasir dövrdə sağlamlıq turizminin müxtəlif sahələrində qarşıya çıxan prob­lemlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması yollarını müzakirə edərək, təklif və tövsiyələr hazırlamaq, eyni zamanda, beynəlxalq aləmdə Nafta­lanın turizm potensialının təbliği və təş­viqinə imkanlar yaratmaqdır.

Zərifə HÜSEYNOVA
XQ



Sosial həyat