İrəvanın yeni illüziyası – Brüssel gözləntisi
Baş nazir Nikol Paşinyanın Ermənistanın İctimai televiziyasına müsahibəsi bir neçə cəhətdən maraq doğurmaqdadır. Müsahibə ilk baxışdan Ermənistanın Azərbaycanla sülh sazişi bağlamağa hazır olması üzərində köklənsə də, vurğulanmalı bəzi məqamlar var ki, onlara nəzərən ümumən Cənubi Qafqazdakı barış mühitinin qərarlaşmasına doğru gedən yolun heç də asan olmayacağını söyləmək mümkündür. Biz deyək ki, Ermənistan, indiki halda baş nazir Paşinyan səmimi deyil. Yazımızda həm də Nikolun, habelə onun kürəyini söykədiyi Qərbin qeyri-səmimiliyinə aydınlıq gətirməyə çalışacağıq.
Zəngəzur dəhlizi: Paşinyan gah “hə” deyir, gah da “yox”
N.Paşinyan yenə Zəngəzur dəhlizi məntiqinə qarşı çıxmaqdadır. O, müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirlərinə münasibətdə əks mövqe ortaya qoyurmuş kimi səslənib. Nikol həm Türkiyənin, həm də Azərbaycanın işlətdiyi siyasi leksikonu bəyənmədiyini dilə gətirib. Yəni, Zəngəzur dəhlizi ifadəsi ilə razılaşmadığını deyib ki, əslində, bu mövqeyini əvvəllər də bəyan etmişdi. Belə görünür ki, Nikol məsələni Ermənistana qarşı ərazi iddiası kontekstində dəyərləndirməkdə israrlıdır. Ona görə də bildirir ki, ölkəsi regional kommunikasiyaların açılmasına ancaq özünün suverenliyini və yurisdiksiyasını, habelə bərabərlik və qarşılıqlılıq prinsipini nəzərə alan şərtlərlə hazırdır. Ən əsas məqam isə erməni baş nazirin mövcud müstəvidə heç bir üçüncü tərəfin Ermənistan ərazisinə nəzarətinə yol verilməyəcəyini vurğulamasıdır. Bu deyim onun imza atdığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata ziddir.
Bəli, Paşinyan həmin bəyanatın 9-cu maddəsini qəbul etmir. Özü də bunu son dərəcə həyasız formada. Sanki üzə durur: “Bizə deyirlər üçtərəfli Bəyanata görə təhlükəsizliyi Rusiya təmin etməlidir. Biz isə bunun doğru olmadığını deyirik. Bu, ictimai qaydada açıqlanmış sənəddir. Sənədi açıb oxuyaq, orda elə bir maddə yoxdur”.
Ancaq üçtərəfli bəyanatın 9-cu bəndində göstərilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir”.
Haşiyə çıxaq ki, Paşinyan özünün anti-Rusiya xəttini yalnız üçtərəfli bəyanatın haqqında söz açdığımız 9-cu bəndinin inkarı üzərində qurmur. Məsələn, o, Ermənistan ərazisində – Gümrüdə yerləşən 102-ci hərbi bazanın orada qalma məsələsindən söz açarkən, həmin bazanın çıxarılmasının gündəlikdə dayanmadığını bildirir. Amma məsələnin İrəvan-Moskva əlaqələrinin qarşılıqlılıq səviyyəsindən asılılığını qabardır. Deməli, o, faktiki olaraq bildirir ki, əgər Rusiya Ermənistana qarşı hansısa yolverilməz addım atsa, 102-ci baza da qalmayacaq. Qarabağdakı Rusiya sülhməramlılarına gəlincə, məlumdur ki, indiki situasiyada onların bölgədə mövcudluğuna səbəb yoxdur. Çünki erməni sakinlər ərazini tərk ediblər. Nikol isə xüsusi olaraq, vurğulayır ki, Rusiya sülhməramlı hərbi kontingentinin Ermənistan ərazisində də mövcudluğuna ehtiyac duyulmur. Daha doğrusu, məsələnin hüquqi mexanizminin istisna təşkil etdiyini önə çəkir. Görünür, baş nazir Moskvaya münasibətdə hər cür psixoloji refleksləri diri saxlamağa çalışır. Çünki sonuncu məsələnin üzərində dayanmaya da bilərdi. Yəni, onsuz da Rusiya sülhməramlıları Ermənistanda qala bilməz.
Bəli, Zəngəzur dəhlizi məntiqinə qarşı demarş mövqeyi seçən və bu baxımdan Rusiyanın həmin yola nəzarətinin yolverilməzliyi üzərində dayanan N.Paşinyan dəhlizlər və yollar arasındakı məntiqi fərqlərə diqqət çəkərək vurğulayıb ki, regionda sülhün bərqərar olması üçün ərazi anlaşılmazlıqlarına yol verilməməlidir. Sırf Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yola – Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinin təbirincə desək, “Meğri marşrutu”na gəlincə, Zəngəzur dəhlizi ideyasını “süngü ilə qarşılayan” Nikol buna etiraz etmədiyini deyib və məsələnin Ermənistanın blokadasının aradan qaldırılmasına töhfə verə biləcəyini önə çəkib. Yeri gəlmişkən, M.Qaluzinin bir neçə gün əvvəl dediyi də bu idi ki, Ermənistan gələcəkdə, “Meğri marşrutu”ndan faydalanaraq, loru dildə desək, gün görsün. ...Eyni zamanda, erməni baş nazir əmin edib ki, yolların açılması bütün region ölkələri üçün faydalıdır və bu, şübhə və qeyri-müəyyənliklərin olmaması şərti ilə, Cənubi Qafqazda sülh mühitinin qərarlaşmasına dəstəkdir.
Göründüyü kimi, Paşinyan ifadə tərzi kimi qəbul etməsə də, Zəngəzur dəhlizinin əhəmiyyətini anlayır. Burada onun üçün iki məqam var. İlk növbədə söhbət dəhliz məntiqindən gedir. Nikol yaxşı anlayır ki, ölkəsindəki müxalif kəsim bu məntiqi Ermənistan ərazilərinin işğalı kontekstində görür və həmin kəsimi qıcıqlandırmaqdan, ona diskussiya mövzusu verməkdən uzaq durur. İkinci məqamı isə vurğuladıq. Nikol istəmir ki, dəhliz üçtərəfli Bəyanatda əksini tapdığı kimi fəaliyyət göstərsin. Yəni, Rusiyanın onun üzərindəki jandarm missiyasına qarşı çıxır. Ancaq onun unutduğu bir şey var. O məqam da bundan ibarətdir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük layihədir. Bu layihədə əsas məqam heç də təkcə Azərbaycanın digər ərazilərinin Naxçıvanla quru əlaqəsinin mövcudluğuna bağlı deyil. Başlıca motiv geosiyasi və geoiqtisadi anlama söykənir. Nə Azərbaycan, nə Türkiyə, nə də layihənin reallaşmasında maraqlı olan Rusiyanın özü belə bir taleyüklü məsələdə Ermənistanın “təhlükəsizlik çətiri”nə bel bağlamayacaq. Digər tərəfdən, ortada Paşinyanın qarşı çıxdığı üçtərəfli Bəyanat var. Bəyanatda Rusiya Prezidentinin imzasını heçə saymaq ən azından etik deyil. Çox güman, həm də buna görə Türkiyə Prezidenti Ərdoğan bildirir ki, Ermənistan üzərinə düşən öhdəliyi yerinə yetirməsə, dəhliz üçün İran ərazisindən istifadə ediləcək. Bu ssenari isə Ermənistanın təcrid vəziyyətində qalması deməkdir. Yəni, Paşinyan Türkiyə liderinin fikirlərinə münasibət bildirib əks mövqe ortaya qoyanda, ikincinin haqqında söz açdığımız alternativlik yüklü açıqlamasına diqqət yetirməli və nəticə çıxarmalıdır. Nəticə çıxaracaqmı? Bunu zaman göstərəcək.
Baş nazirin çin olmayan yuxuları
N.Paşinyanın müsahibəsində üzərində dayandığı növbəti məqam Avropa Siyasi Birliyinin oktyabrın 5-də keçirilmiş üçüncü Zirvə toplantısı çərçivəsində keçirilmiş dördtərəfli görüşdür. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin, Fransa Prezidenti Emmanuel Makronun və Almaniya Kansleri Olaf Şoltsun da iştirak etdiyi həmin görüşdə Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənəd imzalayıb.
Məlum olduğu kimi, əvvəldə nəzərdə tutulsa da, son anda Prezident İlham Əliyev Qranada sammitində iştirakdan imtina etdi. Səbəb Fransanın Ermənistanın tərəfində durması və buna qarşılıq Bakının beştərəfli görüşə Türkiyənin də qatılması tələbi idi. Ankaranın iştirakçılığına razılıq verilmədi. Nəticə etibarilə Nikol Qranadada Azərbaycanın 86,6 min kvadratkilometr ərazidə suveren hüquqlarını tanısa da, Azərbaycan Ermənistanın ərazisinin 29,8 min kvadratkilometr göstərildiyi bəyannaməyə imza atmamış durumdadır və məsələ həm rəsmi İrəvanı, həm erməni siyasi dairələrini, həm də xaricdəki ermənipərəstləri narahat etməkdədir. Görünür, Aİ Şurasının prezidenti də narahatdır və buna görə oktyabrda tərəfləri üçtərəfli formatda Brüsseldə görüşdürmək niyyətini ortaya qoyub.
N.Paşinyan isə Qranadadakı dörd-tərəfli görüşü şərh edərkən bildirib ki, toplantının əhəmiyyəti iki mühüm bəyanatla səciyyələndirilə bilər. Onun sözlərinə görə, ilk bəyanatı prezident Makron, Kansler Şolts, Ş.Mişel və onun özü imzalayıb. Sənəd Aİ-nin Ermənistanla münasibətlərin dərinləşməsinə dair konsensusunu vurğulayır. Avropa Komissiyasının sədri Ursula von der Leyen tərəfindən də imzalanmış ikinci bəyanat isə özündə regiondakı sülhün əsas sütunlarını ehtiva edir. Hər halda Ermənistan baş naziri belə deyir. Onun söylədiklərindən anlaşılır ki, bu sütunlara Ermənistanın və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınması, 1991-ci il Alma-Ata sazişi əsasında sərhədlərin delimitasiyası, suverenliyə hörmətlə yanaşılmaqla, regional kommunikasiyaların açılması daxildir. Əsas məsələlərdən biri də budur ki, ikinci sənəddə Qarabağa qarşı güc tətbiqi pislənilib, region əhalisinin məcburi köçürüldüyü vurğulanıb, həmçinin humanitar vəziyyətin idarə olunmasında Aİ və ABŞ-ın Ermənistanı dəstəkləməyə hazır olduğu bildirilib. Bəyanatda, eyni zamanda, Qarabağ ermənilərinin ilkin şərt olmadan geri qayıtmaq hüququ da diqqətə çatdırılıb. Paşinyanın sözlərinə görə, sənədin məxsusiliyi onun dördtərəfliliyidir, lakin Azərbaycanın imzasının olmaması ilin sonuna qədər sülh sazişinin imzalanması ehtimalı ilə bağlı suallar yaradır. Baş nazir bildirib ki, Bakı bu bəyanatı imzalasaydı, sülh sazişi ehtimalı 70 faizdən çox olardı.
Ermənistanın baş nazirinin bildirdiklərindən belə qənaətə gəlmək mümkündür ki, Qranadada Azərbaycana qarşı tam bir oyun qurulmuşdu. Sən demə, Nikol avropalılarla birləşib Qarabağ avantürasının davamına imza atıb. Hər halda bölgənin erməni əhalisinin məcburən köçürüldüyünün vurğulanmasını, üstəlik, məsələnin imza ilə təsdiqlənməsini başqa cür qiymətləndirmək mümkünsüzdür. Əlbəttə, Azərbaycanın belə bir sənədə imza atması da həmçinin. Belə çıxır ki, ölkəmizin Qarabağ erməniləri ilə bağlı konstitusion əsasda verdiyi təminatlar nəzərə alınmır.
Bəli, Qranadada imzalanmış sənəd ölkəmizin ərazi bütövlüyünü açıq şəkildə şübhələndirir. Birincisi, Bakı Qarabağ ermənilərinə zor tətbiq etməyib. İkincisi, bu əhali kateqoriyasının ərazidən çıxmasını istəməyib, əksinə qalmasında maraqlı olduğunu dəfələrlə vurğulayıb. Belə bir məqamda erməni köçkünlərin geri qayıtmaq hüququnun hansısa sənəddə yer alması məcburi köçürülmə halının mövcudluğunun təsdiqlənməsi kimi interpretasiya oluna bilər ki, Azərbaycanın məsələnin qoyuluşu ilə əsla razılaşmayacağı şübhəsizdir. Deməli, bu qənaətə gəlmək olar ki, erməni sakinlərin tez bir zamanda Qarabağdan çıxarılmaları məqsədli imiş və bölgə üzrə avantürist planların gündəmdə saxlanılmasına xidmət edirmiş. Onların əraziyə qayıtmaq hüquqlarına gəldikdə, son günlər BMT sülhməramlıları məsələsi üzərində dayanılır. Ş.Mişel də bildirib ki, əgər Azərbaycan məcburi köçürülmənin olmadığını sübuta yetirmək istəyirsə, qurumun sülhməramlı missiyasının əraziyə gəlməsinə razılıq verməlidir. Yəni, yalnız bu şərtlə Qarabağ erməniləri geri qayıda, onların hüquqları təmin oluna bilər. Ortaya qəribə məntiq çıxır. Deməli, Qarabağın erməni sakinlərinin geri qayıtmaq hüququ var və bu hüququn reallaşmasına təminatçı BMT sülhməramlılarıdır. O zaman sual olunur: bəs, Azərbaycanın suverenliyi? Bəli, Nikol və avropalılar ölkəmizin ərazi bütövlüyünü tanıdıqlarını bildirsələr də, bu tanınmanı şübhələndirəcək məqamları də dövriyyəyə buraxırlar. Hələ, üstəlik, Paşinyan, bir növ, minnət qoyurmuş kimi deyir ki, bütün bunlar reallaşdıqdan sonra sülhə 70 faiz nail olunacaq. Görəsən, onun və qərbli tərəfdaşlarının danışmağa başqa yuxuları qaldımı?
Suala cavab vermək çətin olsa da, belə görünür, Nikol yuxusunu reallıq kimi təqdim etməyə girişib. O deyir ki, Qranadada görüş keçirildi və Aİ-nin saytında prinsiplər açıqlandı. Brüsseldə düzənlənəcək növbəti görüş zamanı isə prinsiplərin artıq mövcudluğundan və onlarla Ermənistanın razılaşdığından çıxış edilməlidir. Ən acınacaqlısı budur ki, Paşinyan yuxusunu bir qədər də reallıq kimi göstərərək, yuxarıda sadaladığımız cəfəng məqamların özünü də prinsip olaraq təsdiqləyir. Deyəsən ona hansısa fövqəltəbii qüvvə həmin “prinsipləri” Azərbaycanın da qəbul etdiyini deyib. “Azərbaycan indi başqa platforma təklif edəndə biz başa düşməliyik ki, biz başqa dialoqların əleyhinə deyilik. Lakin başqa görüşlərdə artıq qəbul edilmiş prinsiplərin revizionizminin əleyhinəyik”, – deyən erməni baş nazirin Qranada görüşünü ehkamlaşdırmasının faydasızlığı aşkardır. Ən azından ona görə ki, görüşdə Azərbaycan iştirak etməyib və ölkəmizin iştirakı olmadan imzalanmış hər hansı regional əhəmiyyətli sənəd prinsipial əhəmiyyət daşımır.
Anklavlar və sülhün imitasiyası
N.Paşinyanın haqqında söz açacağımız məsələyə dair fikirlərini şərh etməzdən əvvəl bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyev Aİ Şurasının prezidenti Ş.Mişellə sonuncu telefon danışığı zamanı Ermənistanın nəzarətində ölkəmizə məxsus kəndlərin qaldığını vurğulamışdı. Bu fikir onu deməyə əsas verir ki, dövlətimizin başçısı bütün məsələlərdə olduğu kimi, mövcud istiqamətdə də prinsipialdır. Nikol isə müsahibəsində bildirib ki, Ermənistan ərazi idarəçiliyinin vacibliyinə əsaslanaraq, anklavlar məsələsini qaçılmaz hesab edir. O, ölkəsinin 29,8 min kvadratkilometrlik ərazisində hazırda Azərbaycanın nəzarətində olan bölgələrin də yer aldığına diqqət çəkib. Ermənistanın heç bir orqanının və ya nümayəndəsinin suveren ərazidən imtina etmək hüququnun olmadığından söz açan baş nazir anklavlarla əlaqədar problemin həllini sərhədlərin delimitasiyası, təhlükəsizlik məsələləri ilə əlaqələndirib.
N.Paşinyanın mövcud xüsusda bildirdiklərindən belə nəticə hasil olur ki, Ermənistan anklavlar məsələsini Bakı–İrəvan sülh razılaşmasının mühüm komponenti kimi irəli sürməkdədir. Əslində, bunu komponent yox, daha çox şərt kimi də qiymətləndirmək mümkündür. Belə yanaşma isə əsla yolverilməzdir. Həm Nikol, həm də onun xaricdəki dostları anlamalıdırlar ki, Azərbaycanla şərt dili ilə danışmaq ən azından ziyanlıdır. Özü də bunu nə qədər tez dərk etsələr, bir o qədər yaxşıdır.
Əlbəttə, Paşinyan o anlamda haqlıdır ki, həm anklavların, həm də daha geniş spektrli durumun əsaslı şəkildə müzakirəsi, sonradan vəziyyətin gərginləşməməsi baxımından vacibdir. Ancaq yuxarıda diqqətə çatdırdığımız xüsusları nəzərə alsaq, hazırda Ermənistanın Cənubi Qafqazla bağlı sülh gündəliyinin başlıca komponentlərindən yayındığını vurğulamaq yerinə düşər. Onun “təsdiq olunmuş xəritə” məntiqi də manipulyasiya və birtərəfli təqdimatdan başqa bir şey deyil. Söhbət hansı xəritədən gedir? 1975-ci ilin xəritəsindənmi? Nikol hansı səbəbdən məhz həmin xəritəni əsas götürür? Həmin xəritənin əsas götürülmə meyarı nədir? Nəhayət, Alma-Ata Bəyannaməsini əsas götürmək hara, xəritə söhbəti eləmək hara? Bütün bu kimi suallara cavab yoxdur. Daha doğrusu, Paşinyan yalnız öz ölkəsinin mənafeyini hesablayır. Elə sanır ki, əksini düşünən olmamalıdır. Baş nazirin “kimin nə qədər qoşunlarını geri çəkməlidir” deyimi də buna hesablanıb. Aydındır ki, Azərbaycan Ordusunun birləşmələrinin geri çəkilməsini nəzərdə tutur. Diqqət yetirək, o deyir ki, Azərbaycan Ermənistan Respublikasının ərazi bütövlüyünü tanıdığını açıqlayanda, konkret hansı ərazidən söhbətin getdiyini başa düşməyə ehtiyac var.
***
Sonda onu da deyək ki, Azərbaycan–Ermənistan sülh gündəliyi ilə bağlı məsələlər bir-biri ilə sıx sürətdə əlaqəlidir. Paşinyan və onun qərbli dostları Qarabağ üzərində manipulyasiya baxımından, belə demək mümkünsə, əl yeri qoyurlarsa, deməli, bu, istər-istəməz sülhün digər məqamlarına da mənfi təsirini göstərəcək. Paşinyanın Ermənistanın İctimai televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər həmin təsirlərin qaçılmazlığını göstərməkdədir. Bütün bunlar isə qarşıda nəzərdə tutulan Brüssel görüşünün nikbinlik aurasına bəri başdan xələl gətirməkdədir. Ancaq dəqiq tarixi bilinməyən Brüssel raunduna hələ var. O vaxtadək Paşinyan və komandası düşünməlidir ki, Qranada Sammitinin gətirdiyi mənasız eyforiyadan daşınmaq lazımdır. Orada imzalanmış hansısa sənədə əsasən illüziyalara qapılmaq yolverilməzdir. İrəvanda nəzərə almalıdır ki, Qərbin lakmus kağızlarına güvənib hansısa prinsiplər uydurmağa ehtiyac yoxdur. İlk növbədə ona görə ki, Azərbaycanın öz hərəkət trayektoriyası var. Buna kimsənin şübhəsi olmamalıdır.
Əvəz CAHANGİROĞLU
XQ