Tarix ənənələrin davamı üzərində qurulan zəruri proseslər ardıcıllığıdır. Bu baxımdan 1993-2003-cü illər ulu öndər Heydər Əliyevin gerçəkləşdirdiyi müstəsna xilaskarlıq missiyası mütləq inkişaf və tərəqqi dönəmi ilə əvəzlənməli idi.
Tarixin və dünya siyasi düzəninin gedişinə mükəmməl bələd olan ümummilli liderin 2003-cü ilin oktyabrında xalqa müraciətində “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” – fikri də bu həqiqətin ifadəsi idi. Bu gün ümummilli liderimiz Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi prioritetlər, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyası onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Hər bir xalqın tarixi inkişafına nəzər salsaq görərik ki, böyük uğurların əldə olunmasında, dünyada gedən intibah prosesində ölkələrin qabaqcıl pillələrdə qərarlaşmasında liderlərin rolu həlledicidir. İlham Əliyev bir daha sübut etdi ki, liderlik bacarığı elə siyasətçilərə məxsusdur ki, onlar xalqının, dövlətinin milli maraqlarını qorumaqla yanaşı, həm də öz ölkəsini davamlı şəkildə inkişaf etdirir, yorulmadan irəliyə doğru apara bilirlər.
15 oktyabr 2003-cü ildə Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna səs verdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. İlham Əliyev təkcə əsl siyasi varis olduğunu sübut etmədi. Eyni zamanda, ona qədər başlanan yolun davamı kimi ölkəni daha da inkişaf etdirdi, onun nüfuzunu artırdı, sabitliyi möhkəmləndirdi.
Prezident İlham Əliyev anti-Türk, anti-Azərbaycan mövqeyində dayanan dünya güclərinin ölkəmizə qarşı istismarçı siyasi planlarının gerçəkləşməsinə imkan verməyərək, demokratiyanın milli kimliyimizlə, eyni zamanda, müsəlman-türk mental mühiti ilə uzlaşan bir sistem olduğunu sübut etdi və intellektual əsaslara söykənən modernist cəmiyyət formalaşdıra bildi. Bu, müasir dünya siyasi sisteminə möhür vuran inkişafın Azərbaycan modelidir. Artıq dünya birliyi – beynəlxalq ictimaiyyət “inkişafın milli – Azərbaycan modeli” adlı siyasi-iqtisadi möcüzədən, inkaredilməz reallıqdan bəhs edir. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, makroiqtisadi sabitliyin, idarəetmədə effektivliyin təmin olunması, nümunəvi sosial siyasətin həyata keçirilməsi, ölkənin maliyyə gücünün – valyuta ehtiyatlarının artırılması, dünya iqtisadiyyatına uğurlu inteqrasiyanın reallaşdırılması və digər mühüm faktlar sosial-iqtisadi inkişafın Azərbaycan nümunəsinin mühüm cizgilərini təşkil edir.
Məhz 2003-cü ildən isə ölkəmiz Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi mütərəqqi islahatlarla inkişafın və tərəqqinin yeni mərhələsinə qədəm qoyaraq, regional güc mərkəzinə çevrilmiş, dünyada öz layiqli yerini tutmuşdur. O, xalqa ilk müraciətində “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” – demişdi. Bu gün həmin ifadənin həqiqətə çevrildiyi tarixə şahidlik etmək hər bir azərbaycanlıya yalnız qürur hissləri yaşadır.
İndi, üzərindən 20 il keçdikdən sonra həmin dövrə boylananda, təkcə ölkəmizdə deyil, bütün dünyada müasir lider obrazı yaratmış Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli inkişaf strategiyalarının praktiki nəticələrini nəzərdən keçirəndə və təhlil edəndə tarixən zəngin dövlətçilik ənənəsinə malik Azərbaycan xalqının nə qədər doğru seçim etdiyi bir daha təsdiqlənir. Azərbaycan bu illər ərzində özünü müstəqil dövlət kimi təsdiq edə bildi. Prezident İlham Əliyevin siyasi müdrikliyi nəticəsində Azərbaycan hazırda bütün maraqların kəsişdiyi və milli maraqlarımızın öndə tutulduğu geopolitik məkana çevrilib. Bu gün əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Azərbaycanın rəhbəri Cənubi Qafqazda yeni siyasi və iqtisadi vəziyyət yarada bildi və bu, dünya dövlətləri tərəfindən də qəbul edilir.
Cənab İlham Əliyev həmişə qeyd edir ki, “bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır”. Biz ölkə başçısının fəaliyyətində bunun əyani təsdiqini görürük. Vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman sahələrində davamlı və dinamik sürətlə inkişaf edir.
İlham Əliyev rəhbərliyinin xüsusi diqqət çəkən məqamlarından biri də dövlətimizin beynəlxalq arenada tutduğu mövqedir. Azərbaycan Prezidentinin böyük siyasi bilikləri, təcrübəsi, diplomatiya elmini dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır. Ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Prezident İlham Əliyev xarici siyasət kursunu bu prinsiplər əsasında qurub. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu praktikada təsdiqləyib. Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. Bu səbəbdəndir ki, dünya Azərbaycanın sözünü eşidir, Prezidentimizin irəli sürdüyü beynəlxalq və regional təşəbbüslərə dəstək verir.
Əlbəttə, Ermənistan istisna olmaqla, bütün qonşular, həmçinin digər xarici tərəfdaş ölkələrlə iqtisadi müstəvidə qurulan səmərəli əməkdaşlıq qarşılıqlı siyasi əlaqələrin formalaşmasında və möhkəmlənməsində mühüm rol oynayır. Bu gün həm də dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan qonşu ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq, mövcud münasibətlərini daha da möhkəmləndirib. Bu illər ərzində beynəlxalq təsisatlarla da səmərəli əməkdaşlıq əlaqələri qurması ölkəmizin beynəlxalq imicinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Azərbaycanın Müstəqil Dövlətlər Birliyi, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı ... kimi digər qurumlarla səmərəli əməkdaşlıq əlaqələri var. Bu gün dünyada yeni bir güc mərkəzinə çevrilməklə yanaşı, həm də regional iqtisadi-siyasi proseslərə ciddi təsir imkanlarına malik nüfuzlu bir quruma çevrilmiş Türk Dövlətləri Təşkilatı bu sırada xüsusi yer tutur.
Heç şübhəsiz, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün və bütövlükdə, dövlətçilik tariximizin ən mühüm – Zirvə hadisəsi torpaqlarımızın işğaldan azad olunmasıdır. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıraraq və uğurlu diplomatik fəaliyyət həyata keçirərək münaqişənin həllinə nail olub – tarixi ədaləti, ərazi bütövlüyünü bərpa edib. 44 günlük Vətən müharibəsində dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin şanlı Zəfər yürüşü, işğalçıları darmadağın etməsi xalqımızın qürur mənbəyi, dövlətimizin isə gücünün göstəricisidir.
Böyük Qələbəni qanı-canı hesabına yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən Zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını xalqımızın xoşbəxtliyinə həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu öndərin arzusunu reallaşdırmış oldu. Azərbaycan Qarabağa qovuşdu, tarixi Zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda həyata keçirilən qətliamlar zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında alındı. İşğalçı Ermənistana layiq olduğu yer göstərildi. 44 günlük Zəfər “Qarabağ Azərbaycandır və nida işarəsi” – söyləyən Prezidentimizin son 20 ildə – hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdiyinin sübutudur.
Zəfər savaşında məğlub olaraq 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına bənzər üçtərəfli Bəyanata imza atmış Ermənistanın həmin sənədin müddəalarına zidd olaraq, Azərbaycanın Qarabağ bölgəsində silahlı birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalırdı. Vətən müharibəsindən sonra Ermənistan, eləcə də onun dəstəyi ilə ərazilərimizdə qurulan xunta rejimi Azərbaycanın sülhsevər siyasətini adekvat dəyərləndirmədi. Bununla da, əslində, ciddi bir fürsəti əldən vermiş oldu. Azərbaycan Prezidentinin də xalqa müraciətində qeyd etdiyi kimi, vəziyyəti gərginlik həddinə çatdıran Ermənistan tərəfi və artıq ləğv edilmiş xunta rejiminin addımları oldu. Halbuki əgər Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliklərə əməl etsəydi, indiki nəticəyə danışıqlar yolu ilə də çatmaq mümkün idi. Amma Azərbaycan dövlətinin bütün sülhpərvər çağırışlarına baxmayaraq, Qarabağda yaşayan ermənilər və dəstəkçiləri hər vəchlə reinteqrasiya prosesindən qaçır və Azərbaycan dövlətinə tabe olmurdular. Hətta yenidən özlərinin qondarma idarəçilik qurumlarını yaratmağa cəhd göstərirdilər. Dövlət nümayəndələrimizlə görüşlərində isə qəbulolunmaz şərtlər irəli sürürdülər.
Təbii ki, bu prosesin sonu olmalı idi və oldu. Azərbaycan dövləti 24 saat belə çəkməyən antiterror tədbirləri ilə erməni xuntasının, Ermənistan dövlətinin və imperialist maraqlarını həyata keçirmək istəyən beynəlxalq güclərin belini qırdı. Dünənədək ipə-sapa yatmayan separatçılar ağ bayraq qaldıraraq, təslim oldular və Azərbaycan dövlətinin bütün şərtlərini qəbul edərək, tələblərimizi yerinə yetirmək üçün Yevlax şəhərinə gəldilər. Qısası, az qala əsrə bərabər olan bir gün bölgəmizdə mənafelərimizə zidd bütün maraqları alt-üst etdi və Xankəndi başda olmaqla yerdə qalan, nəzarətimizdə olmayan ərazilərdə bayrağımızın dalğalanmasını mütləqləşdirdi.
Zəfər savaşında və ondan sonra İlham Əliyev Ali Baş Komandan kimi, qətiyyətini tam ortaya qoymaqla yanaşı, həm də peşəkar diplomat olaraq dünyaya Azərbaycan reallığını qəbul etdirdi. Düşmənin bu reallığı qəbul etməməsinin cavabı isə 19 sentyabrda ildırımsürətli antiterror tədbirləri ilə verildi. “Nəyi nə zaman etməyi hamıdan yaxşı bilən” İlham Əliyevin rəhbərliyi altında Qarabağda suveren hüquqlarımız tam bərpa edildi. Bu, bir tərəfdən, yüksək hərbi peşəkarlıq nümunəsi idi, digər tərəfdən Azərbaycan xalqının, dövlətinin humanist mahiyyətini ifadə edirdi. Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin yaşayış yerlərinin yaxınlığında atəş vasitələri yerləşdirdiyini nəzərə alaraq, dinc sakinlərə mümkün olan bütün vasitələrlə xəbərdarlıq etdi. Azərbaycan zəmanət verdi ki, qanunlara və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi üçün zəruri tədbirlər görüləcək. Uşaqlara, qadınlara, yaşlılara, əlillərə, yardıma ehtiyacı olan bütün insanlara müvafiq dəstək göstəriləcək. Həmişə olduğu kimi, Azərbaycan dövləti öz sözünün üstündə durdu. Separatçı xunta rejimi məhv oldu. Xocalı qatilləri, şovinist hərbi cinayətkarlar indi qoluqandallı Azərbaycan qanunları qarşısında cavab verirlər.
Regionda ədalətin bərpa olunması üçün torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, 35 ildir Azərbaycan xalqına qarşı cinayətlər törədən şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməsi vacibdir. Ona görə Qarabağda separatizmin başını əzən dövlətimiz insanlıq əleyihinə, müharibə və soyqırımı cinayətləri törətmiş separatçı qüvvələrin rəhbərləri – nə, Xocalıda, Ballıqayada, Başlıbeldə, Gəncədə, Bərdədə, Tərtərdə və daha sadalamadığımız neçə-neçə ərazidə xalqımıza qarşı soyqırımı, qətliamlar törədən, əsirlikdə, girovluqda olan azərbaycanlılara olmazın işgəncələr verərək, öldürən erməni qatillərinə də bir-bir layiqli cəzalarını verəcək. Bu şəhidlərin ruhunun şad olduğu, xalqın 30 illik qisas və kədər hissinin qürur və sevinclə əvəzlənmə tarixidir ki, bu tarixi yazan şəxsiyyət də cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir!
Artıq ölkəmizin qarşısında yeni perspektivlər açılıb – Azərbaycan milli inkişafın yeni mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin aparılması, regionda kommunikasiyaların yaradılması, o cümlədən Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, milli həmrəyliyin gücləndirilməsi, sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərinləşdirilməsi və digər mühüm amillər Azərbaycanın Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth etməsinə imkan verəcək. Bəli, bütün dünya dövlətləri və xalqları bir daha gördü ki, 2003-cü il 15 oktyabr prezident seçkisi xalqımızın öz liderinə sevgisinin, inamının nümayişi oldu. Xalqımızın cənab İlham Əliyevə, onun siyasətinə inamı tükənməzdir.
Bir sözlə, bütün bunlar onun göstəricisidir ki, Prezident İlham Əliyevin fəaliyyəti hər sahədə əhəmiyyətli və kompleks səciyyə daşıyan uğurların qazanılmasını şərtləndirib. Məhz bunun nəticəsidir ki, beynəlxalq leksikonda "milli inkişafın Azərbaycan modeli" anlayışı meydana çıxıb. Dövlət başçısının xalqı qarşısında verdiyi bütün vədləri uğurla yerinə yetirməsi, hər bir azərbaycanlıya və ölkəmizin problemlərinə böyük həssaslıqla yanaşması isə Prezident İlham Əliyevin "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" vədinin mütləq surətdə reallaşdığını bir daha təsdiqləyir. Bu reallıq isə öz əbədiliyi ilə xalqımız tərəfindən qorunur, dəyərləndirilir və sevilir!
Beləliklə güclü xalq, dövlət başçımız İlham Əliyev hər dəfə Prezident seçilməklə güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətinə çevrildi. 2003-cü il 15 oktyabr prezident seçkilərindən start götürən və zamanın axarında öz layiqli yerini tutan Azərbaycan dövləti bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edəcək və çiçəklənəcək.
Fəzail İBRAHİMLİ,
Milli Məclis Sədrinin müavini