Səmərqənd şəhərində “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitabın təqdimatı keçirilib

post-img

 Qədim Səmərqənd şəhərində Özbəkistan Yazıçılar İttifaqının təşəbbüsü ilə çap olunan “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitabın təqdimatı keçirilib.

    Mərasimdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak edib. 

     Təqdimatı Özbəkistan Yazıçılar İttifaqı Səmərqənd vilayəti filialının sədri Taşpulat Tuqalov açaraq 100 cildlik “Türk ədəbiyyatının inciləri” adlı toplu haqqında məlumat verib, burada bütün türkdilli dövlətlərin şair və yazıçılarının təmsil olunduğunu bildirib, müstəqillik illərində Türk dünyasının şair və yazıçılarından ibarət bu həcmdə kitabın ilk dəfə çap edildiyini vurğulayıb.  

     Senator Fərman Toşev Özbəkistanda və Türk dünyasında “Türk ədəbiyyatının inciləri” adlı 100 cildliyə böyük maraq olduğunu bildirib, toplunun Türk dünyası arasında mədəni-humanitar sahədə əlaqələri daha da dərinləşdirəcəyinə əmin olduğunu bildirib.  

     Özbəkistan Yazıçılar İttifaqının əməkdaşı Risalət Heydərova, professor Adxambek Alimbekov, tanınmış şair Tahir Qəhhar və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Şəhla Qasımova toplunun hazırlanması istiqamətlərindəki fəaliyyətlərindən danışıblar. Bildirilib ki, 100 cildliyin 16 cildi Azərbaycan ədəbiyyatına həsr olunub və topluda Nizami Gəncəvi, Heyran xanım, Xurşudbanu Natəvan, Hüseyn Cavid, Mikayıl Müşfiq, Almas İldırım, Əhməd Cavad, Rəsil Rza, Səməd Vurğun, Anar, Sabir Rüstəmxanlı, Füruz Mustafa, Akif Əhmədgil, Afaq Şıxlı və digər 100-dən çox şair və yazıçının əsərləri toplanıb. 

     Şəhla Qasımova Azərbaycan ədəbiyyatı haqqında danışıb, Azərbaycan şair və yazıçılarını çox sevdiyini bildirib, Əhməd Cavad, Mikayıl Müşfiq, Almas İldırımdan etdiyi tərcümələrindən nümunələr oxuyub. 

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri 

Səmərqənd

 

Mədəniyyət