Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 6-da ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliçlə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin səviyyəsindən məmnunluq ifadə edilib. Dövlət başçıları arasında sıx təmasların və qarşılıqlı səfərlərin münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabr ayında Serbiyaya rəsmi səfəri zamanı prezidentlər tərəfindən imzalanan Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandumun dövlətlərarası əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırdığı qeyd olunub. Eyni zamanda, Serbiya Prezidenti Aleksandar Vuçiçin ötən ilin dekabrında Azərbaycana işgüzar səfərinin ikitərəfli əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Baş nazir cari ilin may ayında Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak və çıxış etdiyinə görə Vladimir Orliçə təşəkkürünü bildirib.
Qeyd olunub ki, Azərbaycan və Serbiya həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.
Tərəflər ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması istiqamətində əlavə addımların atılması zərurətini təsdiq ediblər. Bu xüsusda cari ilin aprel ayında Belqradda keçirilən birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasında əldə olunan razılaşmaların praktiki icrasının vacibliyi vurğulanıb.
Energetika sahəsində əməkdaşlığa toxunularaq ötən ilin oktyabr ayında Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyəti vurğulanıb, Bolqarıstan-Serbiya İnterkonnektoru istismara veriləndən sonra Serbiyanın da Azərbaycan qazını ala biləcəyi diqqətə çatdırılıb.
Görüşdə, həmçinin iki ölkə arasında nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.