Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudovun “Seçilmiş əsərləri”nin XVII cildi nəşr olunub.
Yeni nəşrə Yaqub Mahmudovun “Real tarix və “böyük Ermənistan” uydurması” kitabının Azərbaycan, türk, ingilis, rus, alman və fransız dillərində nəşr olunmuş variantları daxil edilib.
Bu barədə XQ-yə akademikin özü məlumat verib.
On bir dildə çap olunmuş “Real tarix və “böyük Ermənistan” uydurması” kitabında ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigiyalılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir. İlk dəfə olaraq sübut edilir ki, müasir ermənilər “Armeniya”, “armyane”, “erməni” adlarına Şərqi Anadoluya köçüb gəldikdən sonra sahib çıxıblar. Tarixdə heç zaman “böyük Ermənistan” adlanan dövlət qurumu olmayıb. “Böyük Ermənistan” anlayışı Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına sahib çıxmaq məqsədilə erməni saxtakarları tərəfindən sonradan uydurulub.
“Seçilmiş əsərlər”in XVII cildinin elmi redaktoru Dövlət Mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli, dizayneri riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayeva, texniki redaktoru isə Aydan Əliməmmədovadır.
Qeyd edək ki, “Real tarix və “böyük Ermənistan” uydurması” kitabının ibri, gürcü, ərəb, fars və ispan dillərində çap olunmuş variantları “Seçilmiş əsərlər”in XVIII cildinə daxil ediləcək.
Anar ƏLİ
XQ