ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri, senator Ben Kardin çərşənbə günü “Reuters” agentliyinin müxbirinə müsahibəsində xalqımızın və ölkəmizin ünvanına qərəzli və qalmaqallı fikirlər səsləndirib. Yenicə komitə sədri seçilən senator Qarabağdakı son proseslərdən danışarkən deyib ki, Birləşmiş Ştatlar Azərbaycana təhlükəsizlik yardımını dayandırmalıdır.
Demokratlar partiyasını təmsil edən siyasətçi bu məsələ ilə bağlı bəyanatında sonra bildirib ki, guya dünya Azərbaycanın əli ilə koordinasiya edilmiş, məqsədyönlü etnik təmizləmə ilə üzləşməkdə davam edərkən, Birləşmiş Ştatlar həm məcburi köçkün erməniləri dəstəkləməyə, həm də Azərbaycanı “məsuliyyətə cəlb etməyə” üstünlük verməlidir.
ABŞ senatorunun bəyanatı heç bir beynəlxalq hüquq normalarına sığmır. Ona görə ki, Azərbaycan dövləti bu il sentyabrın 19-da Qarabağda öz suveren hüquqlarını bərpa etmək üçün lokal xarakterli antiterror tədbirləri keçirib. Bu zaman dinc əhaliyə heç bir fiziki təzyiq göstərilməyib, onlara maddi və mənəvi zərər vurulmayıb.
Üstəlik, sərhədlərimizi tərk edən hər bir erməni ailəsinə Azərbaycanda qalacaqları halda normal yaşamaları üçün hər cür şəraitin yaradılacağı vəd edilib. Bütün bunlar ölkəmizin Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən lentə alınıb və internetdə “Youtube” kanalı vasitəsilə fasiləsiz olaraq yayımlanıb.
Bütün dünya Azərbaycan dövlətinin Qarabağda ermənilərlə olduqca sivil və mədəni şəkildə davrandığının fərqindədir. Lakin amerikalı senatorun bütün bunlardan guya xəbəri yoxdur. Siyasətçi onu da bilməmiş deyil ki, 1988-ci ilin qarlı-sazaqlı qış günlərində 200 mindən çox soydaşımız Ermənistandakı ata-baba yurdlarından zorla qovulublar. Onların çoxu bu zaman ağır zorakılıq və məhrumiyyətlərə məruz qalıb.
Senator Ben Kardin, nədənsə əsl həqiqəti görmək istəmir. “ABŞ Azərbaycanın əlavə ərazi iddialarının olmaması üçün təxribatçı ritorikanı pisləmək də daxil olmaqla, addımlar atmalıdır”, --deyən Ben Kardinin Azərbaycana qarşı yanlış mövqeyi sadəcə başadüşülən deyil.
Senatorun sözündən belə çıxır ki, guya Azərbaycan dövləti yeni ərazi iddiasındadır. Bu, tamamilə əsassız fikirdir. Şübhəsiz ki, bu saxta və əsassız fikirləri dövriyyəyə erməni lobbisi buraxıb və amerikalı senator faktiki olaraq onların dili ilə danışır.
Yuxarıda qeyd etdiyimiz kimi, yenicə ABŞ Senatında Xarici əlaqələr komitəsinin sədri seçilən Ben Kardin bu vəzifədə ermənipərəst senator Robert Menendezi əvəz edib. Xatırladaq ki, bu, həmin Menendezdir ki, qızıl külçələr şəklində rüşvət aldığı iddia edilir. Bu günlərdə onun erməni əsilli həyat yoldaşının piyadanı vurduğu və polisin bu işi ört-basdır etdiyi də bəlli olub.
Hazırda ABŞ Federal Təhqiqatlar Bürosunun istintaqı altında olan senator Menendez son günlərə qədər Azərbaycana qarşı iftiralarından əl çəkmirdi. O, ABŞ Senatında bu il sentyabrın 13-də təşkil etdiyi dinləmələrdə növbəti dəfə kəskin anti-Azərbaycan bəyanat vermiş, ölkəmizin ünvanına əsassız ittihamlar səsləndirmişdi. Lakin ilahi ədalət hər şeyi yerbəyer etdi, kimin kim olduğu bir daha bəlli oldu.
Arzu edərdik ki, senator Ben Kardin rəhbərlik etdiyi komitədə öz sələfindən fərqli olaraq Qarabağda gedən proseslərə daha ədalətli və qərəzsiz yanaşsın, erməni lobbisinin təsiri altına düşməsin. Çünki ABŞ kimi böyük bir dövlətin Cənubi Qafqazda gedən proseslərə mövqe sərgiləyərkən, ayrı-seçkiliyə yol verməyə haqqı yoxdur.
Azərbaycanın heç bir xalqın və dövlətin torpağında gözü yoxdur. Ölkəmiz heç vaxt etnik təmizləmə aparmayıb və niyyəti də yoxdur. Etnik təmizləməni hər zaman Ermənistan hökuməti aparıb. Bu monoetnik dövlətin ərazisində bir nəfər də olsun azərbaycanlı yoxdur.
Ben Kardin müsahibədə sonda onu da bildirib ki, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin açılmasına çalışır. Məgər bu, pisdir?! Senator Zəngəzur dəhlizinin fəaliyyətə başlamasını alqışlamaq əvəzinə, niyə ona qarşı çıxır? Axı, regionda yeni kommmunikasiyaların açılması bölgəyə sülh və sabitlik gətirə bilər. Bunu hər kəs başa düşür. Deməli, okeanın o tayında Cənubi Qafqazda sabitlik və rifaha etiraz edən qüvvələr mövcuddur. Təəssüf ki, belədir!
Ermənistandan fərqli olaraq Azərbaycan dövləti ölkə Konstitusiyasına və qanunlarımıza hörmət edən millətindən və dinindən asılı olmayaraq hər bir vətəndaşın, eləcə də ermənilərin təməl hüquqlarını qorumağa hazırdır. Bakı bölgədə sülhün və əmin-amanlığın bərqərar olunması üçün çalışır. Bunu görməmək, üstəlik, ölkəmizə böhtanlar yağdırmaq heç bir siyasi etikaya və mənəviyyata sığmır.
M.HACIXANLI
XQ

