Azərbaycan–İran: əlaqələrin hazırkı durumu və atılacaq addımlar

post-img

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov oktyabrın 4-də İran İslam Respublikasına səfəri çərçivəsində İran Prezidenti Seyid İbrahim Rəisi, Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Əkbər Əhmədian və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycan-İran mü­nasibətlərinin hazırkı durumu, həyata keçirilən təmaslar və ikitərəfli əlaqələrin danışıqlar nəticəsində irəli aparılması və yeni mərhələyə keçməsi üçün zəruri olan birgə qarşılıqlı addımların atılması, müvafiq tədbirlərin keçirilməsi müzakirə olunub.

Həmçinin cari il yanvarın 27-də Azər­baycanın Tehrandakı səfirliyinə hücum edən terrorçunun məhkəmə tərəfindən ən ağır cəzaya məhkum olunması kon­tekstində ölkəmizin səfirliyinin fəaliyyəti­nin bərpası məsələsi müzakirə edilib.

Görüşlərdə, eyni zamanda, ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə xidmət edən vacib nəqliyyat-kommuni­kasiya, iqtisadi, eləcə də enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb. Bu layihələrin həyata keçirilməsi ilə bağlı hər iki ölkənin müvafiq qurumlarının sıx əməkdaşlığı təqdir olunub. Bu baxım­dan ölkələrimizi birləşdirən Şimal-Cə­nub Nəqliyyat Dəhlizi, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Nax­çıvan arasında İran ərazisi vasitəsilə yeni kommunikasiya bağlantılarının ya­radılması üçün layihələrin həyata keçi­rilməsi, energetika layihələri, xüsusilə “Xudafərin” və “Qız Qalası” su bəndlə­rinin istifadəyə verilməsini təmin edən tədbirlərin icrası, habelə Araz çayı üzə­rində digər enerji layihələri hər iki tərəf­dən dəstəklənib.

Müzakirələrdə regional məsələlərə xüsusi diqqət yetirilib. Azərbaycan rəs­misi Ermənistanın və Qarabağ bölgə­sindəki separatçı qüvvələrin siyasi və hərbi təxribatlarına son qoymaq, Azər­baycanın suveren ərazisi olan Qarabağ bölgəsini qanunsuz silahlı birləşmələr­dən təmizləmək məqsədi daşıyan lokal xarakterli antiterror tədbirləri barədə ətraflı məlumat verib. Bununla yanaşı, İran tərəfi erməni sakinlərin Qarabağ ərazisində sülh və əmin-amanlıq için­də yaşamasını təmin edən Azərbaycan Konstitusiyası və qanunları əsasında re­inteqrasiya prosesi barədə mərkəzi icra hakimiyyəti orqanlarının həyata keçirdiyi genişmiqyaslı tədbirlər barədə məlumat­landırılıb. 

Çoxşaxəli Azərbaycan-İran münasi­bətləri, o cümlədən hərbi və hərbi-tex­niki əməkdaşlığın öz növbəsində regi­onda əmin-amanlıq, etimad və inkişaf məqsədlərinə xidmət etdiyi qeyd olunub.

Görüşlərdə, İran tərəfindən bu ölkə­nin Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələri genişləndirmək və inkişaf etdirmək iradəsində olduğu bil­dirilib.

XQ

Siyasət