Almaniya region ölkələrinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir

post-img

Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı əsnasında regional məsələlərlə bağlı fikir mübadiləsi apa­rılıb.

Olaf Şolts region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almani­yanın dəstəyini ifadə edib. O vurğula­yıb ki, ölkəsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rəhbərliyi ilə aparılan Brüssel prosesini dəstəkləyir. Almaniya Kansleri BMT-nin ölkəmiz­dəki rezident-əlaqələndirici missiyası­nın Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət bir addım olduğunu deyərək bunu yüksək qiymətləndirib.

Dövlətimizin başçısı Azərbaycanın regional sülh gündəliyinə sadiqliyini və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aparılan Brüssel pro­sesini yaxından dəstəklədiyini vurğula­yıb.

Prezident İlham Əliyev mərkəzi hökumət tərəfindən Qarabağın erməni sakinlərinə göstərilən humanitar yar­dımları qeyd edib, miqrasiya, sosial müdafiə sahələri ilə bağlı yerində er­məni sakinlərə xidmətlər göstərildiyini deyib, müvafiq qeydiyyat proseslərinin başladığını və bunun üçün də ayrıca portalın müəyyən edildiyini bildirib.

Dövlətimizin başçısı Azərbayca­nın bu sahədə təmin etdiyi şəffaflığın nümayişi olaraq, BMT-nin ölkəmizdə­ki rezident-əlaqələndirici ofisinin və BMT-nin ixtisaslaşmış təsisatlarının nü­mayəndələrindən ibarət qrupun əraziyə səfər etdiklərini bildirib, onların da mülki əhaliyə və mülki-ictimai infrastruktura heç bir ziyanın qeydə alınmadığı ilə bağlı müvafiq bəyanatla çıxış etdiklərini diqqətə çatdırıb.

Prezidentin Mətbuat Xidməti

Son xəbərlər