İlon Maskın virtual Bakı açıqlamaları
“SpaceX”in təsisçisi, baş icraçı direktoru və texniki direktoru İlon Mask oktyabrın 5-də Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin (IAF) plenar iclasına canlı bağlantı ilə qoşulub.
"Gələcək üçün əvəzsiz imkanlar" mövzusunda keçirilən plenar iclas Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Klay Mourinin moderatorluğu ilə baş tutub.
Canlı bağlantı “SpaceX”in inqilabi “Starship” və “Super Heavy” daşıyıcısı haqqında bəhs edən İlon Mask və IAF prezidenti Klay Mouri arasında maraqlı müzakirə formatında keçirilib.
İlon Mask ona ünvanlanmış “SpaceX”in kosmik fəaliyyəti barədə sualları cavablandırıb.
İclasda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov və bir sıra dövlət rəsmiləri, konqres nümayəndələri iştirak edib.
***
NASA Azərbaycanın “Ayda virtual səyahət”ini dəstəkləyir
“74-cü Beynəlxalq Astronavtika Sərgisində öz ideyamız – “Ayda virtual səyahət” ilə təmsil olunuruq. Biz bu layihəni Azərbaycanın ilk kosmik startapı adlandıra bilərik. Layihəmiz bir sıra ölkələrin bu tip avadanlıqlarını geridə qoyub. NASA-nın nümayəndələri bu startapı dəstəkləməyə hazır olduqlarını bildiriblər. Bizim üçün çox qürurvericidir ki, 31 azərbaycanlı tərəfindən hazırlanmış məhsul burada xarici qonaqlara təqdim olunur”.
Bunu Azərbaycanın “BirAiny” şirkətinin təsisçisi və rəhbəri Fuad Tağıyev deyib.
O bildirib ki, startap layihəsinin xüsusi avadanlığına qalxaraq Ay üzərində uçuş həyata keçirmək mümkündür.
XQ

