Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) və “Israel Aerospace Industries” şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
“Azərkosmos”un məlumatına görə, “Azersky-2” proqramı ölkədə Yer səthinin müşahidəsi sektorunda davamlılığı təmin etməklə yanaşı, biznes baxımından da yeni səhifə açacaq, o cümlədən ölkəmizdə kosmik ekosistemin daha da inkişafına xidmət edəcək.
Müqaviləyə əsasən, “Azersky-2” proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar yüksək ayırdetməli elektro-optik sensora malik Yerin məsafədən müşahidə peykləri olacaq. “Israel Aerospace Industries” şirkəti peyk qruplaşmasının ilk peykinin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağını azərbaycanlı mütəxəssislərin iştirakı ilə aparacaq.
İsrailli mütəxəssislər, həmçinin respublikamızda qurulacaq peyklərin inkişafı mərkəzinin layihələndirilməsində də “Azərkosmos”a dəstək göstərəcək. Azərbaycanlı mütəxəssislərin əldə etdiyi təcrübə isə ikinci peykin ölkəmizdə hazırlanmasına imkan verəcək.
“Israel Aerospace Industries”in proqramı çərçivəsində “Azersky-2” sisteminin idarə edilməsi və istismarı gerçəkləşdiriləcək. Şirkət tərəfindən, həmçinin peykə nəzarət və peyk təsvirlərinin emal olunmasına dair yerli mütəxəssislərə təlim keçiriləcək. Peyklər 2026 və 2028-ci illərdə orbitə buraxılacaq.
XQ

