Roma Statutu – Ermənistanın anti-Rusiya dirənişi

post-img

Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna bir neçə gün əvvəl Ermənistanda səfərdə olarkən, Roma Statutunu ratifikasiya etdiyi üçün təbriklərini çatdırmağı da yaddan çıxarmayıb. Heç şübhəsiz, bu sənəd də İrəvanın anti-Rusiya fəaliyyətinin vacib elementlərindən biridir. Eyni zamanda, Ermənistan iqtidarının belə demək mümkünsə, başlıca illüziya mənbəyidir. Kolonna başda olmaqla Prezident Emmanuel Makron Fransası isə İrəvanın bütün illüziyalarını körüklədiyi kimi, Roma Statu ilə, necə deyərlər, boyundan yuxarı hoppanmasını da alqışlamalıdır və alqışlayır da. Çox güman, avantüristlərin xislətlərinə bələddir. Onları ruhlandırmağın və dağın başına qaldırmağın vacibliyini yaxşı anlayır. Əlbəttə, Ermənistanın dağdan aşağı yuvarlanmasına nə Kolonna mane olacaq, nə də Makron. 

***

Başlayaq ondan ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsas­naməsi (Rome Statute of the Interna­tional Criminal Court) 15 iyun–17 iyul 1998-ci il tarixləri arasında İtaliyanın paytaxtında keçirilmiş BMT Konfran­sının qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin qurulması haqqında statutdur. 2016-cı ilin mart ayından eti­barən 139 dövlət sənədi imzalamışdı ki, onlardan 124-ü onu təsdiqləmişdi. Yəni Ermənistan sözügedən əsas­naməni imzaladıqdan sonra sənədi təsdiqləyən ölkələr sırasında sayca 125-cidir. 

Rusiyaya gəldikdə isə, ölkə Roma Statutunu 2000-ci ilin sentyabrında imzalasa da, 2016-cı ilədək təsdiqlən­məmiş saxlamışdı. 2016-cı ildə Prezi­dent Vladimir Putin sənədin qəbuledil­məzliyinə dair sərəncam imzalamışdı. Bu qərar ölkənin milli maraqları baxı­mından izah edilmişdi. Bir çox siyasi müşahidəçilər isə məsələni Rusiyanın Ukraynanın Krım Muxtar Vilayətini ələ keçirməsi ilə əsaslandırmış və bildir­mişdilər ki, Moskvanın sənədin ratifika­siyasından daşınması onun müddəa­larının Kremlə qarşı tətbiqi ehtimalına görədir. 

***

Yeri gəlmişkən, Ermənistan baş na­ziri Nikol Paşinyan da bir müddət əvvəl “Politoco Europe” nəşrinə müsahibə­sində Roma Əsasnaməsinin ölkəsinin təhlükəsizlik maraqları baxımından uyğunluğunu vurğulamışdı. Nikol fik­rini belə əsaslandırmışdı ki, İrəvanın hazırkı təhlükəsizlik alətləri tələbatla­ra cavab vermir və onların yeniləri ilə əvəzlənməsi şərtdir. 

Əlbəttə, erməni baş nazirin bu fi­kirləri söyləyərkən, Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyün Ermə­nistana heç bir fayda gətirmədiyini söy­ləməsi diqqətçəkəndir. Digər tərəfdən, Paşinyan Roma Əsasnaməsinin vacib­liyinə dair izahına Qarabağ məsələsini də əlavə etməyi yaddan çıxarmamış və bildirmişdi ki, bölgədəki Rusiya sülh­məramlıları üzərlərinə düşən öhdəliklə­ri yerinə yetirməyi bacarmırlar. Əlbəttə, Nikol layihənin öz aləmindəki ən böyük hədəfini də açıqlayıb. Hədəf Azər­baycandır. Paşinyan sənədin köməyi ilə ölkəmizi məsuliyyətə cəlb edəcəyi düşüncəsindədir. Əlbəttə, onun belə fikir bildirməsi diqqəti əsas məsələdən yayındıra bilməz. Çünki indiki halda başlıca hədəfin Rusiya olduğu aşkar­dır. Çünki ortada Putin amili var. Buna aydınlıq gətirəcəyik. 

***

Hələlik isə bildirək ki, Roma Statutu­nun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır. Bunlar soyqırımı, insanlığa qarşı cinayətlər, müharibə və təcavüz cinayətləridir. Bunlara heç bir məhdudiyyət tətbiq olunmur. Roma Statutuna əsasən BCM, dövlətlərin öz­lərinin həll etməkdə çətinlik çəkdikləri və müdaxilə etmək istəmədikləri vəziy­yətlərdə, yalnız dörd əsas beynəlxalq cinayətin araşdırmasını apara bilər. 

Nəhayət, onu da bildirək ki, BCM Rusiya Prezidenti V.Putinin həbsinə order verib. Qərar Ukraynadakı mü­haribə kontekstində çıxarılıb və Kreml lideri, faktiki olaraq, müharibə cinayə­ti törətməkdə ittiham olunub. Konkret desək, V.Putinin 2022-ci il fevralın 24-dən etibarən Ukraynanın ərazilərindən əhalinin (uşaqların) qanunsuz deporta­siyasını və Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşı­dığı bildirilir. İndi Ermənistan BCM-nin Roma Statutu üzrə bütün öhdəliklərini tanıyırsa, deməli, Putin bu ölkəyə ayaq basdığı anda həbs edilməlidir.

***

Qeyd edək ki, Ermənistanın Kons­titusiya Məhkəməsi Roma Statutunda nəzərdə tutulmuş öhdəliklərin konstitu­siya uyğunluğunu hələ 2022-ci ildə təs­diqləmişdi. Təsdiqləmiş və ratifikasiya üçün təqdim etmişdi. Lakin o vaxtdan hökumət bu məsələni ləngidirdi. Paşin­yan, sanki əlverişli məqam gözləyirdi. İrəvan anti-Moskva ritorikasını güclən­dirdikcə, proseslərin Roma Statutunun ratifikasiyasına doğru getdiyi aşkar gö­rünürdü. Nəhayət, həmin an yetişdi. 

Rusiyadan söz düşmüşkən isə Er­mənistanın Rusiya meyilli sabiq prezi­dentləri Robert Koçaryanın “Ermənis­tan” və Serj Sarkisyanın “Şərəfim var” parlament fraksiyasının deputatları Putinin həbsi üçün meydan tanıyan sənədin əleyhinə çıxıblar. "Ermənis­tan" fraksiyasının katibi Artsvik Minas­yan parlamentin iclası başlamamışdan əvvəl deyib ki, məsələnin gündəliyə salınması Ermənistan Konstitusiyası­na ziddir. “Mənim şərəfim var” fraksi­yasının rəhbəri Hayk Mamicanyan da eyni fikri ifadə edib. Müxaliflər onu da vurğulayıblar ki, BCM Ermənistana heç bir fayda verə bilməz. Çünki BMT Təhlükəsizlik Şurasının beş daimi üz­vündən üçü – Rusiya, Çin və ABŞ bu məhkəməyə qoşulmayıb.

Əlbəttə, Roma Əsasnaməsinin ra­tifikasiyasının Ermənistan – Rusiya münasibətlərinə heç bir mənfi təsir göstərməyəcəyini bildirənlər də var. Hərçənd, bu kateqoriyaya aid şəxslərin əsasən iqtidar təmsilçilərindən ibarət olduğunu söyləməliyik. Onlardan biri kimi, baş nazir N.Paşinyanın fikirlərini diqqətə çatdırdıq. Əlavə olaraq onu da bildirək ki, Ermənistanın hakim partiya təmsilçiləri qərarın qəbulunun vacibliyi ilə əlaqədar Rusiya tərəfini məlumat­landırdıqlarını, izahat işləri apardıqla­rını vurğulayıblar. Ancaq məlumdur ki, söhbət Putinin Ermənistan ərazisinə ayaq basmasının yolverilməzliyindən gedirsə, heç bir izahat işi Moskva­nı qane edə bilməz. Yəni Paşinyanın komandasının nəyi hansı formada əsaslandırmasından asılı olmayaraq, məsələyə prinsipial baxış var. 

Həm də ona görə prinsipial baxış var ki, Rusiyanın Xarici İşlər Nazirliyi Ermənistanın BCM-nin Roma Statutu­nu ratifikasiyasını qəbuledilməz adlan­dırıb və bəyan edib ki, belə bir addım ikitərəfli münasibətlər üçün mənfi nəti­cələr doğuracaq. Addım isə atıldı. Yəni İrəvan növbəti dəfə nəinki Moskvanın mövqeyinə qarşı çıxdı, eyni zamanda, bilavasitə Rusiyaya qarşı, ölkənin ziya­nına olan məsələyə, özü də başından böyük məsələyə qol qoydu. Bundan sonra nələr yaşanacaq, onu əlahəzrət zaman göstərəcək.

Ə.RÜSTƏMOV
XQ

Siyasət