Bütün enerji növlərinə qlobal tələbat artır

post-img

Neft isə üstün mövqeyini qoruyub saxlayacaq

2045-ci ilədək dünyada bütün növ enerji növlərinə qlobal tələbatın 25 faiz artacağı proqnozlaşdırılır. Bunu Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays deyib.

“Emirates” informasiya agentliyinin bununla bağlı yaydığı məlumatda qeyd olunur ki, OPEC rəhbəri jurnalistlərə müsahibəsində əsrimizin ortalarına qə­dər qlobal enerji tələbatının hazırkı sə­viyyədən 25 faiz daha çox olacağının proqnozlaşdırıldığını bildirib. Bu da dün­ya əhalisinin həmin dövrədək, təxminən, 1,6 milyard nəfər artacağı ilə bağlıdır. “Bu onu göstərir ki, dünyanın gələcəkdə daha çox enerjiyə ehtiyacı olacaq. Heç bir enerji mənbəyi iqtisadiyyatın geniş­lənməsi və əhalinin artması fonunda dünyanın getdikcə artan ehtiyaclarını ödəyə bilməz. Buna görə də OPEC həm neftə, həm də bərpa olunan enerjiyə in­vestisiyaları dəstəkləyir”, – deyə o əlavə edib. 

Yeri gəlmişkən, OPEC-in baş katibi ötən ayın əvvəllərində verdiyi açıqlama­da bugünkü neft tələbinin rekord həddə yaxınlaşdığını söyləmişdi. Yaxın vaxt­larda neft tələbinin gündəlik 110 milyon barelə qədər artacağını bildirən təşkilat rəhbərinin fikrincə, neft növbəti onilliklər­də qlobal enerji infrastrukturunun mühüm hissəsi olmaqda davam edəcək. Onun sözlərinə görə, bu amil son onilliklərdə neft dövrünün bitdiyinə dair bir çox iddi­alarla kəskin şəkildə ziddiyyət təşkil edir. “Həqiqətən də, müasir tələbat bütün za­manların ən yüksək səviyyəsinə yaxındır və 2023-cü və 2024-cü illərdə təxminən gündə 5 milyon barel artacaq”,– deyə o qeyd etmişdi.

Haysam Əl-Qays növbəti açıqlama­sında, həmçinin bildirib ki, OPEC qarşı­dan gələn Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensi­yasında (COP28) ilk dəfə olaraq təmiz enerji sisteminə keçid və karbon emis­siyalarının azaldılması ilə bağlı fəaliy­yətini, planlarını və dəstəyini nümayiş etdirmək üçün xüsusi pavilyon açacaq. Onun sözlərinə görə, bəzi uğursuzluqla­ra baxmayaraq, qlobal artım davam edir və rəhbərlik etdiyi qurum gələcək neft tələbatı ilə bağlı nikbindir. Qlobal iqtisa­diyyatın müxtəlif mərhələlərdən keçdiyi­ni diqqətə çatdıran baş katib OPEC-in gələn həftə yenilənmiş tələb proqnoz­larını açıqlayacağını bildirib. O deyib ki, təşkilat, həmçinin dünyanı enerji ilə təmin etmək, habelə neft və bərpaolu­nan enerjiyə sərmayə qoymaq öhdəliyi götürür.

Haysam Əl-Qays onu da bildirib ki, bir sıra aparıcı ölkələr, xüsusən Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt və bəzi Afrika döv­lətləri neft sənayesində texnologiyadan uğurla istifadə ediblər. Həmin ölkələr karbontutma texnologiyalarına, yaşıl hidrogenə və dairəvi iqtisadiyyatlara sərmayə qoyub və istixana qazlarının emissiyalarını azaltmaq üçün səmərəli iş aparıblar.

Neft sənayesinin iqlim dəyişikliyi problemlərinin həllinə töhfə verməyə davam etməsinin vacibliyini vurğulayan baş katib Birləşmiş Ərəb Əmirliklərinin karbon emissiyalarının azaldılması və bərpaolunan enerjiyə sərmayə yatırma­sında lider ölkə olduğunu qeyd edib.

Müsahibəsində OPEC-in üzvlük ba­zasının genişləndirilməsi ilə bağlı plan­larından bəhs edən Haysam Əl-Qays son vaxtlar bir sıra ölkələrə, o cümlədən Azərbaycan, Meksika, Malayziya və Bruneyə səfər etdiyini, yaxın gələcəkd isə Rusiya və Braziliyaya səfər planının olduğunu bildirib. Onun dediyinə görə, həmin ölkələr əhəmiyyətli qlobal neft hasilatına və imkanlarına malikdirlər və OPEC onlarla dialoq və məsləhətləşmə siyasətinə inanır. “Ona görə də bizim qa­pılarımız qoşulmaq istəyən və OPEC-in nizamnaməsində göstərilən standartlara əməl edən hər bir ölkə üçün açıqdır”, – deyə o qeyd edib.

Neft İxrac Edən Ölkələr Təşkilatının Böyük Britaniya və Norveçlə, eləcə də Amerika qitəsindəki neft istehsalçıları, o cümlədən ABŞ və Kanada ilə müntəzəm danışıqlar apardığını vurğulayan baş katib deyib ki, neft bazarı bir-birinə bağlı olduğundan enerji təhlükəsizliyi və qiy­mət sabitliyinin təmin edilməsi hər kəsin məsuliyyətidir. Onun sözlərinə görə, bü­tün tərəflərlə dialoq üçün açıq qapı si­yasətinə uyğun olaraq Hindistan, Çin və Avropa İttifaqı kimi əsas istehlakçılar da danışıqlar prosesinə cəlb olunur. 

Yeri gəlmişkən, neft ixracı ilə məş­ğul olan ölkələrin vahid bir qurumda bir­ləşməsi təşəbbüsü ilə ilk dəfə 1949-cu ildə Venesuela çıxış edib. Bundan 11 il sonra–1960-cı il sentyabr ayının 10–14-də Bağdadda keçirilən konfransda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) daim fəaliyyətdə olan qeyri-hökumət qurumu kimi yaradılıb. Təşkilatın yara­dılmasında əsas məqsəd qlobal xam neft qiymətlərinin və neft hasilatı üzrə fəalliyyətlərin koordinasiyasının tənzim­lənməsindən ibarət olub. OPEC-in ilk üzvləri isə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela olublar. Son­radan qurumun sıraları Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Bir­ləşmiş Ərəb Əmirlikləri (1967), Əlcə­zair (1969), Nigeriya (1971), Ekvador (1973–1992), Qabon (1975–1994) və Anqolanın (2007) hesabına bir qədər də genişlənib. OPEC-ə qoşulan sonun­cu ölkə isə Ekvatorial Qvineya (2017) olub. Ekvador 1993-cü ildə ya OPEC-in üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyin­dən qurumu tərk edib. 2007-ci ildə isə İndoneziya təşkilatla vidalaşıb. 

Bundan əlavə, Azərbaycan, Bəh­reyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, və Cə­nubi Sudan təşkilatla “OPEC plus” for­matında sıx əməkdaşlıq edirlər. “OPEC plus” əməkdaşlığının əsas məqsədi isə dünya neft bazarında tələb və təklifin uz­laşmasına nail olmaqdır.

Hazırda 13 üzvü olan OPEC-in qə­rargahı 1965-ci ildən Avstriyanın paytax­tı Vyana şəhərində yerləşir. Hazırda neft ticarəti üzrə dünya bazarının, demək olar ki, yarısı OPEC-in nəzarəti altın­dadır. Bu səbəbdən də qurum dünya bazarında neft qiymətlərinə əhəmiyyətli dərəcədə təsir göstərir. 

Son illər Azərbaycanın OPEC-lə əməkdaşlığı təşkilatın iclaslarında mü­şahidəçi statusunda iştirakı ilə xeyli genişlənib. Hazırda “Əməkdaşlıq Bə­yannaməsi”nin iştirakçı ölkələrinin cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilmiş öhdəlikləri sabit saxlanılır. Energetika Nazirliyinin məlu­matına görə, 2023-cü ilin avqust ayında ölkəmizdə gündəlik neft (kondensatla birlikdə) hasilatı 620 min barel olub. Bu­nun da 498 min barelini xam neft, 122 min barelini isə kondensat təşkil edib. Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəli­yi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

Göründüyü kimi, Azərbaycan OPEC qarşısında neft hasilatı ilə bağlı götürdü­yü öhdəliyə sadiqliyini davam etdirmək­dədir...

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat