Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər ölkəmizə 12 milyard dollar kapital qoyub
Energetika naziri Pərviz Şahbazov “Qazaxıstan Enerji Həftəsi–2023. XV Avrasiya Forumu KAZENERGY” tədbiri çərçivəsində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 1-ci Enerji Forumundakı çıxışında bu quruma üzv ölkələrin zəngin neft–qaz yataqları, “yaşıl enerji” potensialı, mühüm qlobal enerji–nəqliyyat dəhlizləri və ixrac infrastrukturunun mövcudluğunu enerji sektorunda əməkdaşlıq üçün böyük imkanlar kimi dəyərləndirib. Bu potensialın reallaşdırılması baxımından ŞƏT-in enerji strategiyasının hazırlanması ilə bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsünün strateji əhəmiyyətindən bəhs edib.
Forumda ölkəmizin qurumla əlaqələrin inkişafına böyük önəm verdiyi qeyd edilib. Azərbaycanın hazırkı geosiyasi mövqeyinin və regionda təhlükəsizlik, sabitlik və inkişaf mühitinin təmin olunması ilə bağlı uğurlu siyasətinin təşkilatla yeni statusda əməkdaşlığa müsbət təsir göstərdiyi diqqətə çatdırılıb. Eyni zamanda, ŞƏT-lə regionumuzun enerji, nəqliyyat və logistika potensialından istifadə üzrə geniş əlaqələr yarandığı da vurğulanıb.
Qeyd edək ki, sözügedən təşkilata üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi ötən il 45,8 faiz artaraq 9 milyard dollardan çox olub. Bu ölkələrin respublikamızın xarici ticarətindəki payı isə ötən il 17 faiz təşkil edib. ŞƏT üzvləri tərəfindən Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox investisiya qoyulub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 3,2 milyard dollar sərmayə yatırıb.
Azərbaycan ŞƏT-in dialoq üzrə tərəfdaşı statusu daşıdığı vaxtdan qurumun tədbirlərində fəal iştirak edir və təşkilatla əməkdaşlığı genişləndirir. Respublikamızla ŞƏT-i ortaq məxrəcə gətirən çoxsaylı iqtisadi amillər sırasında “Bir kəmər, bir yol” təşəbbüsü isə xüsusi əhəmiyyət daşıyır.
Xatırladaq ki, bu layihə iqtisadi potensial baxımından ŞƏT-in ən güclü və nüfuzlu üzvlərindən olan Çinin siyasi rəhbərliyinin təşəbbüsü ilə gündəmə gəlib. Həmin vaxtdan etibarən Avropa ilə Asiya arasında böyük coğrafiyada yerləşən ölkələri birləşdirən bu meqa layihənin reallaşdırılması diqqət mərkəzində saxlanılıb. Layihənin ilk gündən Çinin, eləcə də “Bir kəmər, bir yol”a inteqrasiya imkanı olan dövlətlərin böyük bazarlara çıxışını asanlaşdırmaq məqsədi daşıdığı bildirilib. Yüklərin birgə səylə və iştirakçı ölkələrin koordinasiyalı fəaliyyəti ilə müəyyən ünvanlara tez, rahat və ucuz çatdırılacağı nəzərdə tutulub. Yeri gəlmişkən, indiyədək Çin tərəfindən “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasına böyük həcmdə investisiyalar yönəldilib.
Bu məqamda onu da deyək ki, dinamik iqtisadi inkişafına görə beynəlxalq sistemin strukturuna böyük təsir imkanına malik olan Çin müəlifi olduğu adıçəkilən təşəbbüsü ilə Avrasiya məkanında mövqeyini getdikcə gücləndirir. Bunun bir neçə səbəbi var. Əvvəla “Bir kəmər, bir yol” layihəsinin mühüm komponentlərindən biri olan Çin–Mərkəzi Asiya–Qərbi Asiya iqtisadi dəhlizi Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, İran və Türkiyə vasitəsilə Aralıq dənizinə çıxış imkanları yaradır, digər tərəfdən Türkiyənin dəstəklədiyi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) da region ölkələrinin iqtisadiyyatında mühüm rol oynayır.
Çindən Türkiyəyə və buradan da Avropaya gedən 7 min kilometrlik ən qısa yol olan Orta Dəhliz region dövlətlərinin mühüm təsir imkanına malikdir. Bununla yanaşı, Zəngəzur Dəhlizi də Çin–Türkiyə və Çin–Azərbaycan münasibətlərinin perspektivi baxımından mühüm önəm daşıyır. Qeyd edək ki, Zəngəzur Dəhlizi Orta Dəhlizin tərkib hissəsi olmaqla həm də Avropadan Asiyaya gedən beynəlxalq marşruta alternativ kimi çıxış edərək regionun inkişafına təkan verəcək bir nəqliyyat xəttidir.
Cari ilin yanvar–avqust aylarında Orta Dəhliz ilə Çindən Avropaya daşınan yüklərin həcmi ötən ilin eyni dövrünə nisbətən 84 faiz çox olub. Bu məlumatı Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev Astana şəhərində keçirilən “Yeni İpək Yolu” Beynəlxalq Nəqliyyat və Logistika Forumunda bildirib. Onun sözlərinə görə, bu marşrutun inkişafında Azərbaycan və Gürcüstanın müvafiq nazirlikləri ilə əlaqələndirilmiş iş mühüm rol oynayıb. Ötən il maneələrin aradan qaldırılmasına yönələn müvafiq Yol Xəritəsi imzalanıb. Ümumiyyətlə, Orta Dəhlizin inkişafı və Qazaxıstanda multimodal nəqliyyatın genişləndirilməsi üçün bir sıra infrastruktur layihələri həyata keçirilib.
Qazaxıstanın Dostıq-Moyintı dəmir yolu mənzilində 2-ci yolun tikintisinə başlanılıb ki, bu da yükdaşıma qabiliyyətini və daşıma sürətini 5 dəfə artıracaq. Darbaza-Maktaral dairəvi dəmir yolu xəttinin tikintisinə də başlanılır. Baxtı–Ayagöz istiqamətində də yeni layihə var. Yəni Çindən yüklərin qəbulu üçün 3-cü məntəqənin açılması çox vacibdir. Bu baxımdan ən aktual obyekt Baxtı-Taçen istiqamətində tikilən, 20 milyon ton yük dövriyyəsi olacaq yeni dəmir yolu stansiyasıdır.
Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin–Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, Vahid pəncərə prinsipinin tətbiqinə başlanıb.
Beləliklə, “Bir kəmər, bir yol” layihəsi ilə Avrasiya məkanını inkişaf etmiş yollar, yüksək sürətli dəmir yolu və elektrik xətləri, limanlar, boru kəmərləri və digər zəruri infrastruktur vasitələri ilə birləşdirir. Ümumiyyətlə, 60-dan çox ölkəyə xidmət göstərən “Bir kəmər, bir yol” 4,4 milyard insanı və dünya ümumi daxili məhsulunun 40 faizini əhatə edir, həmçinin 1 trilyon dollardan 8 trilyon dollara qədər dəyər daşıyır. Dünya Bankının məlumatına görə, dəhliz boyunca yerləşən 70 ölkədə (Çin istisna olmaqla) “Bir kəmər, bir yol” çərçivəsində investisiyalar 575 milyard dollar təşkil edir.
Bu gün Azərbaycan ŞƏT-ə üzv ölkələrlə ənənəvi və bərpaolunan enerji sahəsində yeni əməkdaşlıq əlaqələrinin inkişafını da diqqətdə saxlayır. Məsələn, respublikamızın Çinlə birgə 2 QVt gücündə “yaşıl enerji” layihəsi uğurla həyata keçirilir, eyni zamanda qarşılıqlı ticarət əməkdaşlığının güclənməsinə xüsusi diqqət yetirilir. Cari ilin 7 ayında respublikamızın Çinlə ikitərəfli ticarət dövriyyəsinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41,1 faiz artaraq 1,62 milyard dollar təşkil etməsi də dost ölkənin respublikamızın dördüncü ən böyük ticarət tərəfdaşı kimi qeydə alınmasını şərtləndirir. Hazırda Çinin Azərbaycana əsas ixracı yüksək texnologiyalı məhsullar, o cümlədən mexaniki qurğular, elektron avadanlıqlar və avtomobillərdir. Onların ixrac payı 50 faizi ötür.
Bununla bərabər, Pakistana “SOCAR Trading” vasitəsilə LNG tədarükü, Özbəkistanla energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi, həmçinin SOCAR-la “Uzbekneftqaz”ın hər iki ölkədə neft-qaz layihələrində iştirakı ilə bağlı müvafiq sənədlərin, eləcə də energetika nazirlikləri arasında 2023–2025-ci illər üzrə Yol Xəritəsinin imzalanması Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişlənməsinin bariz ifadəsidir.
Qazaxıstan neftinin BTC kəməri ilə nəql olunması da təşkilatla əlaqələrin inkişafında önəmli rol oynayıb. Belə ki, bu kəmərlə cari ilin aprel–sentyabr aylarında, təxminən 600 min tondan çox Qazaxıstan nefti daşınıb. Bunun 490 min tonu Ceyhan limanından dünya bazarına göndərilib. İlin sonunadək bu həcmin 1,1 milyon tona çatdırılacağı planlaşdırılıb. Qeyd edək ki, ŞƏT-in 1-ci Enerji Forumu qlobal çağırışlar nəzərə alınmaqla təşkilata üzv dövlətlər arasında enerji əməkdaşlığının inkişafı üzrə strateji yanaşmalara həsr olunub.
Sonda qeyd edək ki, ŞƏT 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi– iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə ölkəmizlə bu qurum arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Respublikamızın təşkilatla əməkdaşlığında ənənəvi prioritet sahələr olan və Azərbaycan üçün xüsusi önəm daşıyan terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində saxlanılıb.
Vaqif BAYRAMOV
XQ

