Eynəyinizi silin, cənablar!

post-img

Okeanın o tayından Qarabağa
uçmaq istəyən missionerlər nə istəyirlər?

 

Xankəndidə əvvəlki qanunsuz “dövlət quruluşundan” əsər-əlamət qalmayıb. Otuz ilin separatçıları ya həbs edilir, ya da özləri könüllü şəkildə Azərbaycanın hüquq-mühafizə orqanlarına təslim olurlar. Rəsmi Bakı Qarabağda qalıb yaşa­mağı qərarlaşdırmış erməni sakinlərini işıq və qazla təmin edib, onlara yanacaq, ərzaq, dava-dərman göndərir. Azərbaycan hökuməti bütün bu işləri yerli qanun­vericiliklə yanaşı, həm də beynəlxalq norma və qaydalara uyğun şəkildə həyata keçirir. Yəni bizim Qarabağ iqtisadi rayonumuzda nə humanitar böhrandan, nə sakinlərin hüquq və təhlükəsizliyinə təhdiddən, nə də ki, ələlxüsus, hansısa et­nik təmizləmədən söhbət gedə bilər. 

Bölgənin geosiyasi və humanitar mənzərəsini kökündən dəyişmiş ha­disələrin fonunda ABŞ Dövlət Departa­mentinin rəsmisi artıq mövcud olmayan “Dağlıq Qarabağa” müstəqil beynəlxalq missiyanın göndərilməsi zərurətindən da­nışır. Buna nə ad vermək olar? Okeanın o tayında əyləşib Cənubi Qafqazı əyri güz­güdə müşahidə edən millerlərə, yaxud təyyarənin tərli illüminatorundan bölgəni seyr edənlərə reallığı necə göstərək, başa salaq? Bəlkə, onları Beynəlxalq Qırmızı Xaç Komitəsinin hesabına Xankəndiyə dəvət edək? Gəlsinlər, getsinlər Hadrutu, Ağdərəni, Martunini, Xocalını gəzsinlər, vəziyyətlə birbaşa yerində tanış olsunlar və qayıdanbaş gördüklərini olduğu kimi şeflərinə ərz eləsinlər.

“Çinovnik” diplomatiyası 

Son bir həftə ərzində artıq ikinci dəfədir ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin Azərbaycana və onun Qarabağ iqtisadi rayonuna müna­sibətdə ikibaşlı, anlaşılmaz və özündə reallığı əks etdirməyən bəyanat və açıq­lamasının şahidi oluruq. 

Supergücün xarici diplomatiya idarə­sinin nümayəndəsi, sanki, bölgədə baş verən hadisələrin önündə, yanında de­yil, arxasında, həm də xeyli gecikmə ilə hərəkət etməkdədir. Qurumun sözçü­sü Metyu Miller media təmsilçiləri üçün ənənəvi birifinqində Dağlıq Qarabağ (?) sakinləri üçün tezliklə şəffaf və etibarlı humanitar şəraiti təmin etmək, atəşkəs rejimini saxlamaq üçün (?) müstəqil beynəlxalq misiyanın bölgəyə göndəril­məsinin vacibliyini vurğulayıb. Mövzu ilə bağlı fikirlərini “Bu, hazırki situasiyanın həllində bizim prioritetimizdir və onu ölü nöqtədən tərpətmək üzərində işləyirik”, – kimi ifadə işlədən Miller yaranmış möv­cud şəraitdə, separatçı rejim özünü bu­raxandan sonra beynəlxalq missiyanın nə dərəcədə ciddi ideya olduğu barədə suala belə cavab verib: “Biz beynəlxalq missiyaya o dərəcədə ciddi yanaşırıq ki, Dövlət katibi Antoni Blinken bu məsələ­ni Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbətində qaldırıb və ondan bu missiyanı dəstəkləməsini istəyib. Bun­dan sonra Bakı bu ideyanı dəstəklədiyini bildirdi. İndi biz müttəfiqlərimiz və tərəf­daşlarımızla layihəni həyata keçirməyin ən yaxşı mexanizmi üzərində işləyirik. Amma bu zaman şəffaflığın təmin edil­məsini və yerlərdə humanitar tələbatın ödənilməsini vacib sayırıq”.

Az qala sovet dövrünə aid plan, öh­dəlik, qarşıda duran vəzifələrdən da­nışırmış kimi çinovnik ritorikasından yararlanan Metyu Miller jurnalistin Azər­baycan XİN-in Qarabağ ermənilərinə çoxmillətli Azərbaycan cəmiyyətinin bir hissəsinə çevrilmək çağırışına Birləşmiş Ştatların necə yanaşması barədə sualını yenə də “Dağlıq Qarabağ” terminindən çıxış edərək cavablandırmağa çalışıb:

“ABŞ əvvəlki kimi Dağlıq Qara­bağdakı (?) humanitar vəziyyətə görə çox narahatdır. Biz indiki halda hesab edirik ki, Dağlıq Qarabağın (?) sakin­ləri istəsələr, getsinlər, əgər qayıtmaq istəsələr, geri dönsünlər. Bu qərarı on­ların hər biri fərdi şəkildə qəbul etməldir. Amma biz bir məsələni vacib sayırıq ki, onlar öz qərarlarını sərbəst şəkildə qə­bul etməlidirlər. Ehtiyac içində olan əhali isə zəruri humanitar yardımı almalıdır. Məhz bundan, ən yüksək nəticəyə nail olmaqdan ötrü beynəlxalq missiyanın yaradılması vacibdir”. Beləliklə, Dövlət Departamentinin rəsmisi iki gün əvvəl dediklərini təkrarlamaqla kifayətlənib. 

Ekspert qrupu bölgəyə səfər edə bilər

“Azərbaycan yaxın günlərdə BMT missiyasını Qarabağa buraxmaq niy­yətindədir”. Bu fikirləri Azərbaycan Pre­zidentinin köməkçisi - Prezident Admi­nistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “CBC Nyus”a müsahibəsində deyib. Rəsmi Bakının Qarabağın erməni sakinlərinin ərazidə qalmasını arzuladığını bildirən H.Hacıyev Azərbaycanın onları təh­lükəsiz və daha yaxşı yaşayış şəraiti ilə təmin etmək istiqamətində hərtərəf­li planının olduğuna diqqəti yönəldib: “Ancaq istəyəcəkləri təqdirdə ərazini tərk etməkdə də sərbəstdirlər. Azər­baycanın Qarabağdakı erməni sakinləri oranı tərk etməyə məcbur etmək kimi bir planı olmayıb və hazırda da yoxdur. Əksinə, Azərbaycan Qarabağda qaldıq­ları təqdirdə onların təhlükəsizliyinə tam zəmanət verdiyini bildirib. Biz onların qalmağını istərdik. Azərbaycan onlara təhlükəsizliklərinin təmin ediləcəyi ilə bağlı çağırışları davam etdirir. Amma biz ermənilərin hərəkət sərbəstliyini də da­yandıra bilmərik. Bu, ərazidəki hər kəsin şəxsi seçimidir”. 

Azərbaycan Prezidentinin köməkçi­si, həmçinin Ermənistan baş naziri Nikol Paşinyanın qondarma qurumla bağlı bəyanatında “etnik təmizləmə” ifadəsini işlətməsini “təhqir” adlandırıb: “Təəssüf ki, biz dezinformasiya elementlərinin çoxluğunu görürük. Azərbaycan heç vaxt etnik təmizləmə həyata keçirmə­yib və keçirməz. Ərazidə dinc sakinlərə qarşı güc tətbiq etmək kimi bir vəziyyət də mövcud deyil”. Prezidentin kömək­çisi bildirib ki, Azərbaycan hökuməti avtomobili olmayan erməni sakinlərin kömək istəməsindən sonra Xankəndiyə avtobuslar göndərib: “Amma insanlar avtobuslara minməyə məcbur edilmirlər. Azərbaycan əlindən gələni edir və elə bir yol təşkil edəcək ki, mülki insanlar təhlükəsiz şəkildə seçdikləri istiqamətə gedə bilsinlər”. 

Baxın və müqayisə edin!

İnternetdə, sosial şəbəkədə Qa­rabağdan könüllü surətdə köçən er­mənilərin Bakının onlar üçün yarat­dığı şəraitdən, göstərdiyi yardımdan razılıqlarının əks olunduğu video-kad­rlar kifayət qədərdir. Həmin səhnələrə baxanda yadımıza otuz beş il əvvəl Ermənistandan qovulan soydaşlarımı­zın başına gətirilən müsibətlərin də yer aldığı video-xronika düşür. O zaman 200 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandakı doğma yurdlarından hər şeyi əllərindən alınmış, döyülmüş, alçaldılmış vəziyyətdə, nimdaş paltarda qovuldular. İndi ermənilərin halına ya­naraq beynəlxalq missiyadan danışan Qərb missionerlərinə həmin kadrları ya­naşı qoyub müqayisə etmələri gərəkdir. 

Yeri gəlmişkən, haqqında danışdı­ğımız erməni vandalizmi məsələsinə Azərbaycan Prezidenti İlham Əliyev dünən Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma Forumunun açılış məra­simindəki çıxışında toxunub. Dövləti­mizin başçısı bunları söyləyib: “Otuz il ərzində bir milyondan çox azərbaycan­lı evlərindən didərgin salınıb. Onların 200 mindən artığı hazırkı Ermənistan ərazisindən sürgün edilib. Bizim şəhər­lərimiz, kəndlərimiz darmadağın edi­lib. 30 il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi”. Yenidən Prezidentin köməkçisi H.Ha­cıyevin məlum müşahidə missiyası ilə bağlı “CBC Nyus”a verdiyi açıqlamasına qayıdırıq. O, müsahibəsində vurğulayıb ki, Azərbaycan bir neçə gün ərzində BMT-nin beynəlxalq ekspert qrupunu mediaya çıxış imkanı ilə birlikdə əraziyə buraxmaq niyyətindədir. Yəni, hansısa beynəlxalq ekspertlərin və ya emissar­ların Azərbaycanın suveren ərazisində uzunmüddətli monitorinq qrupu kimi fəaliyyət göstərməsindən söhbət gedə bilməz. Bunu bir dəfə yazmışıq, yenə təkrar edirik: reallığı yerində öz gözləri ilə görmək, haqqı nahaqdan ayırmaq istəyənlərin üzünə qapılarımız açıqdır. Təki ədalət hissini itirməsinlər. 

Köç üzərində çirkli kampaniya

Qarabağdan Ermənistana istiqamət götürən ermənilərin heç bir halda pay­taxt İrəvana buraxılmaması barədə göstəriş vermiş Nikol Paşinyan yaxın günlərdə Qarabağda bir erməninin də qalmayacağını bildirib. Onların statisti­kasına əsasən, sayı 100 minə yaxınla­şan köçkünlərə görə Azərbaycanı “etnik təmizləmədə” ittiham etməyə çalışan Er­mənistan iqtidarının bu xarakterli açıqla­malarının arxasında duran səbəblərdən biri Bakıya qarşı beynəlxalq səviyyədə kampaniya təşkil etmək planının da­yandığını söyləyənlər az deyil. Həmin kampaniyada əsas motivlərdən biri kimi “deportasiya”, “etnik təmizləmə” iddiala­rından istifadə olunacağı şübhə doğur­mur. Ekspertlərin bir qismi belə fərz edir ki, İrəvan bununla Bakının Qərbi Azər­baycan, azərbaycanlıların öz yurdlarına qayıtması məsələsini sülh danışıqları masasına çıxarmasına qarşı “əks-arqu­ment” hazırlayır. 

Bəs, Qarabağdakı sıravi ermənilə­rin Xankəndidəki xunta rejiminin zülmü barədə dedikləri necə olsun? Bakının verdiyi işığa, qaza, ərzağa sevinən bu sakinlərin rəyi nəzərə alınacaqmı? Bü­tün bunlar Ermənistanın “etnik təmiz­ləmə”, “deportasiya” iddiaları üzərindən irəli sürəcəyi ittihamlara qarşı tutarlı arqumentlərdir. Hər şeydən göründüyü kimi, İrəvan yersiz və arqumentsiz iddia­larını beynəlxalq platformalara çıxarma­ğa nail olsa belə, onun hansısa nəticəni əldə edə biləcəyi ehtimalı sıfıra bərabər­dir.

Mövzuya yekun olaraq onu da oxucularımızın diqqətinə çatdıraq ki, Paşinyan iqtidarı üçün başqa bir ba­şağrısı son günlər ABŞ-Ermənistan münasibətlərində yeni səhifənin açıl­ması, birgə hərbi təlimlər, yüksək çinli ABŞ siyasilərinin, dövlət xadimlərinin İrəvana səfərləri ilə bağlıdır. Çünki bu davranışlar onun Tehranla təmaslarına ciddi şəkildə təsir göstərib. Vaşinqto­nun timsalında Qərblə münasibətlə­rində yeni mərhələyə qədəm qoyduğu deyilən Ermənistanı qarşıda Moskva ilə də ağır dialoqun gözlədiyini proqnoz­laşdıra bilərik. Əslində, Vaşinqtonun əsas məqsədinin regiondan Rusiyanı sıxışdırıb çıxarmaq olsa da, bunu er­məni ictimaiyyətinə müttəfiqlik əlaqələri kimi anladırlar. Bəli, Vaşinqton–İrəvan yaxınlaşması Tehranda qıcıqla qarşı­lanır. Aydın məsələdir ki, semitizmin dəstəkçisi kimi özünə düşmən saydığı ABŞ-ın sərhədində boy verməsi İra­nın əsəblərini yerindən oynadır. Əgər hadisələr bu məcrada davam edərsə, İran-Ermənistan münasibətlərində gər­ginliyin yaranacağı və rəsmi İrəvanın Rusiya ilə yanaşı, İran kimi müttəfiqini və havadarını itirmək təhlükəsi ilə üz­ləşəcəyi şəksizdir. Və Ermənistanın başbilənləri çox güman ki, məhz o za­man indi Bakıdan və Ankaradan səs­lənən əməkdaşlıq çağırışlarının dəyə­rini anlayacaqlar. Amma onda gərək qatar gözdən itmiş olmasın... 

İmran BƏDİRXANLI
XQ

 



Siyasət