Roma statutunun ratifikasiyası Ermənistana nə vəd edir?

post-img

“Ermənistanın Beynəlxalq Ci­nayət Məhkəməsinin Roma statutunu ratifikasiya etməsi qəbuledilməzdir. Bunun ikitərəfli münasibətlər üçün mənfi nəticələri olacaq”. Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyanın İrəvanın Roma Nizamnaməsinin ratifikasiyası ilə bağlı məsələlərin həlli üçün ikitərəf­li saziş imzalamaq təklifini belə şərh edir. İrəvan Rusiyanın belə kəskin re­aksiyasının “heç bir əsası olmadığını” iddia edərək, Roma statutunun ratifi­kasiyanı ikitərəfli münasibətlərə zərər vurmayacağını vurğulayır. Amma şi­maldan gələn sərt bəyanatlar belə dü­şünməyə əsas vermir.

Ermənistan və Rusiya arasında mü­nasibətlər sürətlə pisləşir. Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-da uğurla həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Ermənis­tan açıq-şəkildə Rusiyadan narazılığını açıqlayır. Baş nazir Nikol Paşinyan idda edir ki, “Rusiya sülhməramlı qoşunları üzərinə düşən vəzifəni yerinə yetirmə­di”. Buna cavab olaraq, Rusiya Xarici İşlər Nazirliyi erməni baş naziri kəskin tənqid edərək, onun sözlərini “Rusiyaya qarşı qəbuledilməz eyhamlar” kimi qiy­mətləndirdi. Nazirliyin bəyanatında deyi­lir ki, Rusiya “daxili və xarici siyasətdəki uğursuzluqlara görə məsuliyyəti Moskva­nın üzərinə atmaq cəhdinin” şahidi olur. Nazirlik Ermənistan liderini Qərbin təsiri altında ölkəsinin Rusiya ilə əlaqələrini pozmağa çalışmaqda da ittiham etdi. Rusiyada da gözəl anlayırlar ki, Ermənis­tan indi Moskvadan tam asılı qalmamaq üçün təhlükəsizlik siyasətini şaxələndir­məyə çalışır. N.Paşinyan Qərb mətbu­atına müsahibəsində iddia etmişdi ki, guya, Rusiya Cənubi Qafqazı tərk edir. Moskva Ermənistan rəhbərliyinin son bəyanatlarından son dərəcə narazı oldu­ğunu gizlətmədi və İrəvanın səsləndirdiyi bəyanatların ton və məzmun baxımından qəbuledilməz hesab etdiyini açıqladı.

Əlbəttə, N.Paşinyanın son müsahi­bəsi şimal qonşumuzda ciddi qarşılandı, lakin bu, iki ölkə arasında fikir ayrılığı­nın yeganə səbəbi deyil. Xatırladaq ki, sentyabrın əvvəlində Ermənistan Bey­nəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Əsasnaməsini ratifikasiya üçün parlamentə göndərmişdi. İrəvan ümid edir ki, məhkəməyə qoşulmaq “Azər­baycanın hərbi cinayətləri” məsələsini qaldırmağa imkan verəcək. Layihə Er­mənistan parlamentinin növbəti iclasla­rının gündəliyinə salınacaq. Müzakirələr zamanı Ermənistan parlamentinin dövlət və hüquq məsələləri daimi komitəsinin sədri Vladimir Vardanyan bildirib ki, “bu sənəd, əslində, Ermənistan konstitusiya­sının preambulasından irəli gəlir, burada biz ümumbəşəri dəyərlərə sədaqətli ol­duğumuzu təsdiq edirik”. Erməni komitə sədrinin sözlərinə görə, “bu, bir sənəd­dir, müxtəlif nöqteyi-nəzərdən təhlil edil­dikdə, onu Ermənistan və ermənilərlə əlaqələndirməmək mümkün deyil: “Mən­cə, kökü erməni xalqının dərdindən qay­naqlanan sənədi ratifikasiya etmək təkcə hüquqi və siyasi öhdəlik deyil, həm də mənəvi borcdur”. Bu sözləri növbəti er­məni həyasızlığının bariz nümunəsi kimi qiymətləndirmək olar. Azərbaycan türklə­rinə qarşı çoxsaylı vəhşiliklərə yol verən xalqın nümayəndəsi öhdəlik və mənəvi borcdan dəm vurur.

Təbii ki, Ermənistanın bu sayıqlaması Moskvanı razı salmır. Məsələ ondadır ki, bu ilin martında BCM Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verdiyin­dən İrəvanın da bu istiqamətdə atdığı addımlar Moskvanın mənfi reaksiyasına səbəb olur. Məlumdur ki, Rusiya tərəfi bu təşəbbüslə bağlı Ermənistandan izahat tələb edir. Rusiya Xarici İşlər Nazirliyin­dən RİA Novosti-yə verilən məlumata görə, Ermənistan tərəfindən BCM-nin Roma Əsasnaməsini ratifikasiya etmək qərarı ikitərəfli münasibətlər üçün cid­di mənfi nəticələrə səbəb olacaq. Bun­dan əalvə Rusiya XİN-nin bəyanatında qeyd olunur ki, “İrəvanın ikitərəfli saziş bağlamaq təşəbbüsü nəzərdən keçirildi, Moskva hər iki tərəfə uyğun ola biləcək kompromis variantı təklif etdi”. Rusiya XİN-i vurğulayır ki, “Təəssüf, bu, nəzərə alınmadı və əvəzində Ermənistanda Roma Nizamnaməsinin ratifikasiyası le­hinə siyasi qərar qəbul edildi”. RF Xarici İşlər Nazirliyi hesab edir ki, “Ermənistan nümayəndələrinin BCM-ə qoşulmasının Rusiya-Ermənistan əlaqələrinə heç bir təsir etməyəcəyi ilə bağlı irəli sürdüyü te­zis reallığa uyğun gəlmir. Ən azı, Rusiya rəhbərliyinin respublikaya səfərini təsəv­vür etmək çətindir”. Rusiya departamenti qeyd edir ki, “Moskva Ermənistan Milli Assambleyasında Ermənistan-Rusiya münasibətləri üçün açıq-aşkar zəhərli qərara “möhür” vurmayacaq ayıq düşün­cəli qüvvələrin olacağına ümid edir”. 

Bundan başqa, Ermənistan KTMT-dəki daimi nümayəndəsi Viktor Biyaqovu geri çağırdı. O, Hollandiyaya səfir vəzifəsinə göndərildi. Bu da təsa­düfi deyil. çünki BCM-in qərargahı məhz Hollandiyada yerləşir. Eyni zamanda, KTMT-yə yeni daimi nümayəndənin tə­yin olunması ilə bağlı hələlik məlumat verilmir. Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri, hakim “Mülki müqavilə” partiyasından olan de­putat Sarkis Xandanyan bildirir ki, İrəvan “təhlükəsizlik və müdafiə sahəsində di­gər həmkarları ilə əməkdaşlığa açıqdır”. Bunun fonunda Ermənistan müdafiə nazirliyi sentyabrın 11-dən 20-dək ölkə­də ABŞ-la “Eagle Partner 2023” birgə hərbi təlimlərini keçirdi. Halbuki cari ilin yanvarında İrəvan KTMT-nin təlimlərinə ev sahibliyi etməkdən imtina edərək, on­ların yersiz olduğunu bildirmişdi. Kreml Ermənistan-ABŞ manevrlərinin “region­da qarşılıqlı etimad mühitinin möhkəm­lənməsinə töhfə vermədiyini” vurğuladı. Bundan əlavə, sentyabrın əvvəlində Ni­kol Paşinyanın həyat yoldaşı Anna Akop­yan Kiyevə səfər etməsi və burada birinci xanımların və həyat yoldaşlarının sam­mitində iştirak etməsi Rusiyada qəzəblə qarşılandı. Tədbir zamanı o, prezident Vladimir Zelenski ilə görüşdü, həmçi­nin Ukrayna hakimiyyətinə humanitar yardım - min ədəd smartfon və planşet hədiyyə etdi. Rəsmi versiyaya görə, hə­min qadcetlər məktəblilərin onlayn tədrisi üçün faydalı olacaq. Ancaq Rusiya mət­buatı ehtimal edir ki, Kiyevə aparılan hə­min qadcetlər Ukrayna ordusuna başqa məqsədlər üçün də faydalı ola bilər. 

Moskva və İrəvanın ayrı-ayrı nü­mayəndələri arasında da münasibətlər gərginləşir. Rusiya Xarici İşlər Nazirliyi­nin rəsmi nümayəndəsi Mariya Zaxarova ilə Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında qızğın müzakirə get­diyini bütün dünya izlədi. M.Zaxarova Rusiya sülhməramlılarının işinin müza­kirəsi zamanı bildirdi ki, bəzi erməni həm­karlarının ritorikası kobudluğa bənzəyir. Buna cavab olaraq ermeni spikeri dedi ki, o, “hansısa şöbənin katibəsinə” cavab vermək fikrində deyil. Rusiya Xarici İş­lər Nazirliyi bu açıqlamaya sərt reaksiya verdi və Ermənistan səfirinə etiraz notası təqdim olundu. Bu, SSRİ-nin dağılma­sından sonra Rusiyanın müttəfiq saydığı Ermənistana verdiyi ilk nota kimi tarixə düşdü. Rusiya mətbuatı yazır ki, ikitərəfli münasibətlərdəki bütün çətinliklər ictima­iyyətə açıqlanmır. Belə iddia olunur ki, dövlət və diplomatik aparatların orta sə­viyyəsində əlaqələr inkişaf etmir. Rusiya KİV-i qeyd edir ki, ictimaiyyət bunu gör­mür, amma məsələ daha ağrılıdır. Məhz bu səviyyədə bir çox məsələlər öz həllini tapır. Ciddi nəsə deyiləndə orta səviyyəli məmurlar bir-birinə zəng edir, müzakirə aparır, əlaqə qurur və narazılıq doğuran məqamları aradan qaldıra bilirlər. Rusi­ya mətbuatının iddiasına görə, indi bu mexanizmlər, demək olar, işləmir.

İndi həm Rusiyada, həm də Ermə­nistanda münasibətlərin hərəkət trayek­toriyasını müəyyənləşdirməyə çalışırlar. ATƏT-in Minsk qrupunun keçmiş ame­rikalı həmsədri, Kentukki Universitetinin Patterson Diplomatiya Məktəbinin pro­fessoru Kerri Kavano “News.am” saytı­na müsahibəsində bildirir ki, Rusiya ilə münasibətlərinin necə olacağına Ermə­nistan özü qərar verməlidir. Onun fikrin­cə, ABŞ və Ermənistan arasında müna­sibətlər sabitdir və onların strukturunda köklü dəyişiklik yoxdur. ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Er­mənistanın xarici siyasət istiqamətlərini dəyişmək və Rusiyadan “uzaqlaşmaq” qərarına gəlib-gəlməməsi, ABŞ və ya di­gər Qərb dövlətlərinin Ermənistana onun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təminat verib-verməyəcəyi sualını belə cavablandırıb: “Bu, cavab verə bilməyə­cəyim nəzəri sualdır. Düşünürəm ki, indi diqqəti ölkənin üzləşdiyi problemlərə yönəltmək daha vacibdir”.

Göründüyü kimi, Rusiya–Ermənis­tan münasibətləri yolayrıcındadır. İrəvan Rusiya çətirindən imtina etmək istəyir, amma Moskva geriyə addım atdım at­maq fikrində olmadığını bildirir. Mütəxəs­sislər də bildirirlər ki, Ermənistanda Rusi­yanın təsiri güclü olaraq qalır. Rusiyanın Ermənistanda hərbi mövcudluğu, iqtisadi əlaqələri var və Moskva Azərbaycanla danışıqlarda Ermənistan üçün əsas va­sitəçidir. Amma istənilən halda Rusiya ilə Ermənistan arasında münasibətlər çətin mərhələyə qədəm qoyur. Rusiyalı mütəxəssislərin fikrincə, indi münasibət­lərin gələcəyi tərəflərin bir-birinin prob­lemlərini adekvat şəkildə başa düşməsin­dən asılıdır. Əks halda, itkilərin qarşısını almaq mümkün deyil.

 

Səbuhi MƏMMƏDOV
XQ

Siyasət