İrəvanın sülhdən uzaq ritorikası revanşist və şovinistləri hərəkətə gətirir
Belə görünür, Ermənistan və havadarları Qarabağ avantürasına, qətiyyən, ara vermək niyyətində deyillər. Bölgədəki separatçı rejim “fəaliyyətini” dayandırdıqdan sonra avantürizm özünün, belə demək mümkünsə, niskil dövrünə qədəm qoyub. Bu mənzərəni isə Qarabağda yaşanan erməni köçü tamamlamaqdadır. Bir sözlə, hazırda Ermənistandakı siyasi böhranla qondarma “Dağlıq Qarabağ Respublikası”nın yası və haqqında söz açdığımız köç karvanı bir-birinə çulğalaşmaqdadır. Bütün bunlar nəyə mənfi təsir göstərir? Əlbəttə ki, Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə.
Bəli, Ermənistan parlamentinin spikeri Alen Simonyan Avropa Şurasının tədbirində əlində Qarabağdan gedən köç karvanının şəklini nümayiş etdirib Azərbaycan əleyhinə antipatiya yaratmaq yolu tutursa, deməli, İrəvan obyektivlikdən uzaqdır, özünün destruktiv dəst-xəttinə sadiqdir. Ancaq bu xəttə “sadiqlik” göstərən yalnız Simonyan deyil. Hazırda baş nazir Nikol Paşinyana gücü çatmayanların, onu devirməyə çalışıb istəklərinə nail ola bilməyənlərin hamısı ölkəmizə, necə deyərlər, süngü çəkməkdədirlər. Belələrinin Avropada da “aktivləşməsi” hiss edilməkdədir. Bildirdiyimiz kimi, məqsədləri birdir: Bakı-İrəvan sülh prosesini əngəlləmək.
Sülh prosesinə gəlincə, məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın bu il oktyabrın 5-də Avropa Siyasi Birliyinin Qranadada keçiriləcək üçüncü sammiti çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşü planlaşdırılır. Görüşdə, həmçinin Fransa prezidenti Emmanuel Makronun, o cümlədən, Almaniya Kansleri Olaf Şoltsun iştirakı nəzərdə tutulur. Bununla bağlı razılıq Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Brüsseldə bu günlərdəki təması zamanı əldə olunub.
Hazırda belə görüntü var ki, Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 5-də keçirilməsi planlaşdırılmış Qranada sammitini pozmaq istəyən qüvvələr var. Onların “aktivliklərinin” pik həddə çatdığı müşahidə edilməkdədir. Belə ki, oktyabrın 1-də Brüsselin Robert Şuman meydanında “Avropalılar Artsax naminə” hərəkatı geniş ümumavropa mitinqi təşkil etmək niyyətindədir. Məqsəd həm də “Bakının törətdiyi etnik təmizləmə və soyqırımı siyasətini pisləməkdir”. Bununla bağlı xəbərdə aksiyanın oktyabrın 5-də Avropa Siyasi Birliyinin üçüncü Zirvə toplantısı ərəfəsinə salınması xüsusi vurğulanır. Erməni şovinistləri, lobbi və diaspor təşkilatları sammitin işini pozmağa səy göstərirlər.
Ümumavropa aksiyasının daha bir məqsədi isə “10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın öhdəliklərini yerinə yetirməsi üçün Azərbaycana təsirli təzyiq göstərilməsinə” nail olmaqdır. Təşəbbüs təşkilatçıları bu məqsədlə Avropa İttifaqına müraciət ünvanlamaq fikrindədirlər. Bundan başqa mitinqdə Aİ-nin Qarabağın Azərbaycana reinteqrasiyasına davamlı siyasi dəstəyindən narazılıq ifadə olunacaq. Ən əsası isə mövcud “təşəbbüs” qurum qarşısında “Azərbaycanda davam edən etnik təmizləmə siyasəti kontekstində Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu” ontoloji məsələ kimi tanımaq tələbini qaldıracaq. Deməli, İrəvan və dəstəkçiləri separatçılıqdan əl çəkmək niyyətindən uzaqdırlar.
“Avropalılar Artsax naminə” hərəkatının təşkilatçıları, eyni zamanda, hesab edirlər ki, Aİ-nin ölkəmizin reinteqrasiya siyasətinə dəstəyi Qarabağ ermənilərinə qarşı soyqırımı siyasətinə töhfədir. Yəni, ortada belə bir cəfəngiyyat da var. Aksiyanın, həmçinin Rusiya sülhməramlılarının Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini, guya, yerinə yetirməmələrindən narazılığın ifadə edilməsinə yönəldiyi bildirilir. Deməli, Paşinyan iqtidarının anti-Rusiya mövqeyi dünya erməniliyinə də sirayət etməkdədir.
Qeyd edək ki, oxşar aksiyaların eyni gündə bir sıra digər Avropa ölkələrində də keçiriləcəyi deyilir. Bu ölkələr sırasında Avstriya, İsveç, Fransa, Danimarka, Bolqarıstan, Yunanıstan, Kipr, Slovakiya, Almaniya və Çexiya var. Ümumən, “Avropalılar Artsax naminə” təşəbbüsünə Avropanın erməni icmalarından və “köhnə qitə”nin 500-dən çox təşkilatından nümayəndələr daxildir.
Göründüyü kimi, erməni avantürizmi özünün məkrindən qalmaq bilmir. Bunun anti-Azərbaycan məqsədi daşıdığını vurğuladıq. Ancaq bu məqsədin fonunda digər məsələlər də var. Məsələn, Aİ-nin şantaj edilməsi, onun nüfuzunun ləkələnməsi. Məlumdur ki, Ermənistan və havadarları indiyədək də bu yolu tutublar. Onların öz maraq və mənafeləri naminə BMT kimi nüfuzlu qurumu gözdən salmaq niyyətləri heç bir ayın söhbəti deyil. Təşkilatın Təhlükəsizlik Şurasının Qarabağda humanitar böhran və etnik təmizləmə iddiası ilə bağlı avqustun 16-da və senytabrın 21-də keçirdiyi iclaslar tam bir fiasko səhnəsi idi. Şantajların və böhtanların səbəbi də elə bu fiasko yaşantısı ilə bağlıdır.
Bundan başqa, Qarabağdakı lokal xarakterli antiterror tədbirlərinədək ABŞ da erməni şantajına məruz qalırdı. Elə rəy formalaşdırılırdı ki, guya, Birləşmiş Ştatlar Administrasiyası Qarabağda erməni soyqırımına biganə yanaşır, onun qarşısını almağa səy göstərmir. Bu gedişlər, təbii ki, separatçı rejimin saxlanılmasını rəhbər tuturdu.
Amma hazırda qondarma “DQR” yoxdur və erməni avantürizmi sanki bu acınacaqlı və rüsvayçı aqibətin qisasını dünyadan almaq kimi məkrli oyuna baş vurmaqdadır. Görünür, beynəlxalq ictimaiyyətin ona borclu olduğu qənaətindədir. Əslində, gerizəkalıların belə düşünmələri mümkündür. Çünki həmin dairələrdir 200 illik erməni layihəsinin müəllifləri. Məhz həmin dairələrdir zaman-zaman erməni millətçiliyinin körüklənməsində “fəal” rol oynayanlar. Ona görə erməni avantürizmi yaxalarından tutub və buraxmaq bilmir.
Dahi şairimiz Mirzə Ələkbər Sabirin təbirincə, desək, çərxi-fələk tərsinə dövran edir indi. Bu durumu formalaşdıran isə Azərbaycandır. Bəli, Prezident İlham Əliyevin dünən Zəngilanda keçirilmiş 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində bildirdiyi kimi, artıq ərazilərimizdə “boz” zonalar, qeyri-qanuni strukturlar yoxdur və torpaqlarımızda separatçılığa son qoyulub. “Bu, bizim güclü siyasi iradəmizin göstəricisidir”, – deyən cənab İlham Əliyev əlavə edib ki, baş verənlər, eyni zamanda, Azərbaycan hökumətinin Ermənistanla sülhə hazır olduğunu göstərir.
Haqqında söz açdığımız mövzudan, eləcə də baş nazir Nikol Paşinyan administrasiyasının hazırkı mövqeyindən görünən isə budur ki, siqnal rəsmi İrəvana çatmır. Yəqin, ona görə Azərbaycan Prezidenti elə həmin forumdakı çıxışında bunu da bildirir: “Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir”.
Ə.CAHANGİROĞLU
XQ