BMT-nin müvafiq qurumları Qarabağ bölgəsinə səfərə dəvət edilir

post-img

Məlum olduğu kimi, Ermənistan tərəfi uzun müddət ərzində Azərbaycan ərazilərinin işğalı zamanı işğal, dağıntı, qanunsuz məskunlaşmalar daxil olmaqla, qanunsuz fəaliyyətin nəticələri ilə yerində tanış olmaq məqsədilə beynəlxalq missiyaların işğal olunmuş ərazilərimizə səfərini hər zaman əngəlləyib və ya məhdudlaşdırıb. Eyni zamanda, hətta məhdud missiyalardan sonra belə Ermənistan onların gəldiyi nəticələrə ya məhəl qoymayıb, ya da onları təhrif edib.

XQ xəbər verir ki, bunu XIN-in mətbuat katibi Ayxan Hacızadə bildirib. 

“Qeyd olunan fəaliyyətsizliyə baxma­yaraq, bir neçə gün əvvəl aparılan anti­terror tədbirlərindən sonra Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə səfərə dəvət edib. Belə bir səfər yaxın günlərdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altın­da, BMT ilə Azərbaycan arasında Daya­nıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çər­çivə sənədinə (2021-2025) uyğun olaraq həyata keçiriləcək. 

Səfər Azərbaycanın regionda həya­ta keçirdiyi cari humanitar fəaliyyət ilə tanış olmaq imkanı yaradacaq. Bundan əlavə, müəyyən infrastrukturun bərpası, qeyri-qanuni erməni silahlı qüvvələrinin tərk-silahı və silah-sursatının müsadirə edilməsi prosesi, minalardan yaranan təhlükələr heyətin üzvlərinə nümayiş etdi­riləcək”, – deyə Azərbaycan XİN rəsmisi diqqətə çatdırıb.

Siyasət