Ölməzlik qazananların məkanı ürəklərdir

post-img

27 Sentyabr Azərbaycanda Anım Günüdür

 

Məlum məsələdir ki, Azərbaycan tarixində çox müharibələr olub. O da məlumdur ki, yüzlərlə insan öz Vətəni, dövləti, xalqı naminə aparılan müharibələrdə qəhrəmanlıq, şücaət göstərib. Babəkin, Şah İsmayılın, Azərbaycanın birliyinə nail olmaq üçün xanlıqların birləşdirilməsinə çalışan, yadellilərin istilasına qarşı vuruşan qəhrəmanlarımızın yanında nə qədər mərd, cəsarətli, ölümün gözünə dik baxan, “təki Vətən sağ olsun!”- deməyi bacaran soydaşlarımız olub. Çox təəssüf ki, onların böyük əksəriyyətinin ömür tarixçəsini vərəqləmək mümkün deyil.

Ancaq İkinci Qarabağ müharibəsi­nin iştirakçıları, qəhrəmanları, şəhidləri və qaziləri xoşbəxtdirlər ki, biz onların hamısının nəinki adını, hətta tərcüme­yi-halını, döyüş yolunu yaxşı bilirik. Onlar təkcə bizim müasirlərimiz oldu­ğuna görə deyil, həm də mümkünsüz olanı mümkünə çevirdiklərinə, dünya­nın hər yerində himayədarı, qəyyumu, təəssübkeşi olan Ermənistanın iki yüz il davam edən fitnə-fəsad torlarını dar­madağın etdiklərinə, torpaqlarımızın işğalda qaldığı otuz ildə bütün şəhər və kəndlərimizi müdafiə istehkamları­na yazdıqlarına görə ürəyimizdədirlər və milyonlarla insanın yaddaşına ya­zılıblar.

Möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələri­nin müzəffər Ali Baş Komandanı İlham Əliyevin qeyd etdiyi kimi, qəhrə­man şəhidlərimiz yeni dastan yaradıb­lar. Dövlət başçımız ölkəmizdə keçirilən ilk Anım Günündə – 2021-ci il sentyabrın 27-də xalqa müraciət edərkən demiş­di: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısın­da, Birinci və İkinci Qarabağ mühari­bələrinin şəhidlərinin ruhu qarşısın­da bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demiş­dim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mən­bəyimizdir. Onların qəhrəmanlığı, on­ların şücaəti, fədakarlığı artıq dastana çevrilib”.

Anım Günü Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilmiş­dir. Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi­dir. 

Bu il Anım Günündə şəhidlərimizin xatirəsini ehtiramla anarkən sentyabrın 19-da həyata keçirilən və uğurla başa çatan lokal xarakterli antiterror tədbirlə­rində ordumuzun qüdrəti, qəhrəmanlı­ğı, fədakarlığı xüsusi qürurla qeyd olu­nur. Doğrudur, bu əməliyyatlar zamanı itkilər olmuşdur. Lakin cənab Preziden­tin vurğuladığı kimi, əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəti­cəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan–Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaq­la ərazi bütövlüyümüzü tam bərpa et­mişdiksə, 24 saat ərzində, ondan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir.

Respublikamızın Birinci vitse-pre­zidenti Mehriban xanım Əliyevanın şə­hidlərimizin xatirəsinin əbədiləşdirilmə­si, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi qay­ğısı, onun rəhbərlik etdiyi Heydər Əli­yev Fondunun bu istiqamətdə həyata keçirdiyi genişmiqyaslı tədbirlər xüsusi qeyd olunmalıdır. 

Mehriban xanım Əliyeva şəhidlə­rimizə hörmət və ehtiramının ifadəsi olaraq qeyd etmişdir: “Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə can­larından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nü­munəsidir... Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxla­mağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşaya­caq”.

Anım Günü ilə bağlı başda cənab Prezident və Mehriban xanım olmaqla, keçirilmiş ümumxalq yürüşü İkinci Qa­rabağ müharibəsində şəhid olmuş bü­tün oğul və qızlarımızın əziz xatirəsinə xalqımızın əbədi ehtiramının təzahürü olmuşdur. 

27 sentyabr – Anım Günündə hər birimiz torpaq, Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla anır, Allahdan rəh­mət diləyirik!

 

Nəsimi ƏFƏNDİYEV,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Məhkəmə Ekspertizası Mərkəzinin baş eksperti

Siyasət