Aİ-nin oktyabrın 5-nə planlaşdırılan toplantısında Ermənistan və Azərbaycan arasında ilkin sülh müqaviləsinin imzalanması gözlənilir
Başlığa çıxardığımız nikbin proqnozu şərtləndirən bir sıra amillər artıq göz önündədir. Cənubi Qafqazda Bakının kökündən dəyişdiyi hərbi-siyasi durum, kənar vasitəçilərin öz aralarında gərgin diplomatik atışmalara girişməsi, İrəvanda səslənən “İstefa!” tələbləri, Kremlin Paşinyan hökumətini kəskin tənqid atəşinə tutması fonunda Azərbaycan səbirlə sülh müqaviləsinin imzalanacağı anı gözləyir.
Həmin anın addım səsləri İspaniyanın dilbər guşəsi Qranadadan eşidilməkdədir, – deməyə tələsirik. Amma Avropa Siyasi Birliyinin bu şəhərdə keçiriləcək növbəti Zirvə toplantısı və bu çərçivədə Ermənistan–Azərbaycan dialoqunun baş tutmasına hələ 8 gün qalıb.
Əvvəlkilərdən köklü şəkildə fərlənəcəyi söylənilən bu görüşdən hamının nikbin gözləntisi var. Belə məlum olur ki, Cənubi Qafqazda olduğu kimi, okeanın o tayında da bu tarixi görüşü intizarla gözləməkdədirlər.
“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında gələn həftə görüş baş tutacağına dair məlumat verildi. Bu görüşün nəticələrinin iki ölkə arasındakı uçurumu aradan qaldıracağını düşünürük”. Bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller jurnalistlərin suallarını cavablandırarkən deyib. Vaşinqton rəsmisi onu da deməyi unutmayıb ki, ABŞ iki ölkə arasında sülh sazişinin əldə olunması üçün bütün dəstəyini verməyə davam edir.
Mediada, sosial şəbəkədə qarşıdakı görüş, ondan gözləntilər və mümkün nəticələr barədə indidən bir çox fərziyə və ehtimallar tirajlanmaqdadır. Mövzunun əhəmiyyətini nəzərə alaraq bu yazımızda daha çox tanınmış ekspertlərin şərhlərinə, proqnozlarına üstünlük verdik.
* * *
Mövzuya reallığı nəzərə almaqla yanaşmaq istəyən tanınmış politoloq Fikrət Sadıxovun fikrincə, uzun illər ərzində torpaqlarımızın işğal altında olması iki ölkə arasında deyilən uçurumu dərinləşdirmişdi: “Amma Bakı işğala son qoydu. Yeddi rayonumuzu azad etdik, indi də Xankəndidəyik. Yəni, ədaləti bərpa etdik. Addımlarımızı beynəlxalq hüquqa uyğun atdıq və dünya birliyi Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı. Qarabağdan çıxmağa tələsməyən Ermənistan ordusunun qalıqları tərksilah olunandan, Azərbaycan Ordusu Xankəndiyə daxil olandan sonra, bu, tərəflər arasındakı ilk görüş olacaq. Son günlər İrəvan başa düşüb ki, artıq Bakı ilə silah, hücum ritorikası ilə danışmaq qeyri-mümkündür”.
Hazırda Azərbaycanın bölgədə yaratdığı siyasi reallıqla Ermənistan rəhbərliyinin barışmalı olduğunu vurğulayan təcrübəli politoloq hesab edir ki, Bakının indiki məqamda məqsədi İrəvanla sülh sazişini imzalamaqdan ibarətdir: “İrəvanın əvvəllər sülh sazişində öz əksini tapmasına təkid etdiyi Qarabağ erməniləri məsələsi avtomatik yoxa çıxdı. Ermənistan ikitərəfli görüşdə bu məsələni qaldıra bilməz. Erməni icmasının Qarabağda tahlükəsiz yaşaması öhdəliyini Azərbaycan öz üzərinə götürüb. Bu məsələ ilə bağlı dövlətimizin başçısı çıxışlarında dəfələrlə şəffaf və konkret mövqe ortaya qoyub. Əlbəttə ki, biz yeni reallıq yaratmışıq və İrəvan bununla hesablaşmağa məhkumdur. Düzdür, uçurum çox dərindir, İndi əsas vəzifə erməniləri sistemli və davamlı şəkildə dialoqa və sülhə məcbur etməkdir”.
* * *
“Azərbaycan və Ermənistan arasındakı uçurumu aradan qaldırmaq üçün böyük fürsət yaranıb” ifadəsinin diplomatik jarqon olduğunu söyləyən siyasi şərhçi Orxan Amaşov bunu hərfi mənada başa düşülmədiyinə diqqət çəkib: “İyirmi sentyabrdan sonra iki ölkə arasında uçurum azalıb. Paşinyan xalqa müraciətində birmənalı olaraq qeyd etdi ki, Qarabağdakı erməni əsilli əhalinin həyatına təhdid yoxdur və dinc sakinlərə zərərin toxunması barədə xəbərlər həqiqəti əks etdirmir. Bəli, bütün bunlar uçurumun zəiflədiyini göstərir. Sülh müqaviləsinin imzalanması qarşısında duran ən böyük maneə qondarma Xankəndi rejimi və Qarabağda separatçı xuntanın mövcudluğu idi. İndi bu maneə aradan qalxıb. Ermənistan ordusunun qalıqlarının və yerli silahlı dəstələrin tərksilah edilməsinə başlanılıb. Bununla paralel olaraq daxili dialoq da intensivləşib. Sentyabrın 21-də Yevlaxda, 25-də Xocalıda görüşlər keçirildi. Yəni, bütün bunlar onu göstərir ki, böyük sülh müqaviləsinin imzalanması qarşısındakı maneələr aradan qaldırılmaqdadır. Əlavə arqument isə Nikol Paşinyanın Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizmin cəlb edilməsi tələbindən geri çəkilməsidir”.
Oktyabrın 5-də Qranadada baş tutacaq danışıqların yekununda ciddi irəliləyişin əldə olunmasını istisna etməyən O.Amaşov orada konkret sənədin imzalanmasını belə mümkün sayır: “Ortada iradə məsələsi var. Ermənistan rəsmilərindən, isteblişmentindən gələn son bəyanatlar onu göstərir ki, Bakının lokal antiterror tədbirindən sonra 5 oktyabr görüşünün əhəmiyyəti daha da artıb, Bu baxımdan, Aİ-nin İspaniya zirvəsindən proqres gözləmək olar. Onu da deyim ki, reallıq bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanması ehtimalını xeyli gücləndirir. Çünki, maneələrin aradan götürülməsi istiqamətində böyük nəticələr qazanılıb”.
Siyasi şərhçi sözlərinə onu da əlavə etdi ki, hazırda Ermənistan siyasi rəhbərliyinin fikirlərində ziddiyətin, harmoniyasızlığın görünməsi təbii sayılmalıdır. Buna misal olaraq Ararat Mirzoyanın BMT Baş Assambleyasında bir cür, Nikol Paşinyanın isə xalqa müraciətində fərqli mövqe nümayiş etdirmələrinə diqqəti yönəldən Orxan Amaşov bunu baş nazirin real vəziyyəti daxilə, xarici işlər nazirinin isə dünyaya izah etməyə çalışması ilə izah edir: “Bu, onların düşünülmüş davranış formasıdır”. Qranadadan nikbin xəbərlərin gələcəyini ehtimal edən ekspertin bunu real vəziyyətə və maneəsiz dialoqa söykənərək irəli sürdüyünü söyləyə bilərik. Bu dəfə, doğrudan da, ümidlərin özünü doğruldacağına inam böyükdür.
* * *
Oktyabrın 5-də Ermənistan–Azərbaycan–Avropa İttifaqı–Almaniya–Fransa beştərəfli görüşü ilə bağlı qəzetimizə açıqlama verən siyasi ekspert, politoloq Fərhad Məmmədov səkkiz gündən sonra Avropa İttifaqının egidası altında Qranadada keçiriləcək görüşün xüsusu və əlahiddə əhəmiyyət kəsb etdiyinə diqqəti yönəltdi. İştirakçı dövlət və hökumət başçılarının müşavirləri səviyyəsində qarşıdakı görüşə hazırlıqların artıq başlandığını bildirən politoloqun fikrincə, İspaniyada sülh prosesinə ciddi töhfə verə biləcək bəyanatların səslənəcəyini, konkret addımların atılacağını gözləyə bilərik: “Genişmiqyaslı hazırlıq işləri ondan xəbər verir ki, Qranadada nəsə ola bilər. İkinci məqam ondan ibarətdir ki, son iki il on ayda sülh sazişini təklif etməklə yanaşı, bu prosesə təkan vermək baxımından həm diplomatik səviyyədə, həm də ərazidə konkret addımlar atılıb. Azərbaycanın reallaşdırdığı bütün infrastruktur layihələr, o cümlədən, hərbi əməliyyatların, yaxud şərti sərhəddə nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasının əsas məqsədi məhz bu idi. Bakı ildırım sürətli lokal antiterror tədbirləri ilə sülh müqaviləsinə gedən yolda əsas maneəni aradan qaldırdı. Bununla yanaşı, həm Azərbaycan Prezidenti, eləcə də Türkiyə Prezidenti tərəfindən Ermənistana xoşməramlı çağırışlar edildi. İrəvandan yaxın zamanlarda sülh sazişini imzalaması gözlənilir ki, sonuncu maneə də aradan qalxsın. Bunu ABŞ başda olmaqla, Ermənistanın Fransa, Rusiya, Avropa İttifaqı, İran kimi tərəfdaşları da yaxşı başa düşürlər”.
F.Məmmədov onu da əminliklə bildirdi ki, bundan sonra bölgədə baş verə biləcək gərginlik, destruktiv hərəkətlər avtomatik olaraq Ermənistanın özünün təhlükəsizliyinin şübhə altına alınmasına gətirib çıxara bilər: “Belə olan təqdirdə Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edən, yaxud ona dəstək verməyə çalışan kənar aktorlar rəsmi İrəvanı qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşamağa məcbur etməlidirlər. Düşünürük ki, məhz belə təzyiqlər vasitəsilə indiki şərait sülh müaqaviləsinin imzalanmasını sürətləndirməyə imkan verər”.
* * *
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri, ekspert Fərid Şəfiyev daha çox Ermənistanın özündə müşahidə olunan prosesləri önə çəkərək, indiki məqamda İrəvandan səmərəli bəyanatların səsləndiyini bildirdi: “Ermənistandan müsbət və ümidverici mesajlar gəlməkdədir. Əlbəttə, oradakı sağlam düşüncəli qüvvələr də bu münaqişənin, nəhayət, tarixə qovuşmasını arzulayırlar. Amma, bu, heç də o demək deyil ki, daha heç bir problemlə üzləşməyəcəyik. Ermənistanın bizə qarşı müəyyən iradları, beynəlxalq məhkəmələrdə iddiaları hələ də qalmaqdadır. Təbii ki, Azərbaycanın da İrəvana müvafiq tələb və iddiaları mövcuddur. Sadəcə bizim tələblərimiz əsaslı və sübutludur, onlar isə süni şəkildə ajiotaj yaratmağa çalışırlar. Bütün bunlara baxmayaraq müəyyən optimizmə yerin olduğunu söyləyə bilərik. Təkrar edirəm, İrəvandan eşidilən bəzi mesajlar ona işarə edir ki, onlar da sülh sazişini tezliklə imzalanmasını istəyirlər”.
* * *
Yazımızın əvvəlində ABŞ Dövlət Departamentinin Qranada görüşünün iki ölkə arasındakı uçurumu aradan qaldıracağına inandığını qeyd etdik. Ekspertlərimizin nikbinliyi onu deməyə əsas verir ki, yeni reallıq şəraitində, bu, baş tutacaq və Avropa İttifaqının budəfəki Zirvə toplantısı çərçivəsində beştərəfli görüş real və konkret nəticə ilə sonuclanacaq.
Aİ-nin Qranada toplantısının siyasi miqyasını və çəkisini artıran amillərdən biri də əvvəlki zirvə görüşlərindən fərqli olaraq, bu dəfə dialoqa hazırlıq işlərinin 10 gün əvvəldən başlanmasıdır. Bu nüans heç də nəzərdən yayınmadı. Artıq dünəndən etibarən Bakı, İrəvan, Paris və Berlinin rəsmi təmsilçilərinin Brüsseldə bir araya gəlməsi faktı qarşıda tərəfləri konkret razılığa gələ biləcəkləri gündəliyin hazırlanması versiyasını irəli sürməyimizə dəstəvuz verir. Əslində, iki qonşu xalq kimi, tərəfləri və vasitəçiləri də yormuş bu münaqişənin sona çatması məqamı yetişib.
Sülh müqaviləsinin imzalanması kimi tarixi hadisənin beştərəfli görüşə evsahibliyi edən İspaniyanın Qranada şəhərinin taleyinə düşməsi bizim kimi qızğın xarakterli ispanların da ürəyincə olacağını indidən söyləyə bilərik.
İmran BƏDİRXANLI
XQ