Türkiyənin xarici siyasət xəttində daha pozitiv və dinamik cəhətlər hiss olunmağa başlayıb. Ankara yaxın qonşuları ilə münasibətləri yaxşılaşdırmaqla bərabər, Qərblə, xüsusilə Avropa İttifaqına (Aİ) üzv dövlətlərlə əlaqələrini gücləndirir. Bu, başadüşüləndir, belə ki, qardaş ölkə regionda və bütün dünyada “çəki”sini və nüfuzunu artırmağa çalışır və buna nail olmağı bacarır.
Türkiyə Prezidentinin BMT Baş Assambleyası çərçivəsində keçirdiyi son görüşlərdən ikisi xüsusilə diqqəti cəlb edib: R.T.Ərdoğan Nyu-Yorkda BMT-nin məşhur binası ilə üzbəüz yerləşən “Türkiyə evi”ndə İsrailin Baş naziri Binyamin Netanyahu və Yunanıstan hökumətinin rəhbəri Kiriakos Mitsotakisi qəbul edib. Bunlar sıradan bir görüşlər deyil. Bu barədə bir qədər sonra söz açacağıq.
Bir qədər əvvəl isə R.T.Ərdoğanın Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən “Böyük iyirmiliy”in (G-20) sammitində misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşü olmuşdur. Bu mühüm görüş Türkiyənin regionda bir çox sanballı aktorlarla, eləcə də 100 milyondan çox əhalisi olan Misirlə hərtərəfli əməkdaşlığının yeni mərhələyə keçidi kimi dəyərləndirilə bilər.
Qayıdaq Nyu-Yorka. Bir çox mənbələrə görə, Ərdoğanın Netanyahu ilə görüşü çox yaxşı keçib və iki lider tezliklə bir-birinin ölkəsinə səfər etmək niyyətində olduqlarını açıqlayıblar. Digər bir məlumata görə isə, ölkə başçıları enerji, texnologiya, innovasiyalar, süni intellekt, kibertəhlükəsizlik, ikitərəfli ticarətin artırılması, regional əməkdaşlıq, o cümlədən həssas Fələstin problemini müzakirə ediblər. Bundan başqa heç kimə sirr deyil ki, Türkiyə Prezidenti vaxtaşırı israilli həmkarı İsxak Hersoq ilə də məhsuldar “telefon diplomatiyası” aparır.
Görünən budur ki, Ankaranın Qüds və Fələstinlə bağlı həssaslığı lazımi səviyyədə nəzərə alınır. Belə olan halda, Ərdoğan və Netanyahunun mütəmadi canlı ünsiyyəti, necə deyərlər “liderdən-liderə” diplomatiyasından bəhrələnmələri mümkün ola bilər ki, bu da Şərqi Aralıq dənizi də daxil olmaqla, bir çox yaxın bölgələrdə güc balansına təsir göstərəcək. Axı bütün regional oyunçular normallaşmanı başa çatdırmağa və yeni ikitərəfli və üçtərəfli əməkdaşlıqlarını möhkəmləndirməyə çalışırlar.
Sözsüz ki, hər bir ölkə yeni qlobal nizamsızlıq haqqında da kifayət qədər məlumatlıdır. ABŞ və Çin arasındakı rəqabət təklif edilən dəhlizlər şəklində Türkiyənin qonşuluğuna təsir edir. Hazırda Türkiyə, İsrail və Yunanıstan arasındakı əlaqələr enerji, logistika və təhlükəsizlik daxil olmaqla əməkdaşlıqla yanaşı, rəqabəti də gücləndirir. Sonda sürətlə hərəkət edən və konkret layihələr hazırlayan xalqlar strateji hədəflərinə daha tez çata biləcəklər.
Türkiyə Prezidentinin Yunanıstanın baş naziri ilə görüşü də “məhsuldar” olub. Məlumdur ki, hər iki ölkədə keçirilən son seçkilərdə qarşılıqlı gərginliyi azaltmaq siyasətinə üstünlük verən liderlər seçilib. Türkiyə Yunanıstan ilə etimadın gücləndirilməsi üçün konkret addımlar atmağı hədəfləyir. Dekabrın 7-də iki dövlət arasında son yeddi ildə ilk dəfə keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurası qonşular arasında yeni bir dönəmin başlanğıcı ola bilər. Təhlilçilər ümid edirlər ki, liderlər münasibətlərdəki “soyuqluğ”un bundan sonra arxada qalması üçün çalışacaqlar.
BDU-nun Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri, professor Aydın İbrahimov vurğuladı ki, iki qonşu ölkə təbii fəlakətlər, ekoloji problemlər və meşə yanğınlarla bağlı birgə işləsələr, mədəni mübadilələri inkişaf etdirsələr, o cümlədən qeyri-qanuni miqrasiyaya qarşı qüvvələri birləşdirsələr, Egey və Şərqi Aralıq dənizi kimi mübahisəli məsələləri həll etmək mümkün ola bilər.
Professor eyni zamanda vurğuladı ki, dəniz yurisdiksiyalarının delimitasiyası, “çətin” razılaşmalar, şura iclaslarının təşkili, yüksək səviyyədə təmaslar və təklif olunan həll yolları, şübhəsiz ki, Türkiyə–Yunanıstan münasibətlərinə töhfə verəcək.
Bəli, Türkiyə bu gün regionda və dünyada baş verən ciddi proseslərin içindədir. Ankara bir çox Qərb dövlətlərindən fərqli olaraq, destruktiv deyil, konkstruktiv mövqedən çıxış edir, belə səriştəli yanaşma Ankaranın fəaliyyət miqyasını genişləndirir.
Yenə də vurğulamaq istəyirəm ki, böyük güclər rəqabətinin regiona təsirini diqqətlə izləyən və normallaşma səylərini konkret əməkdaşlıq planlarına çevirə bilən aktorlar bundan faydalanacaqlar. Türkiyənin etdiyi də məhz budur.
Rüfət RÜSTƏMOV,
BDU-nun türk filologiyası kafedrasının müdiri, professor
– Türkiyə dövləti son prezident seçkilərindən sonra gözlənildiyi kimi, olduqca fəal xarici siyasət kursu həyata keçirməyə başlayıb. Məlumdur ki, planetimizdə yeni dünya düzəni formalaşır və Ankaranın bu prosesi yönəldən qüvvələrdən biri olması bütün türk dünyası üçün olduqca vacibdir.
Məlumdur ki, çağdaş dünya siyəsətinin ən xarizmatik liderlərindən biri olan sayın Prezident Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda çıxışı zamanı Birləşmiş Millətlər Təşkilatında köklü və ədalətli islahatların vacibliyini bird aha gündəmə gətirib.
BMT-nin Baş katibi Antonio Quterreşin və ABŞ Prezidenti Co Baydenin son illər təşkilatın normal funksionallığının baş vermədiyini etiraf etmələrindən bir daha aydın olur ki, Türkiyə liderinin hər zaman səsləndirdiyi arqumentləri (“Dünya beşdən böyükdür”) və (“Daha ədalətli dünya mümkündür”) beynəlxalq siyasi dairələrdə geniş dəstək qazanmışdır.
Bununla belə, mövcud beynəlxalq şəraitdə Təhlükəsizlik Şurasının daimi üzvlərinin köklü islahatlara razılaşacaqlarına ehtimallar azdır. Rusiya–Ukrayna müharibəsinin böyük güclər arasında rəqabəti daha da dərinləşdirdiyini nəzərə alsaq, demək olmaz ki, biz hər hansı razılaşmadan xeyli uzaqdayıq.
Buna baxmayaraq, R.T.Ərdoğan təkcə bugünün deyil, sabahın ədalətli dünyası üçün “yeni beynəlxalq nizam”a çağırır. Onun buna mənəvi və hüquqi haqqı var.
Türklər o xalqlardandır ki, ədaləti təkcə özləri üçün deyil, bütün dünya üçün arzulayır və bu hədəfə doğru addımlamağı bacarırlar.
Türklər bu vaxta qədər tarixdə 128 dövlət qurublar. O xalqlar dövlət qura bilərlər ki, onlar qəhrəman olduqları qədər, insaflı və mərhəmətlidirlər. Böyük Atatürk nahaq yerə demirdi ki, “Nə mutluyam türkəm deyənə!”. Üfüqdə məhz qəhrəman, insaflı və mərhəmətli Turan boylanır!
Son vaxtlar Türkiyənin xarici siyasət kursunda baş verən müsbət prosesləri yalnız alqışlamaq olar. Ankara öz müdrik və ədalətli addımları ilə bütün ölkələri və xalqları regionda və bütün dünyada kəskin, sonu olmayan rəqabətdən əməkdaşlığa səsləyir. Türkün gücü və ədaləti bundadır!
Məsaim ABDULLAYEV
XQ