Haradan gəlmişik və haraya gedirik?

post-img

Erməni avantürizmi dünəndən bu günə

Qarabağda erməni iddiaları yenicə baş qaldırmışdı. Cəmiyyətin bütün diqqəti bölgəyə yönəlmişdi. Hadisələr bu qədim diyarımızın bizdən tədricən ayrı salınması “ssenarisi­nin” var gücü ilə işə salındığını deməyə əsas verirdi. Qeyri-müəyyənlik və pərakəndəlik də bir tərəfdən əsəbləri tarıma çəkirdi. O zaman AZƏRTAC-da müxbir idim. Öz-özümə düşünür və sual edirdim: Yəni, Qarabağ bizim olmayacaq? Niyə? Nə səbəbə? İçimdə bu suallarla üsyan qaldıran fikirlər mənə rahatlıq, dinclik vermirdi. Elə bilirəm, o dövrün gənclərinin çoxunun düşüncəsinə belə narahatlıqlar hakim kəsilmişdi. Ancaq onlardan fərqli olaraq, mən dövlətin informasiya agentliyində idim. Bu, gerçəkliyi görmək üçün əlavə şans yaradırdı. Eyni zamanda, gerçəklikdən, müəyyən mənada, xəbərdar olub da­nışa bilməmək kimi bir durum da içimi yeyirdi.

Diqqət edək: Qarabağa erməni id­diaları ümummilli lider Heydər Əliye­vin 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından dərhal sonra başlamışdı. Azərbaycan arxa-dayaqsız qalmışdı. Axı Ulu öndər idi illərlə bu iddi­aların vüsət almasına imkan verməyən. O idi bölgədə müxtəlif vaxtlarda baş qaldıran separatçı meyillərin qarşısına çıxıb onları neytrallaşdıran. Azərbayca­nı da həmin meyilləri zərərsizləşdirərək tərəqqi yoluna çıxarmış, Sovetlər Bir­liyində yüksək inkişaf tempinə malik respublikaya çevirmişdi. Güclü olmağı prioritet seçmişdi ki, xalqımıza ziyan gəlməsin. Ancaq...

***

Bəli, Qarabağda erməni avantü­rizmi hər zaman olub. Bu avantürizm, ümumən, Azərbaycana qarşı ərazi id­diası formasında özünü göstərib. Yəni, hədəf yalnız Qarabağ deyildi. Sadə bir misal çəkək: Birinci Qarabağ müha­ribəsi dövründə azərbaycanlıları Kür çayınadək qovmaq “niyyətləri” ortaya atılmışdı... Hələ torpaqlarımız işğal olunmamışdı. Dediyim kimi, düşün­cələr burulğanı yaşanır, sanki ətrafa nifaq toxumları səpilir və kimlərsə on­ların cücərməsini gözləyirdi. O zaman hadisə və proseslərə diqqət yetirərkən, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü üzərində dayanırdım. Axı avantürizmə qarşı təkbaşına mübarizə aparmışdı. Görəsən, necə bacarmışdı? 

O zaman “Miatsum” ideoloqların­dan sayılan və SSRİ rəhbəri Mixail Qorbaçovun müşaviri vəzifəsində iş­ləyən Abel Aqanbekyanın 1987-ci ildə Parisdə etdiyi çıxışı da xatırlayırdım. Qarabağın Ermənistana verilməsinin məqsədəuyğunluğu barədə Fransanın "Humanite" (L'Humanité) qəzetinə mü­sahibəsini də oxumuşdum. Fransa er­məni institutunun və Erməni veteranlar assosiasiyasının təşkil etdiyi tədbirdəki çıxışında isə "mən bir iqtisadçı kimi he­sab edirəm ki, Qarabağ iqtisadi cəhət­dən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana", – dediyindən də xəbərdar idim. 

Elə bu məqamları düşünərək, daha doğrusu, düşünüb pozitiv fikirlər eşit­mək məqsədilə respublika rəhbərli­yində təmsil olunan şəxslərə üz tutur­dum. Yalnız mən yox, mənim kimi gənc müxbirlərin hamısı belə edirdi. Ancaq qənaətbəxş, ağlabatan cavablar eşit­mirdik. Nəhayət, günlərin birində söh­bətləşdiyimiz bir vəzifəli şəxs konkret dedi: Qarabağ problemi təkcə Azərbay­can xalqına yox, bütün Türk dünyasının birliyinə çalınan çox böyük pazdır. Elə beləcə də dedi. Fikrinə heç bir bəzək-düzək vermədən. Həmin şəxs buna qarşı çıxmağın başqa itkiləri də doğu­racağını bildirdi. Bu sözlərdən sonra nə yazasan? Nə deyəsən? İçimdəki barışmazlıq hissi gənclik emosionallığı ilə çulğalaşırdı. Əlbəttə, təmkinli olmağı düşünürdüm. Hay-küy qaldırmağın nə mənası var idi ki? Onsuz da ətraf mə­nasız qara-qışqırıq salanlarla, insanı bir qaşıq suda boğmağa hazır xainlərlə dolu idi. Bəli, “ssenari” son dərəcə incə şəkildə işlənmişdi. 

Zamanla, belə demək mümkünsə, erməni avantürizmi özünü doğrultdu. İşğal başladı. Özü də təkcə Qarabağın işğalı yox. Sanki bu xalqı tamamilə sın­dırmağa girişmişdilər. Heydər Əliyevin dönəmindəki illərdəki dirənişin qisası­nı alırdılar. Ulu öndərin Azərbaycanda, ümumən SSRİ rəhbərliyində olması ilə özlərinin itirdikləri illərin qisasını. Bunu amansızcasına, qəddarlıqla edirdilər. Beləcə, otuz illik işğal dövrü başlandı. Ancaq daha pis də ola bilərdi... 

Müəyyən müddətdən sonra Ulu öndər təkrar siyasi hakimiyyətə gəl­di. Azərbaycan xilas oldu. Ölkəmizdə böyük quruculuq işlərinə start verildi. Elə bir beynəlxalq tribuna qalmadı ki, Prezident Heydər Əliyev oradakı çıxışı zamanı Qarabağ həqiqətlərindən, üz­ləşdiyimiz işğal faktından, bir milyon­dan çox vətəndaşımızın didərgin həyatı məhrumiyyətlərindən söz açmasın. Ən əsası Ümummilli lider xalqda inam ya­ratdı. İmkan vermədi ki, Qarabağ yarası qaysaq bağlasın. 

Prezident İlham Əliyev Ulu öndərin həyata keçirdiyi kursu daha da zəngin­ləşdirdi, onu müasir dövrün tələblərinə uyğunlaşdıraraq inkişaf etdirdi. Qa­rabağ hədəfi daha sistemli və ardıcıl məzmun qazandı. Hər keçən il bu hə­dəf uğrunda mübarizə daha sistem­li şəkil aldı. Ermənistanın danışıqlar prosesindən yayınması, münaqişəni donduraraq, Qarabağı Azərbaycan in­sanının düşüncəsindən silmək cəhdləri hədəfimizin güc amilini işə saldı. Bunu ilk dəfə 2016-cı ilin Aprel müharibəsin­də gördük. Neçə-neçə şəhid qanı hesa­bına işğaldan azad etdiyimiz Lələtəpə yüksəkliyi Qarabağ dirənişimizin simvo­luna çevrildi. Lələtəpə bizim üçün təkcə Cəbrayıl yox, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan və Füzuliyə açılan yol oldu. İllərlə unutmaq istədiyim və mənə sözün əsl mənasında, yer eləmiş “paz” məntiqini tamamilə beynimdən sildim. Sildim və inanmağa başladım. İçimdə Şuşalı, Laçınlı, Kəlbəcərli... gün­ləri görəcəyimə böyük əminlik yarandı. 

***

O günləri də gördük. Dualarda, mahnılarda, şeirlərdə yaşatdığımız Qa­rabağımıza qovuşduq. 44 günlük Vətən müharibəsində şərəfli Qələbə qazan­dıq. Şəhidlərimiz oldu. Üç mindən çox can verdik. Müqəddəs Zəfərimizdən ötən müddətdə də torpaqlarımız şəhid qanı ilə suvarıldı. Nəhayət, 23 saat 43 dəqiqə davam etmiş lokal antiterror tədbirləri ilə işğalda olan torpaqlarımızı azad etmənin, Qarabağı geri qaytarma­nın sevincinə suverenliyimizin bərpası qürurunu da əlavə etdik. 

Yenə igid Vətən övladlarını qurban verdik. Əlbəttə, o sualı vermək istəmirik ki, can itkisi olmadan qazanılmış qələ­bə varmı? Hardasa, kimsə görübmü ki, qanla gedən torpaq dinc yolla qayıt­sın? Yəni, bunları deyib bilavasitə son günlər bəzilərinin qələbəmizi kiçiltmək üçün gətirdikləri “arqumentləri” cavab­landırmaq niyyətindən uzağıq. Hərə öz fikrində və düşüncəsində qalsın. Ancaq istərdim ki, fikir hər kəsin özünə aid ol­sun. Amma görünən budur ki, ortaya, belə demək mümkünsə, “fikir və düşün­cə istehsalçıları” düşüblər. Belələri və onların təbliğatına uyanların unutduqla­rı isə tarixdir. O tarix ki, yazımda onun müəyyən hissəsinə diqqət yetirərək, dünya gücləri tərəfindən müdafiə olu­nan erməni avantürizminin miqyasını göstərməyə çalışdım. 

***

Erməni amili heç də adi məsələ deyil. Onun tarixinin, haqqında bəhs etdiyim mərhələdən də əvvələ aidliyi məlumdur. 1830-cu ildən başlayaraq ermənilərin Azərbaycan torpaqları­na köçürülməsindən tutmuş, onların hazırkı Türkiyənin şərq torpaqlarında çıxardıqları “oyunlara, çeşidli təxribat” əməllərinədək, bir çox məqamları vur­ğulamaq mümkündür. Tarixdə saxta “erməni soyqırımı” iddiası da, Azərbay­can torpaqlarında Ermənistan dövləti­nin yaradılması da həmin əsas niyyətin ayrı-ayrı elementləridir. 

Ola bilər, bəziləri keçmiş SSRİ dövründə paytaxtımız Bakının mərkə­zindəki bütün yaxşı evlərin ermənilərə məxsusluğunu unudub. Bir çoxları bəlkə heç bilmir ki, Heydər Əliyev haki­miyyətə gələnədək Bakı əhalisinin təx­minən yetmiş faizə qədəri qeyri-millət­lərin təmsilçiləri olub. Hətta, kimlərinsə Ulu öndərin bu geriliyi aradan qaldır­maq üçün respublikanın iqtisadi inki­şafına, fabrik və zavodların tikintisinə üstünlük verdiyini və rayonlarımızdakı əhalini paytaxta cəlb etmək üçün gör­düyü digər işləri unutması da mümkün­dür. Halbuki, heç nəyi unutmaq olmaz. Qətiyyən olmaz...

***

Türk dünyasını ayırmaq üçün dü­şünülmüş “erməni pazı”nın Qarabağda dalana dirəndiyinin şahidləriyik. Axı, on il əvvələdək belə bir durum yox idi. Amma bu gün də o pazın Azərbaycan­dan çıxmasını istəməyənlər var. 44 günlük müharibədən sonra haqq dava­mızın əsəb səngərində olmuşuq. Baxın, son bir ildə üç dəfədir erməni məsələsi BMT tribunasına çıxarılır. Həqiqətən, dəhşətli durum var. Heç bir hüquqi əsa­sı olmayan iddialar kontekstində hansı­sa “tutacaq” yerləri axtarılır, meydana okampolar, makronlar, menendezlər, kimlər... çıxarılır. Hansısa haqlar uy­durulur. Azərbaycana böhtanlar atılır. Elə bilirsiniz, bütün bunlar son üç, otuz, yetmiş ilin nəticəsidir. Xeyr, məsələnin kökü, az qalır ki, iki yüz ilə çatsın. 

Necə ki, sovet dövründə heç bir əsası olmadan Zəngəzur Ermənistana verilmişdisə, yenə də eyni əsassızlıqla Qarabağın erməni varlığına “məxsus­luğu” önə çəkilir. Sanki, dünya ermə­niliyi vaxtilə etdiyi “xidmətlərə” güvənir. Demək istəyir, minnət qoyur, hətta üs­yan qaldırır. Təxminən belə: Sizin plan­larınızın həyata keçməsi üçün çalışmı­şıq, can qoymuşuq, bizi ata bilməzsiniz! Və sanki kimlərsə bu xəstəlik daşıyı­cılarına onlar üçün iş görüldüyü mən­zərəsini yaradır. Belələrinin sırasında Fransa kimi “erməni məsələsinin dava­mına sərmayə yatıranlar tapılır. Paris digərlərini də “hərəkətə gətirir”. Amma onların sıralarının seyrəldiyini görürük. Bu seyrəlməni biz etmişik, bacarmışıq. Buna düşünülmüş, məntiqi siyasət yü­rüdərək nail olmuşuq. 

***

El misalında deyildiyi kimi, it hürər, karvan keçər. Ancaq bəzi itlər var ki, elə hey hürürlər. İstəyirlər ki, səslərini hamı eşitsin. Məsələn, belələrinin bir qrupu ekspert və analitik qiyafəsinə bü­rünərək deyir ki, Cənubi Qafqazda er­məni – azərbaycanlı davası heç zaman bitməyəcək, nə zamansa münaqişə yenidən alovlanacaq. Axı, belə görüb­lər. Axı, erməni xəstəliyinin simptom­larına yaxşı bələddirlər. Bilirlər ki, bu simtomları işə salmaq çox asandır. Heç şübhəsiz, onlar erməni xəstəliyini sanki soyuducunun buzluğunda saxlayıb, nə zamansa işə salmağı da nəzərdən qa­çırmırlar. 

Başqa bir qrup da var. Belələri məhz şəhid məsələsi ilə manipulyasiya yolu tuturlar. İstəyirlər ki, Azərbaycan haki­miyyətini səriştəsizlikdə günahlandır­sınlar. Çox cəhd göstərirlər ki, xalqımız danışdığımız tarixdə olanların ayrı-ayrı epizodlarını unutsun. İndi də başlayıb­lar ki, 23 saat 43 dəqiqəlik antiterror tədbirlərində çox şəhid vermişik və bu, guya, tədbirlərin uğursuzluğundan xə­bər verir və sair ilaxır. 

Bir qrup da var ki, heç bir iddia-fi­lan dilə gətirmədən görüntülərə güc verir. Şəhidlərlə vida mərasimindən, onların dəfnindən ürəkdağlayan video­lar yaymaqla, insanlarda bədbin ovqat, ruh düşkünlüyü formalaşdırmağa cəhd göstərir. Bilərəkdən, ya bilməyərəkdən bu təbliğata qatılanlar da tapılır. 

...Rusiya amilini qabardaraq bütün proseslərin Moskva tərəfindən idarə edildiyini vurğulayıb, Azərbaycan döv­lətinin mövqeyini kiçiltmək yolu tutanlar da var. Belələrinin fikirləri ermənilərin və onların havadarlarının mövqeyi ilə üst-üstə düşür. Təsəvvür edin, ABŞ Senatında Qarabağla bağlı dinləmələr keçirilir və bildirilir ki, Rusiyanın əli ilə Azərbaycanın Ermənistanı sıxışdır­masına yol vermək olmaz. Mövcud is­tiqamətdə “strateji xətt” hazırlayıb onu Birləşmiş Ştatların Administrasiyasına təqdim etmək “istəkləri” baş qaldırır. Meydana Qərbin klassik Şərq eks­pansiyası üçün uydurduğu və erməni məsələsinin tərkib hissəsi kimi qiymət­ləndirilən saxta “erməni soyqırımı” iddi­asının növbəti dalğasının Qarabağda reallaşacağını bildirənlər, hay-şivən qaldıranlar çıxırlar. Müvafiq olaraq, baxırıq ki, daxildəkilərimizdən bəziləri gah Rusiyanın Qarabağı Azərbaycana verməsinə dair sərsəm fikirlər səsləndi­rir, gah da pasifizmə güc verərək “sülh qaranquşları”na” çevrilirlər. 

***

Bəli, belə görüntü var ki, Azərbaycan xalqının öz uğuruna, həqiqi mənada, sevinməyinə, kədərinə sahib çıxmağı­na, kədərini və sevincini layiqli şəkildə yaşamasına imkan verməyən qüvvələr səfərbər olublar. Hər şeyi “erməni də­yirmanına su tökmək” kimi qələmə ver­mək niyyətindən uzağam. Həm də ona görə ki, erməni varlığı özlüyündə heç nədir. İndi dövriyyəyə girənlər başımı­za min bir oyunlar açanların varisləridir. Onlar haqqında söz açdığımız həmin “erməni pazı”nın aradan götürülməsinə yol verməməyə çalışanlardır. Çalışırlar ki, bu coğrafiya “erməni avantürizmi” kabusundan xilas olmasın. Daim bölgə­də ziddiyyətlər, konfliktlər üçün “baza” saxlanılsın, separatçılıq həmişə diri qalsın. Belələri yalnız bizə qarşı çıxmır, eyni zamanda, sadə erməni xalqının dinc yaşayışına yol verməmək xətti yürüdürlər. Bir sözlə, nəyin bahasına olursa-olsun, Cənubi Qafqazda sülh mühitinin formalaşmasına əngəl yara­dırlar. Bütün bunlara görə Azərbaycan Prezidenti İlham Əliyev xalqa 20 sent­yabr 2023-cü il tarixli müraciətində bil­dirmişdi: “Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiter­ror tədbirlərinin nəticələri imkan verə­cək ki, nəhayət, sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırır­sınız adlandırın, maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yarada­caq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların tor­pağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bü­tövlüyünü tanıyırıq. Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onla­rın arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqara­sı erməni cəfakeşləri bilsinlər - nə qə­dər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sül­hə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünya­nın o başında oturub bizə qarşı əsas­sız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu dava­lar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Er­mənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil - Azərbay­can və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqa­viləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başla­yacaqlar”. 

***

Bəli, Azərbaycan Prezidentinin xalqa müraciətində həm kifayət qə­dər əhatəli, həm də emosional ruhlu bu fikirləri əminlik yaradır ki, Cənubi Qafqaz dayanıqlı sülh məkanı olacaq. Dövlət başçımızın qətiyyəti və prinsi­piallığı bunu istəməyənlərə qarşı dirə­niş və iradədir. Kimlərin hansı fikirləri söyləməsindən, hansı “arqumentləri” irəli sürüb özünü ağıllı göstərməsin­dən asılı olmayaraq, “Azərbaycan” adlı qatar sürətlə irəliləyir. Bu inkişaf sülhə və tərəqqiyə, inkişaf və asayişə, əmin-amanlıq və firavanlığa doğru inamlı istiqamət götürüb. Bu gün Azərbay­can suverenliyini bərpa etməklə, yal­nız özünün maraq və mənafelərindən irəli gələn tədbiri gerçəkləşdirmir, eyni zamanda, bütövlükdə regionumuz na­minə çalışma əzmi ortaya qoyur. Bu gün Azərbaycan əsgəri çəkməsi ilə keçdiyi torpaqlarda sülh toxumlarının səpilməsi üçün şumlama işi aparır. O torpaqlarda dünyanın təhlükəsizliyinə nümunə olacaq sülh və əmin-amanlıq cücərəcək... Mütləq cücərəcək. 

Əflatun AMAŞOV,
baş redaktor





Siyasət