“Xristian klubu”nun niyyəti, əslində, dünyanı orta əsrlərə qaytarmaqdır
Azərbaycan Prezidentinin siyasi uzaqgörənliyi və mükəmməl diplomatiyası onların ağzını elə bir labirintə yönəldib ki, istənilən istiqamətə getmək istəyəndə burunları divara dəyir. Söhbət Avropadakı bəzi anti-türk və anti-Azərbaycan mövqeli siyasətçilərin atdığı addımların hamısının dalana dirənməsindən və ya ifşa olunmasından gedir.
Bu dalanları və ifşaolunmaları Fransanın təşəbbüsü ilə Qarabağla bağlı çağırılan BMT Təhlükəsizlik Şurasının təcili iclasının tamamilə nəticəsiz başa çatmasında da gördük. Bədxahlarımız orada heç nəyə nail ola bilməsələr də, dünya şahid oldu ki, Fransa və Ermənistan BMT Təhlükəsizlik Şurasını özlərinin siyasi maraqlarının alətinə çevirmək istəyindən əl çəkmirlər. Onların əl çəkib – çəkməyəcəklərinə baxmayaraq, Paris və İrəvanın beynəlxalq ictimai rəyi manipulyasiya etmək, bununla Azərbaycanın əleyhinə hansısa bir qərar və qətnamə qəbul etdirmək cəhdi bu dəfə də iflasa uğradı.
Başqa cür ola da bilməzdi. Çünki BMT Təhlükəsizlik Şurasının üzvlərinin hamısı Makron ağılda olmadıqları kimi, təcili iclasa dəvət edilənlər də İrəvan səviyyəsində deyildilər. Ona görə də, bəzi iclas iştirakçıları əvvəllər müşahidə edilməyən, lakin bizim üçün ən önəmli məsələ olan Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya olunması prosesini dəstəkləyən bəyanatla çıxış etdilər. İclasın Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən hissəsi də bu oldu. Beləliklə, Fransanın Azərbaycanın əleyhinə çağırdığı iclas və müzakirələr tam əksinə, ölkəmizin reinteqrasiya ilə bağlı siyasətinin BMT TŞ-nın əksər ölkələri tərəfindən dəstəklənməsi ilə yekunlaşdı.
Bu məqamda xatırladaq ki, həmin iclasda bizim üçün önəmli olan məsələlərdən biri də Türkiyə Xarici işlər nazirinin müavini Burak Akçaparın səsləndirdiyi arqumentlər idi. Cənab Akçapar xatırlatdı ki, Türkiyə Prezidentinin hər zaman dediyi kimi, Ermənistan öz vədlərini yerinə yetirməli, Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir. Burada olan hər kəsin bildiyi kimi, Qarabağ Azərbaycan ərazisidir: “Son üç ildə Ermənistan tərəfi üçtərəfli Bəyanatın icrasına əməl etməyib. Eyni zamanda, Xankəndidə olan qeyri-qanuni nümayəndələr öz təcrübələrini tətbiq edib. Həmçinin bu müddət ərzində Ermənistan Azərbaycana qarşı “mina müharibəsi”ni davam etdirib. Ancaq bu müddət ərzində Azərbaycan davamlı şəkildə dialoqlara təşəbbüs göstərib”.
Bəli, Fransanın təşəbbüsü ilə çağırılan bu iclasda Parisin, Berlinin və Brüsselin nümayiş etdirdiyi mövqe sübut etdi ki, bu “üçayaqlı” siyasi dairə Nyu-Yorka birmənalı olaraq “səlib yürüşü”nə getmək ruhunda toplaşmışdı. Müasir dünyanın üzqaralığı olan “Xristian klubu”nun üzvləri heç bir ölçü-biçi, mizan-tərəzi gözləmədən, haqlı, haqsız İslam aləminə hücum edirlər.
Hamı üçün əlçatan olan mənbələrdən birində oxuyuruq ki, Türkiyənin Avropa Birliyinə (o zaman qurum belə adlanırdı) qəbul edilməsinə münasibət bildirən AB qurucularından biri həmin qurumu “Xristian klubu” adlandırmış və müsəlman ölkəyə burada yer olmadığını açıqca elan etmişdi. Ekspertlərin fikrincə, ona səmimiyyətinə görə təşəkkür etmək lazımdır. Çünki Avropa Birliyi, həqiqətən, “Xiristian klubu”dur. Belə olmasaydı, Avropa Birliyinə üzv ölkələrin gözləri qarşısında, foto-video faktlarla Xocalı qətliamı baş verirsə və bunun əvəzində Avropa Birliyi azərbaycanlıların deyil, 100 il əvvələ aid, yalnız sözdə olan və arxasında əsaslı fakt dayanmayan bir hadisəni “soyqırımı” olaraq qəbul edirsə, bu artıq “Xristian klubu”nun təəssübkeşliyi, siyasi basqısı və iç üzüdür. Biz son otuz ildə də bunun şahidi olduq, son üç-dörd gündə də.
Fikrimizi konkretləşdirək. BMT Təhlükəsizlik Şurasının Makronun təşəbbüsü ilə çağırılan və anti-Azərbaycan əhval-ruhiyyəli sənəd qəbul edilməsini məqsəd kimi qarşıya qoyan iclasında Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel ölkəmizin ünvanına hər cür hədyanlarla çıxış edib. O, Azərbaycanın öz ərazisində separatçı xunta rejiminə qarşı həyata keçirdiyi əks-terror əməliyyatını şərh edərkən bildirib ki, Bakı Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinə görə məsuliyyət daşıyır və əgər ermənilərin hərbi yollarla zorakı yerdəyişməsini həyata keçirərsə, Aİ-nin ciddi reaksiyası ilə qarşılaşacaq.
Bəs XXI əsrdə “səlib döyüşçüsü” libasından və təfəkküründən əl çəkə bilməyən həmin Borrel quldur Ermənistan rəhbərliyinin Cənubi Qafqazda törətdiyi vəhşilikləri nə üçün görmürdü? İndi onun dayəlik etmək istədiyi separatçılar Qafqazda Xirosimanın təkrarını törədəndə, Xocalı şəhərini yandırıb-yaxanda, bir milyondan çox azərbaycanlını qaçqın-köçkün kimi yurd-yuvasından didərgin salanda, Azərbaycan-türk mədəniyyətinə qənim kəsiləndə Borrel və “borrelkimilər nə üçün kor idilər?
Unutmasınlar ki, “səlib yürüşləri”nin müasir dünyaya tətbiq edilməsi heç kəsə xeyir gətirməyəcək. Bugünkü Türkiyə də, Azərbaycan da, Türk dünyası da, lap elə ərəb ölkələri də artıq “səlib yürüşləri”ndən “tük salacaq” səviyyədə deyil. Azərbaycan öz ərazisində lokal antiterror əməliyyat keçirəndə hər şeyi ölçüb-biçmiş, hansısa “Xristian klubu” üzvünün qulp qoymasına imkan verməmişdir. Odur ki, aparın həmin qulpu Afrikada, Asiyada milyonlarla insanın qırılmasına səbəb olmuş öz dövlətlərinizin “əməllərinə” qoyun.
İ.QAÇAYEV
XQ