Nazirlər Kabinetinin geniş iclası

post-img

Dövlət büdcəsi və icmal büdcə müzakirə olundu

Sentyabrın 23-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclası keçirilib.

İclası giriş sözü ilə açan Baş nazir Ə.Əsədov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığına uy­ğun olaraq Ordumuz tərəfindən bir neçə gün əvvəl həyata keçirilən uğurlu lokal xarakterli antiterror tədbirləri barədə da­nışıb. Vurğulanıb ki, şanlı Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri cəmi bir gün ərzində yerinə yetirib.

Sonra ölkənin iqtisadi inkişaf göstə­riciləri barədə məlumat verən Ə.Əsədov bildirib ki, cari ilin 8 ayında qeyri-neft sek­torunda 2,6 faiz, qeyri-neft sənayesində isə 6 faiz artım qeydə alınıb. 

Hazırda ölkənin maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb, strateji valyuta rezervləri 67 milyard ABŞ dolla­rına çatmış və ilin əvvəlindən 14,5 faiz artıb. 

2023-cü ilin ötən dövründə xarici ti­carət balansının əhəmiyyətli həcmdə müsbət saldosunun yaranması, xarici borcun azalması və büdcə gəlirlərinin yüksək icrası əldə olunmuş çox müsbət nəticələr kimi dəyərləndirilib. 

Bildirilib ki, bütün bunların nəticəsin­də 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılıb və büdcə gəlirləri 3,1 milyard ma­nat və ya 10,1 faiz, büdcə xərcləri isə 3,3 milyard manat və ya 9,8 faiz artıb. 

Azərbaycan Respublikasının Prezi­denti tərəfindən müəyyən edilən prioritet xərc istiqamətləri əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin uğurlu icrası üçün büdcədə tələb olunan maliyyə təminatının yaradıldığı diqqətə çatdırılıb.

Növbəti il və ortamüddətli dövr üçün büdcə siyasətinin müəyyən edilməsi ilə bağlı əsas çağırış və hədəflər barədə məlumat verilib. 

Bu xüsusda “Azərbaycan Respublika­sının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasının, Qara­bağ və Şərqi Zəngəzur iqtisadi rayonla­rının bərpa və yenidənqurulması, həmçi­nin Böyük Qayıdışın təmin edilməsi üzrə tədbirlərin davam etdirilməsinin, “Naxçı­van Muxtar Respublikasının sosial-iqtisa­di inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi­nin, ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsinin, ərzaq təhlükəsizliyinin təmin edilməsi və sahibkarlığın inkişafının dəstəklənməsi­nin, ən vacib prioritet layihələrin maliy­yələşdirilməsi üçün yeni borclanma si­yasətinin aparılmasının, makroiqtisadi və büdcə dayanıqlığının təmin edilməsinin önəmi vurğulanıb.

Diqqətə çatdırılıb ki, dövlət başçısı­nın Hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biri də bu ilin sonuna qə­dər inflyasiyanın birrəqəmli səviyyəsinə nail olunmasıdır.

Bu məqsədlə Nazirlər Kabinetinin 2023-cü il 15 iyul tarixli sərəncamı ilə “İnflyasiya və qiymət monitorinqi” üzrə yaradılmış İşçi qrup tərəfindən inflyasiya proseslərinin və onun səbəblərinin araş­dırılması və təhlili istiqamətində zəruri iş­lər görülməkdədir.

Vurğulanıb ki, inflyasiyanın makroiq­tisadi və maliyyə sabitliyi üçün xələl gə­tirməyən həddə qorunması məqsədilə müvafiq tədbirlərin görülməsi davam etdiriləcək. Məhz bu baxımdan ortamüd­dətli dövrdə də Hökumət qarşısında əsas çağırışlardan birinin makroiqtisadi sabit­liyin və büdcə dayanıqlığının təmin edil­məsinin olduğu bildirilib. 

İclasda maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcə­nin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri haqqında, iqtisa­diyyat naziri Mikayıl Cabbarov Azərbay­can Respublikasının 2024-cü il və son­rakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında, əmək və əhalinin sosial mü­dafiəsi naziri Sahil Babayev 2024-cü il üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müda­fiə Fondunun və İşsizlikdən Sığorta Fon­dunun büdcə layihələri haqqında, Naxçı­van Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədovun “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proq­ramı”nın icrası ilə bağlı qarşıda duran məsələlər haqqında məruzələri dinlənilib.

Daha sonra gündəlikdə duran məsələlərə dair müzakirələr aparılıb. 

İclasa yekun vuran Baş nazir Hö­kumət qarşısında duran əsas vəzifələr barədə məlumat verib. 

Ölkənin hərbi potensialının və dövlət təhlükəsizliyinin daha da möhkəmləndiril­məsi, Qarabağ və Şərqi Zəngəzurun bər­pası və yenidən qurulması, Böyük Qayı­dışın təmin edilməsi, maliyyə sektorunda nizam-intizamın gücləndirilməsi, vergi və gömrük sahəsində islahatların, daxili bazarda sağlam rəqabət mühitinin təmin edilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, həmçinin qarşıda duran digər prioritet layihələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib. 

XQ

Son xəbərlər