Heydər Əliyev siyasəti düşmənin ikiəsrlik miflərini dağıtdı
Əməliyyat başlanmazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər.
Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən
20 sentyabr 2023-cü il.
Dünən Dövlət televiziyasında ulu öndər Heydər Əliyevin doxanıncı illərin ortalarında Kəlbəcər köçkünləri ilə görüşdəki çıxışının bəzi məqamlarını verirdilər. İlahi, insan nə qədər inamlı və uzaqgörən ola bilərmiş ki, 25-26 il əvvəl bizim son iki-üç ildə nail olduğumuz uğurlar barədə ən incə detallarınadək aydın proqnoz verə bilsin.
Ümummilli lider dedi ki, siz Kəlbəcərə qayıdacaqsınız, ağdamlılar Ağdama, şuşalılar Şuşaya qayıdacaqlar. Oralarda həyat qaynayacaq. Siz yenə də öz işinizlə, fəaliyyətinizlə məşğul olacaqsınız.
Nə xoşdur ki, həmin proqnozların hamısı bu günümüzün reallıqlarıdır. Ancaq bu günümüzün reallıqları təkcə həmin proqnozların “çin olması” ilə qurtarmır. Azərbaycan Prezidentinin, xalqımızın və ordumuzun yaratdığı yeni reallıqlar sırasında elə siyasi, ictimai, mənəvi və psixoloji məqamlar var ki, onlar haqqında nəinki 25-30 il, hətta, üç il qabaq danışsaq, kiminsə fantaziyası kimi qəbul edilərdi.
... Qəbələ rayonundan olan təqaüdçü, torpaqlarımızın işğal edilməsindən bəri daim hamını ermənilərdən qisas almağa çağıran Telman Rəfiyev indi deyir ki, tarix boyu düşmənçilik etmək, müharibə şəraitində yaşamaq olmaz. Danışmaq, razılaşmaq, sülh şəraitində yaşamaq lazımdır.
Həmin ağsaqqalın bu arqumentini eşidəndə elə bildim ki, biz qalib gəlmişik deyə onun fikri dəyişib. Ancaq Rusiyanın Krasnodar diyarında yaşayan Samvel Badalyanın – yəni məğlub tərəfin təmsilçisinin – “Heç bir müharibə ömürlük olmur. Tarixən bir regionda yaşamış iki xalqın aparrdığı müharibəyə də son qoyulmalıdır ki, sabaha inamla gedə bilək” – qənaətini eşidəndə isə düşündüm ki, artıq hər iki xalq müharibədən bezib, yorulub. Fikrimcə xalqlar müharibədən hələ on illər əvvəl yorulmuşdular. Ancaq Azərbaycanın yaratdığı reallıqlar həmin “yorğunluğun” dilə gətirilməsinə zəmin yaratdı, stimul oldu.
2020-ci ilin payızından bəri baş verən hadisələr, əldə edilən nəticələr son iyirmi ildə “Lazım nə vaxt gələcək?” – deyə dövlətimizin səbr və təmkininə ironiya ilə yanaşan ağzıgöyçəklərin ağızlarını da bağladı. Onların ağzı elə bağlandı ki, ordumuz lokal antiterror əməliyyatları aparanda bu faktı dəstəkləyən siyasi partiyalara qoşula bilmədilər.
Hətta, 23 saatlıq əməliyyatlardan, düşmənin ağ bayraq qaldırmasından, erməni xalqının sabahını düşünən siyasətçilərin vəziyyətdən daha az itki ilə çıxmaq üçün Yevlaxa gəlib danışıqlarda iştirak etməsindən sonra da bəzi qaragüruhçular cəmiyyətə sual verirdilər ki, bəs nəticə nə oldu?
Həmin sualın cavabını o bədxahlara – Rəsul Quliyevin sözü olmasın, “bədbaxt”lara mən verirəm: “23 saatlıq əməliyyatların nəticəsi odur ki, a) ermənilərin iki əsr davam edən “Böyük Ermənistan” uydurması gündəlikdən çıxarıldı, b) “Miatsum” xülyası gorbagor oldu, c) həyasız və şərəfsiz erməni siyasətçilərinin “yeni ərazilər üçün yeni müharibələr” çağırışı öldü, ç) işğalçıların Qarabağa verdikləri “ARTSAX” adı gömüldü, d) Laçın yolu haqqında dedikləri dəhliz ifadəsi sərhəd keçid məntəqəsi ifadəsi ilə birdəfəlik əvəzləndi və sair.
Bundan başqa, Bakıdan Xankəndiyə ərzaq yardımı və çörək aparan yük maşınları sentyabrın 23-də paytaxtdan yola düşdü, elə həmin gün də yardımı Xankəndidəki vətəndaşlarımıza çatdıraraq geri qayıtdı. Həm də Laçın– Xankəndi yolu ilə deyil, Ağdam – Xankəndi yolu ilə. Halbuki bir neçə həftə əvvəl Bakıdan yola düşən humanitar yardımla dolu maşınlarımız qəbul edilməmiş, on günlərlə yolda gözləməli olmuşdu.
“Bəs nəticə nə oldu?” –sualını verənlərə başqa cavablarımız da var.
Ermənistan baş naziri 23 saatlıq əməliyyatlardan əvvəl dünyanın az qala bütün liderlərinə zəng edirdi ki, Laçın yolunun bağlı olduğuna görə – halbuki həmin yoldan hər gün yüzlərlə erməni əsilli Azərbaycan vətəndaşı keçib gedir və ya gəlirdi – Qarabağda ermənilərin hüquqları pozulur. Sentyabrın 19-da başlanan əməliyyatlardan sonra isə bəyan etdi ki, Qarabağda mülki obyektlərə ziyan dəyməyib və dinc sakinlər zərərdidə olmayıblar.
Daha hansı nəticələri gözləyirdiniz? Əlavə nəticə istəyirsinizsə, Rusiyanın bu əməliyyatlara münasibətini öyrənin. Beynəlxalq aləmdə bu faktın necə qiymətləndirildiyinin göstəricisi olan məlumatlarla maraqlanın.
Mühüm nəticələrdən biri də odur ki, dövlət başçımız Qarabağla bağlı İşçi qrupun yaradılması haqqında tapşırıq verdi. Belə ki, dövlət başçısının tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb. Bu qrup Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı çərçivəsində fəaliyyət göstərir. İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Daxili İşlər, Səhiyyə, Elm və Təhsil nazirlikləri, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi, Avtomobil Yolları Dövlət Agentliyi və digər aidiyyəti qurumlar daxil olduğu qrupun son üç-dörd gündəki fəaliyyəti sübut edir ki, regionda vəziyyət sabitləşməyə doğru gedir.
Ancaq regionun daha sabit və firavan günləri, şübhəsiz, qabaqdadır. Bu arqumenti əsaslandırmaq üçün indiki qeydlərimizi dövlət başçımızın sentyabrın 20-də xalqa ünvanladığı müraciətin nikbinlik dolu abzası ilə tamamlayırıq : “Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız adlandırın, maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yaradacaq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq”.
Bütün bunlar Azərbaycanın yeni reallıqlarıdır.
İttifaq MİRZƏBƏYLİ
XQ