Ermənistanın paytaxtı İrəvanda davam edən etiraz aksiyalarının 49 iştirakçısı haqqında cinayət işi açılıb.
Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, əlavə 5 nəfər isə həbs olunub. Fəallar kütləvi iğtişaşlarda iştirak etməkdə, xuliqanlıqda, dövlət məmurlarına qarşı zorakılıq tətbiq etməkdə, narkotik vasitələrin qanunsuz dövriyyəsində və soyuq silah gəzdirməkdə ittiham olunurlar.
Hazırda Ermənistanda etiraz aksiyaları davam edir, iştirakçılarla polis arasında qarşıdurma yaşanır. Aksiya iştirakçıları hökumətin istefasını tələb edir.
İstintaq Komitəsi İrəvanda 19 sentyabrdan etibarən keçirilən mitinqlərdə ictimai asayişin pozulması ilə bağlı ümumilikdə 26 cinayət işi açıb, cinayət işləri çərçivəsində 45 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib, 5 nəfər həbs edilib, 7 nəfər axtarışa verilib.
Aksiyalarda iştirak edənlərin arasında ümumilikdə 39 nəfərin həbsi ilə bağlı məhkəməyə müraciətlər olunub.
Hazırda İstintaq Komitəsi tərəfindən cinayət törətmiş digər şəxslərin müəyyənləşdirilməsi üçün çoxsaylı materiallar, o cümlədən videoyazılar araşdırılır.
Xatırladaq ki, İrəvanda artıq bir neçə gündür ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyada iştirak edənlər Qarabağda baş verən hadisələr fonunda hakimiyyətin istefasını tələb edirlər.
XQ