Ermənistan Rusiya silahlarından imtina edib

post-img

Paşinyanın geosiyasi oyunbazlığı ona baha başa gəlir

Ermənistanın “Joxovurd” qəzeti ölkənin Rusiya və Hindistandan silah-sursat alışına dair maraqlı yazı dərc edib. Qeyd olunub ki, İrəvan Rusiya ilə alqı-satqı müqavilələrindən imtina edib. Bunun əvəzində Hindistanın özəl şirkətləri ilə müqavilələr imzalayıb. Şirkətlərin bank hesabına 500 milyon dollar köçürülüb, lakin müqavilədə nəzərdə tutulan silahların beş faizi belə alınmayıb.

Məqalədə deyilir: “İrə­vandakı və Moskvadakı mənbələrimiz bildiriblər ki, Ermənistan müdafiə nazir­liyi ilə Rusiyanın “SMERÇ” tipli raketlər istehsal edən “Splav” Açıq Səhmdar Cə­miyyətinin zavodu arasında müqavilə imzalanıb. Müqa­viləyə əsasən, Rusiya za­vodu Ermənistana lazım olan “SMERÇ” tipli raketlər istehsal etməli idi. Zavod Er­mənistan müdafiə nazirliyinə bildirib ki, yük çatdırılmağa hazırdır və onlar yükü qəbul etmək üçün mütəxəssislər göndərə bilərlər. Ancaq Er­mənistanın müdafiə nazirliyi 1 il 3 aydan sonra da yükü Ermənistana daşıya bilmə­yib. Yükü götürmək üçün “Splav” ASC-nin zavodu 3 dəfə Ermənistan müdafiə qurumu ilə əlaqə saxlayıb, bu ölçüdə olan yükü anbar­da uzun müddət saxlamaq mümkün olmadığından onla­rı qısa müddətdə almaq xahi­şi ilə müraciət edib. Bu qədər müraciətdən sonra da İrəvan yükün daşınmasını təşkil et­məyib”.

Bundan əlavə, məlum olub ki, İkinci Qarabağ müharibəsindən sonra Rusi­ya Federasiyası Ermənistana 1 milyard ABŞ dolları dəyərində silah-sursat təklif edib və bunu verməyə hazır olduğunu bil­dirib. Daha 400 milyon dollar dəyərində silah-sursatı isə 20 illik kreditlə verməyi təklif edib. 400 milyon ABŞ dolları məb­ləğində müqavilə artıq təsdiqlənibmiş, müqavilələr imzalanmağa hazır imiş, 1 milyardlıq müqavilələrin isə iki ölkənin hökumətləri və maliyyə nazirlikləri tərə­findən təsdiqlənməsinə bir neçə gün qa­lıbmış. Lakin Ermənistan birdən-birə bu müqavilələrdən imtina edərək Hindistan­dakı özəl şirkətlərlə müqavilələr bağla­yaraq onların hesabına 500 milyon ABŞ dolları köçürüb. Buna rəğmən, bu yükün heç 5 faizini də almayıb.

“Joxovurd” qəzeti şərh almaq üçün Ermənistan müdafiə nazirliyinə müraciət edib. Lakin nazirlikdən qəzet əməkdaşı­na sualları yazılı şəkildə göndərməsini təklif ediblər.

Göründüyü kimi, Ermənistan rəhbər­liyi Rusiyadan imtina edərək Hindistanı seçib. Ancaq vəd olunan silahın heç beş faizi də çatdırılmayıb. Bununla belə, il ər­zində uzaq Asiya ölkəsinin Ermənistana silah-sursat daşımasına dair çox fakt aş­karlanmışdı. Belə ki, bu ilin iyulunda Nur­düz (İran) sərhəd-buraxılış məntəqəsin­dən Ermənistana avtomobil karvanının hərəkəti qeydə alınmışdı. Kadrlardan gö­rünürdü ki, daşınan yük onun içərisində olanların gizlədilməsi məqsədilə çadırla örtülüb. Operativ çəkiliş kadrlarını dərc edən Caliber.az saytının məlumatına görə, İrandan Ermənistana daşınan yük hərbi təyinatlıdır və İranın Bəndər-Abbas limanına çatdırılıb. Sayt iki müstəqil mən­bəyə istinadla dəqiqləşdirmişdi ki, silah­ların tədarükçüsü son zamanlar Ermə­nistanla hərbi-texniki əməkdaşlığı sürətlə inkişaf etdirən Hindistandır.

Onu da qeyd edək ki, məsələ ilə bağ­lı Prezident İlham Əliyev də Hindistana açıq xəbərdarlıq etmişdi. May ayında Hindistanın yeni səfiri Sridharan Madhu­sudhananın etimadnaməsini qəbul edən dövlət başçımız onun diqqətinə çatdır­mışdı ki, bu gün Ermənistanda ölkəmizə qarşı ərazi iddialarını davam etdirən revanşist qüvvələr baş qaldırır. Ermə­nistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını bildirən Prezident İlham Əliyev qeyd etmişdi ki, əgər, doğ­rudan da, Ermənistan Azərbaycanla sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır? Azərbaycan Prezidenti vurğulamışdı ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.

Bundan əlavə, iyulun 26-da Azər­baycan Prezidentinin köməkçisi – Pre­zident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Ha­cıyev bu məsələ ilə əlaqədar Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananla gö­rüşmüşdü.

Qeyd edək ki, Hindistan böyük-bö­yük beynəlxalq hüquqdan danışır, la­kin Cənubi Qafqazda açıq-aşkar hərbi münaqişənin qızışdırılması və ölkələrin ərazi bütövlüyünə hörmətsizlik siyasə­tini dəstəkləyir. Eyni zamanda, o, bütün bunların Bandunq konfransının və Hin­distanın da üzvü olduğu Qoşulmama Hərəkatının prinsiplərinə zidd olduğunu da nəzərə almır.

Bunu da deməliyik ki, Hindistan Er­mənistana müqavilədə nəzərdə tutulan silahın heç beş faizini də çatdırmayıb. Bu da Paşinyanın xarici siyasətinin uğursuz­luğundan xəbər verir.

Rizvan HÜSEYNOV,
hərbi-siyasi şərhçi

– 2023-cü ildə müdafiə büdcə­sini 47 faiz artırmağı planlaşdıran Ermənistanın hərbi büdcəsi ilk dəfə olaraq 1 milyard dolları keçəcək. Ermənistana silah tədarükü ilə bağ­lı öhdəlikləri yerinə yetirmədiyinə görə Rusiyanı ittiham edən Paşin­yan, həm də ölkəsinə silah ixracı­nın qarşısını aldığı üçün Azərbay­candan vaxtaşırı gileylənirdi. Buna görə də Azərbaycanın hərbi qüdrəti və uğurlu diplomatiyası qarşısında tab gətirə bilməyən Ermənistan dövləti Hindistandan silah almaq niyyətinə düşdü.

Hindistan Ermənistana “Pina­ka” raket sistemləri, tank əleyhinə raketlər və bir sıra digər hərbi sur­satlar verib. Bundan başqa, 80 mm-lik artilleriya qurğularının və “Akaş” zenit-raket kompleksinin alınması­na dair müzakirələr aparılırdı.

Nyu-Dehlinin Ermənistana si­lah satışı bundan əvvəl də olub. 2020-ci ildə Hindistan Ermənistana təxminən 40 milyon dollara dörd “Svati” əks-artilleriya radarı təda­rük edib. 2017-ci ildən Hindistan ordusunda tətbiq edilən bu əks-ar­tilleriya sistemi Cammu və Kəşmir bölgələrində Pakistanın artilleriya atəşlərinin qarşısını almaqda aciz olub. Pakistanın artilleriya zər­bələrini aşkar edə bilməyən “Sva­ti” kimi digər Hindistan silahları da erməniləri yarı yolda qoyacaq. Çünki Vətən müharibəsində də bu sistemlər özünü doğrultmayıb və Azərbaycan Ordusunun artilleriya silahları qarşısında aciz qalıb.

Səxavət HƏMİD
XQ





Siyasət