Şəhidlərə ehtiram, yoxsa...

post-img

Əvəz RÜSTƏMOV
[email protected]

 

İstəyimiz nədir, ortada olan nə?

Silahlı Qüvvələrimizin 23 saat 43 dəqiqə davam etmiş lokal antiterror tədbirləri ölkəmizin suverenliyini bərpa etdi. Çox qürurluyuq. Doğma torpağa sahiblənməyin fəxarət dolu anlarını yaşayırıq. Xoşbəxt xalqıq ki, Uca Tanrı bizə bu günləri nəsib etdi. Böyük türk şairi Mithat Camal Kuntayın dili ilə desək, “Bayrakları bayrak yapan üstündeki kandır,Toprak, eger uğrunda ölen varsa, Vətəndır”. 44 günlük mübaribədə olduğu kimi, antiterror tədbirləri zamanı da şəhidlərimiz oldu. Allah hər birinə rəhmət eləsin, nur içində uyusunlar. Onların Vətən qarşısındakı xidmətləri unudulmazdır. Qədirbilən xalqımız həm torpaqlarımızın azadlığı yolunda, həm də suverenliyimizin bərpası naminə canlarını fəda etmiş igid övladlarını daim qəlbində yaşadacaqdır. 

Qədirbilənliyimizi göstərmək üçün şəhid dəfnlərinə gedir, onla­rın ata-analarının, qohum-əqrəba­larının, əzizlərinin və yaxınlarının dərdlərinə şərik çıxmağa çalışırıq. Çalışırıq ki, bu kateqoriyadan olan şəxslər, heç olmasa, bir anlığa, soyuq divarlar qarşısında tək qa­lanadək, acı-ağrılarını unutsunlar. Təsəlli üçün söz axtarıb tapmağı ba­carmadığmız anlar da olur. Bilmirik nə deyək. İçimizdə sarsıntı keçirir, susuruq... 

Övlad itkisi böyük dərddir. Xarak­terinə həm də mübhəmliyin kəsildiyi dərd. Şəhidlik məqamından söhbət düşəndə isə dərd, müəyyən mənada müqəddəsdir. Müqəddəslik həm də toxunulmazlıqdır. Bəlkə başqa cür ifadə etməliydik, amma gördüyümüz bəzi mənzərələr onu deməyə əsas verir ki, övladı şəhid olmuş şəxslərin dərdinə, acısına toxunanlar da var. 

Yəqin, şəhid dəfnlərindən pay­laşılan videogörüntülər çoxlarınızın qarşısına çıxıb. Əlbəttə, bu görün­tülərdə ibrətamiz epizodların olduğu­nu danmırıq. Amma həmin mərasim­lərdən ürəkdağlayan məqamların paylaşıldığına da şahidik. Ana, ata, qardaş ya bacı hərbçi tabutunun üstünə sarılır, ah-nalə çəkir, huşunu itirir və sair. Hələ onu demək istə­mirik ki, belə epizodlar insanlarda ruh düşkünlüyü yarada bilər. Yəni məsələnin bu tərəfini, hələlik bir kə­nara qoyuruq. Üstəlik, bir qalib xalq olaraq dərdlə sınmamağımızın va­cibliyindən də söz açmırıq. İndilik, heç şəhidlik məqamının yüksəkliyin­dən danışmaq niyyətindən də uza­ğıq. Sadəcə, bir valideyn üçün övlad itkisinin mübhəmliyini, fərdiliyini vur­ğulamaq fikrindəyik. 

Sual olunur: şəhid dəfnlərindən paylaşılan video görüntülərdəki ah-nalə epizodları övlad itirmək dərdi­ni ictimailəşdirirmi? Bu görüntülər, hansısa formada dərdi fərdilikdən çıxarıb toplumsal məcraya yönəl­dirmi? Nəhayət, bu ürəkdağlayan səhnələr cəmiyyətə nə isə fayda ve­rirmi? Nə qazanır cəmiyyət? Qədir­bilənlikmi öyrənir? Əsla, yox!

Bəli, şəhid dəfnlərindən, onlarca vida mərasimlərindən, onların hüzür yerlərindən paylaşılan ürəkdağlayan videolarda heç bir ictimai motiv yox­dur. Sanki kimlərsə belə görüntüləri mazaxistcəsinə həzz alırmış kimi yayır. Hələ bəziləri paylaşımlarına pafoslu başlıqlar seçir, öz aləmlərin­də, təqdimat verir. Ən pisi isə budur ki, məsələyə məhz bu formada ya­naşan media orqanlarımız da tapılır. Onlar sosial şəbəkələrdəki səhnələri xəbərə çevirirlər. Həqiqətən dəhşət­dir. 

Dərdin ictimailəşməsindən da­nışırdıq. Bu, jurnalistikanın üzə­rinə düşən işdir. Jurnalistlərimiz elə etməlidirlər ki, şəhidlərlə bağlı məsələlərin təqdimatı, o cümlədən, şəhid dəfnləri anlamlı olsun, əsl qə­dirbilənlik nümunəsi olsun. Axı, cə­miyyəti formalaşdırmaq missiyası, ilk növbədə, medianın üzərinə dü­şür. Deməli, dərd ictimailəşirsə, bu, cəmiyyətin formalaşmasına dəstək mahiyyəti daşımalıdır. Bəs, şəhid dəfnləri fonunda medianın göstərdi­yi ah-nalə içərisində olan cəmiyyət bizə lazımdırmı? Şəhid ruhları necə, bu səhnədən şad olarmı? Axı, “ağ­lama, şəhid anası, ağlama” deyən də bizik. Niyə o şəhid anasının ağ­lar gününü, saçını yolmasını, fəryad qoparmasını yaymaq kimi iş görül­məlidir? Budurmu şəhidlik məqamı­na hörmətimiz?

***

Məsələyə başqa aspektdən ya­naşaq. Allah qismət eləməsin, öv­ladını itirməyən heç kəs o ağrının nə olduğunu bilməz, anlamaz. Heç kəs də övlad itkisinə hansı reaksi­yanı verəcəyini proqnozlaşdırmaq iqtidarında deyil. Reaksiyalar isə müxtəlifdir. İtki hər bir şəxsə müxtəlif cür təsir göstərir. Tam mümkündür ki, kimlərsə övlad itkisinə göstərdiyi reaksiyanın ictimailəşməsini istəmir. Sonradan həmin səhnələri görüb daha pis duruma düşənlər tapılır. Onlara yenidən dərd yaşatmaq istə­yirik? İstəyirik ki, fəryad qopardıqları anlara tamaşa etsinlər və dərddən özlərinə gələ bilməsinlər? Görəsən, bəziləri bunları düşünürmü? 

Gərək düşünsünlər. Onu da nəzərə alsınlar ki, kimlərsə yaşadıq­ları ağrı-acı anının nümayişə çıxa­rılmasına, sadəcə, razı deyil. Tam mümkündür ki, özlərinin düşdükləri faciəli durumu görməkdən əsəb ke­çirənlər tapılsın. Axı, dərd dediyi­miz həm də fərdi xarakter daşıyan məsələdir. Niyə bunu nəzərə almır və düşünmürük ki, dəhşət səhnələ­rini yaymaqla həm də şəxsi həyata müdaxilə etmiş oluruq? Bilmirikmi ki, fərdin şəxsi həyatına müdaxilə halı, eyni zamanda, böyük qanun pozun­tusudur? 

İndiki halda şəhid dəfnlərində ictimai motivlər gözlənilmirsə, yəni təqdimatlarda ibrətamizlik amili əsas götürülmürsə, yalnız ürəkdağ­layan səhnələr gözə girirsə, deməli, heç kəs deyə bilməz ki, bunların ya­yılması qədirbilənlikdir, ehtiram nü­munəsidir. Belə qədirbilənlikmi olur? Hər halda, ananın, atanın şəhid öv­lad tabutunu qucaqlamasını çəkib yayımlamaqda hansısa məna yükü yoxdur.

***

Əvvəldə bildirdik ki, dəhşət səh­nələri cəmiyyətdə ruh düşkünlüyü yaradır. Söhbətimizin bu bölümündə həmin deyimin üzərinə gələk. Həm də ona görə ki, ümumən Azərbay­can insanını ruhdan düşmüş, pessi­mist görmək istəyən xarici qüvvələr var. Əksəriyyəti də ermənipərəst mövqe tutanlardır. Uzun müddət onların daxilimizdəki “pasifistləri” öyrədib xalqımızı haqq davasından yayındırmaq yolu tutduqlarının şa­hidi olmuşuq. Bu cinahın təmsilçiləri istəyiblər ki, torpaq itkisini unudaq. Belələri indi də “iş” başındadırlar. Çalışırlar ki, ölkəni şəhid ah-naləsi çəkən məmləkət olaraq göstərsin­lər. Ona görə dəhşət saçan görün­tüləri yayırlar. Bu yolla cəmiyyətə bədbinlik gətirməyi hədəf seçirlər. Bəzilərimiz bilməyərəkdən onların qurduqları “ssenari” üçün vasitəyə çevrilirik. Yaxşı olar ki, məsələ ciddi şəkildə nəzərə alınsın. Nəzərə alın­sın və düşünülsün ki, belə mənfur məqsəd güdənlər istəklərinə çatma­sınlar. Axı, hər bir halda cəmiyyətin sarsılmasına yol verilməməlidir. İn­sanlarımız ayaqda qalmalı, yeni gün uğrunda mübarizə aparmalıdırlar. 

***

Bəli, cəmiyyətimiz mübarizə aparmalıdır. Mübarizənin hədəfi isə güclü, qüdrətli, inkişafı, tərəqqini həyat amalına çevirən Azərbaycan olmalıdır. Elə bilirik, şəhidlərimizin ruhuna ən böyük ehtiramımız da elə budur. Onlar bu torpaq, bu Vətən uğrunda canlarından ona görə ke­çiblər ki, xalqımızın və dövlətimizin parlaq gələcəyi olsun.

Siyasət