Dənizi Aralın taleyi gözləyir
Son illər müşahidə edilən iqlim dəyişiklikləri təkcə temperatur artımı və qeyri-sabit hava şəraiti ilə deyil, həm də bütöv bir regionun həyatında mühüm rol oynayan Xəzər dənizinin geri çəkilməsi ilə müşayiət olunur. Bu, sadəcə elmi dairələrin və ekoloqların narahatlığı deyil, həm də bütöv bir coğrafiyanın ritmini dəyişən böhrandır. Bu barədə Lids Universitetinin bioloqu Saymon Qudman “The Conversation” jurnalında dərc etdiyi məqaləsində yazıb. Onun fikrincə, Xəzərin dərdi təkcə hövzəyanı dövlətlər üçün deyil, bütövlükdə Avrasiya qitəsinin ekoloji sabitliyi üçün təhdiddir.
Bəli, Xəzər dəyişir. Yox, sadəcə dəyişmir, o, susuzlaşır, geri çəkilir, sanki bizdən uzaqlaşır. Bu proses təkcə coğrafi yox, eyni zamanda mənəvi uzaqlaşmadır. Təbiət insanla olan qədim bağını itirirmiş kimi görünür. Artıq bu dəyişiklikləri yalnız peyklər deyil, sahilboyu yaşayan insanlar da aydın şəkildə müşahidə edirlər. Dənizin əvvəlki sahilləri ilə indiki sahil xətti arasında fərq gözlə görünəcək qədər böyükdür. Balıqçılar əvvəlki kimi bol ov əldə edə bilmirlər, çünki balıq növləri ya azalıb, ya da tamamilə yox olub. Ekosistem zəiflədikcə, onun əsas canlıları da bir-birindən qopur, yoxa çıxır.
Bu məsələyə diqqət çəkən professor Saymon Qudman qeyd edir ki, Xəzər dənizi sadəcə su hövzəsi deyil. O, minlərlə növ heyvan və bitki üçün unikal yaşayış məkanıdır. Bu unikal ekosistem milyon illər ərzində formalaşmış və öz içində zəngin biomüxtəliflik yaratmışdır. Lakin indi həmin təbiət zənginliyi təhlükə altındadır. Artıq müəyyən edilmiş 10 əsas ekosistemdən 4-ü tamamilə məhv olmaq üzrədir. Bu isə təkcə təbiətin deyil, həm də insanın, onun laqeydliyinin nəticəsidir.
***
Ən çox zərbə alan sahələrdən biri də turizmdir. Xəzərin sahili bir vaxtlar regionun turizm incisi hesab edilirdisə, bu gün həmin ərazilər ziyarətçi cəlb etməkdə çətinlik çəkir. Dəniz suyunun sahildən geri çəkilməsi ilə çimərliklər cazibəsini itirir, turizm obyektləri isə əvvəlki funksiyasını yerinə yetirə bilmir. Sahil infrastrukturunun tənəzzülü regionun iqtisadi dinamikasını zəiflədir, iş yerlərinin azalmasına və əhalinin köçünə səbəb olur.
Digər ciddi problem isə logistika ilə bağlıdır. Mahaçkala, Türkmənbaşı və Aktau kimi iri liman şəhərlərində su xəttinin geriləməsi yükdaşıma imkanlarını məhdudlaşdırır. Gəmi yollarının daralması və dayazlaşması səbəbindən gəmilərin hərəkəti çətinləşib, dəniz ticarəti əlavə risk və xərclərlə müşayiət olunur. Bu vəziyyəti aradan qaldırmaq üçün limanlarda dəniz dibi dərinləşdirilir, neft və qaz şirkətləri isə yeni süni kanallar açmağa məcbur olurlar. Amma bu tədbirlər ekosistemi daha da zəiflədir və əlavə ekoloji risklər yaradır. Süni müdaxilələr dəniz faunasına və florasına mənfi təsir göstərir, su bioçeşidliliyi azalır və balıqçılıq kimi ənənəvi təsərrüfat sahələri tənəzzülə uğrayır.
Onu da qeyd edək ki, Xəzərin geri çəkilməsi ilə illərlə suyun içində olan yaşayış məntəqələrində indi səhrayabənzər mənzərələr müşahidə edilir. Əkinçiliyə yararlı torpaqlar səhralaşdıqca məhsuldarlıq azalır, nəticədə kənd yerlərində yaşayan insanlar alternativ gəlir mənbələri axtarmağa başlayırlar. Bu da daxili və xarici miqrasiyanı artırır, regionda sosial gərginliyi dərinləşdirir. Bütün bu proseslər isə bir-biri ilə bağlıdır, böhranı daha da dərinləşdirir. Bununla bağlı professor Saymon Qudman xəbərdarlıq edir: “Bu, yalnız təbiətin itkisi deyil, həm də iqtisadi və sosial zəncirin pozulmasıdır”.
Tənəzzül prosesinin arxasında isə kompleks amillər dayanır: qlobal iqlim dəyişikliyi, azalan yağıntı, artan temperatur, çay axınlarının zəifləməsi və qeyri-səmərəli su idarəetməsi.
Professor Saymon Qudmanın yaranmış vəziyyətə dair fikirləri əslində sadəcə bir alim rəyi deyil, eyni zamanda bəşəriyyət üçün açıq xəbərdarlıqdır. Qudman Xəzərin taleyini Aral dənizinin faciəsi ilə müqayisə edərkən bu, bənzətmə yox, reallığa çevrilmək üzrə olan ssenaridir. Aral dənizinin illər əvvəlki tükənməsi o ərazilərdə yaşayan minlərlə insanın həyatını kökündən dəyişdirib. Kənd təsərrüfatı tənəzzül etdi, insanlar köç etməyə məcbur qaldı, sağlamlıq problemləri artdı. İndi isə eyni təhlükə Xəzərin ətrafında formalaşan cəmiyyətlərin qapısını döyür.
Onu da qeyd edək ki, Xəzər dənizi təkcə flora və fauna üçün bir sığınacaq deyil. O, həm də neft-qaz sənayesinin mühüm mərkəzi, balıqçılıq sahəsinin dayağı, beynəlxalq ticarət yollarının vacib hissəsidir. Onun suyunun çəkilməsi bu sahələrin hər birinə ciddi zərbə vurur. Bundan başqa, Xəzər dənizi su təchizatı, iqlim sabitliyi və hətta ətraf mühitin özünü tənzimləməsi baxımından da mühüm rol oynayır. Onun tükənməsi bir domino effekti yaradır. Bataqlıqlar quruyur, torpaqlar şoranlaşır, nəticədə hava keyfiyyəti pisləşir və su ehtiyatları daha da məhdudlaşır.
Onu da qeyd edək ki, əgər bu dəyişikliklərə qarşı birgə tədbirlər görülməzsə, təkcə təbiət deyil, onunla birlikdə yaşayan insanlar da ciddi itkilərlə üzləşəcək. Təbiətin insanla olan əlaqəsi zəiflədikcə, bu həm ekoloji, həm də mənəvi boşluğa çevriləcək. Bu boşluq, əgər dərhal tədbir görülməzsə, bəlkə də heç vaxt doldurula bilməyəcək. Ən qorxulusu isə budur ki, bu dəyişikliklərin çoxu artıq geri dönməz mərhələyə daxil olub. Yada salaq ki, təbii sistemlər uzun illər ərzində formalaşır, lakin çox qısa zamanda məhv olur.
Xəzər dənizi hələ tam tükənməyib. Hələ ki gec deyil. Lakin zaman hər keçən gün daralır. Əgər indi tədbir görülməzsə, gələcək nəsillər üçün Xəzər yalnız xəritələrdə və tarix kitablarında qalacaq. O zaman isə suallar çox olacaq, cavablar isə gec. İndi hərəkət etmək vaxtıdır, həm Xəzər üçün, həm də onu yaşadan, onunla yaşayan milyonlarla insan üçün.
Xatırladaq ki, hazırda Xəzər dənizinin qorunması ilə bağlı müxtəlif təşəbbüslər mövcuddur. Lakin bu təşəbbüslərin effektivliyi yalnız real və ardıcıl tədbirlərin həyata keçirilməsi ilə ölçülə bilər. Təəssüf ki, Xəzəryanı dövlətlər arasında bir sıra sazişlər imzalansa da ekosistemlərin məhvi və təbiətin deqradasiyası bu sənədlərin icrasından daha sürətlə baş verir. Qəbul edilən qərarlar tez-tez kağız üzərində qalır və bu vəziyyət Xəzərin gələcəyini təhlükə altına alır.
Əgər dünya birliyi Xəzərin ekoloji problemlərini yalnız regional məsələ kimi qiymətləndirməyə davam edərsə, yaxın gələcəkdə daha genişmiqyaslı iqlim fəlakətləri ilə üzləşə bilərik. Yada salaq ki, qurumuş hər çay yatağı, dəniz əslində bir siqnaldır – qlobal narahatlıq siqnalı. Bunlar təbiətin səssiz hayqırtısıdır və planetin tarazlığının pozulmaqda olduğuna dair ciddi xəbərdarlıqdır. Bu prosesə nə qədər gec reaksiya verilsə, onun qarşısını almaq da bir o qədər çətinləşəcək. Unutmayaq ki, Xəzər bizdən getmək üzrədir. Əgər bu gün dərhal və koordinasiyalı tədbirlər görülməsə, biz bir dənizi deyil, bir regionun gələcəyini, mədəni irsini və ekoloji tarazlığını itirə bilərik.
Unutmayaq ki, biz susduqca Xəzər də susuzlaşır. Təbiətin bu səssiz fəryadına qulaq verilməlidir – bu gün, bu saat, indi! Çünki Xəzər sadəcə bir dəniz deyil, o, həyat tərzi, yaddaş, gələcək və bir çağırışdır. Bu çağırışa hay vermək isə indi həmişəkindən daha vacibdir.
Pünhan ƏFƏNDİYEV
XQ