Bahalaşma dünyada da ciddi narahatlıq doğurur
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının son hesabatına əsasən, iyul ayında dünyada ən çox ət və bitki yağlarında bahalaşma qeydə alınıb. Ötən 7 ayda ətin qiyməti iyun ayına nisbətən 1,2 faiz, bir il əvvələ nisbətən isə 6 faiz artmaqla ən yüksək səviyyəyə yüksəlib. Bahalaşma əsasən mal və quzu ətinin qiymətinin artması ilə bağlı olub. Ət məhsulları üzrə qiymət indeksi isə 127,3 bal ilə tarixi rekord kimi qeydə alınıb.
Bu göstərici təkcə ərzaq sektorunda deyil, həm də dünya iqtisadiyyatında narahatlıq doğuran siqnal kimi vurğulanır. Çünki ətin qiymətinin artımı qida inflyasiyasının əsas mənbələrindən biri olmaqla yanaşı, ailə büdcəsinə də əlavə yük yaradır, sosial rifah göstəricilərinə mənfi təsir göstərir.
Statistika göstərir ki, ABŞ-da dana ətinin qiyməti son bir ildə 15,9 faiz artaraq 453 qram üçün 6,3 dollar olub. Son iki ildə bu məhsul üzrə qiymətdə davamlı bahalaşma qeydə alınıb. Avropa İttifaqı (Aİ) ölkələrində də ətin qiyməti rekord həddə yüksəlib. Aİ Komissiyasının məlumatına görə, cari ilin avqustunda 100 kiloqram ətin satışı 662,31 avroya qalxıb və illik artımda 32,8 faiz göstərici müşahidə edilib. Bu artım Aİ-də illik 2,3 faiz inflyasiyanı xeyli üstələyib. İngiltərədə isə ət qiymətləri tarixdə ən yüksək səviyyədə olub. Belə ki, keçən ilin avqustunda ölkədə 1 kiloqram ət 7,2 funt idisə, bu il həmin göstərici 10,6 funta yüksəlib. İllik artım 47 faiz olmaqla inflyasiya 3,8 faiz səviyyəsində müəyyənləşib.
Aparılan təhlillərə görə, qlobal ət qiymətlərindəki artım əsasən, camış və qoyun əti qiymətlərinin yüksəlməsindən irəli gəlib. Xüsusilə Çin və ABŞ-dan gələn güclü tələbat qiymətlərin artması ilə nəticələnib. Bu tələbat, eyni zamanda, Avstraliya və Braziliya kimi böyük istehsalçı ölkələrdə də qiymətlərin artımı ilə müşahidə edilib.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, 2025-ci ilin iyul ayında qlobal ət qiymətləri indeksi 127,3 bal ilə tarixdə ilk dəfə rekord səviyyəyə yüksəlib. Ət məhsullarının qiymət artımı ailə büdcəsində əlavə inflyasiyanın yaranmasına səbəb olub.
Bu, son 10 ilin müvafiq rəqəmlərindən də aydın görünür. Belə ki, sözügedən dövrdə ətin qiyməti 3 dəfəyədək bahalaşıb, 7-8 manatdan rekord həddə – 22 manata çatıb. Hazırda mal ətinin qiyməti əvvəlki illə müqayisədə artmaqda davam edir. Bu gün Bakıda və respublikanın digər böyük şəhərlərində bir kiloqram mal ətinin pərakəndə satış qiyməti 18-22 manat arasında dəyişir. Bəzi premium, orqanik və xüsusi kəsim mallar üçün bu göstərici 23-25 manatadək artır. Regionlarda isə bir kiloqram ət 17-20 manat arasında olur. Paytaxtda və bölgələrdə təzə qoyun ətinin kiloqramı 20-26 manat arasında satılır. Yaylaqda saxlanılan qoyun ətinin satış qiymətinin 27-28 manata qədər yüksəldiyi də bildirilir.
Bu narahatlıq ictimai müzakirələrin mərkəzinə çevrilərək haqlı sual doğurur: Ətin bahalaşması hansı amillərlə bağlıdır və bu prosesin qarşısını almaq mümkündürmü? Akif Nəsirlinin sözlərinə görə, qlobal ət qiymətlərinin rekord səviyyəyə çatması Azərbaycan üçün ciddi xəbərdarlıqdır. Çünki idxaldan asılı iqtisadiyyat şəraitində bu artım daxili bazara da təsir edir. Eyni zamanda, bu vəziyyət hökumət və özəl sektor üçün daxili istehsalı gücləndirmək, dayanıqlı qida siyasəti formalaşdırmaq və istehlakçı dəstəyini artırmaq üçün bir fürsət də yaradır.
Ətin bahalaşmasına təsir edən başlıca amillərdən biri az əvvəl vurğulandığı kimi, idxaldan asılılıqdır. Bu, statistik göstəricilərdən də aydın nəzərə çarpır. Belə ki, 2023-cü ildə Azərbaycan Monqolustandan 20 ton mal və qoyun əti idxal etmişdisə, keçən il ərzində bu rəqəm 391 tona çatıb. Bütövlükdə respublikamız xarici ölkələrdən 30 min tona yaxın mal və qoyun əti alıb. İdxaldan asılılıq isə qiymətlərdə dalğalanmalara səbəb olub. Xarici bazarlarda qiymətlərin artması da Azərbaycan bazarına təsir göstərib.
Yeri gəlmişkən, ölkədə ət idxal olunan ərzaq məhsulları sırasında əsas yerlərdən birini tutur. Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin ötən 7 ayında ət idxalında azalma var. Qurumun açıqlamasına əsasən, bu dövrdə ölkəyə 55 milyon dollar həcmində 25 min 180 ton ət gətirilib. Ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 13,4 milyon dollar və ya 19,6 faiz, miqdar ifadəsi ilə isə 5 min 543 ton, başqa sözlə, 18 faiz azalıb. Bundan başqa, cari ilin 7 ayının nəticələrinə görə, Azərbaycanın idxal etdiyi ətin kiloqramının orta idxal qiyməti 3 manat 72 qəpik təşkil edib. Bu da illik müqayisədə 7 qəpik və ya 1,8 faiz ucuzlaşma deməkdir.
Ekspertlər bildirirlər ki, ətin bahalaşmasına təsir edən digər amil mövsümi xarakter daşıyır. Havaların soyuması, toy və digər şənliklərin başlaması ilə ətə olan tələbat artır. Ona görə də bu məhsulun qiyməti 10-15 faiz həddində bahalaşır. Eyni zamanda, respublikamızda örüş sahələrinin az olması, yem ehtiyatlarının istənilən səviyyəyə çatdırılmaması və onun müəyyən hissəsinin xaricdən alınması ətin maya dəyərinin bahalaşmasını şərtləndirir.
Ölkənin maldarlıq təsərrüfatlarında saxlanılan heyvanların erkən dövrdə kəsilərək satışa göndərməsi də mal-qaranın sayının azalmasına səbəb olur. Nəticədə respublikanın daxili tələbatının ödənilməsi çətinləşir. Belə vəziyyət hər il təkrarlanır və ölkə davamlı şəkildə qiymətlərin bahalaşması ilə üzləşir. Bu baxımdan cari ilin sonuna qədər mal ətinin qiymətinin, təxminən, 30 faizədək bahalaşacağı gözlənilir.
Ekspertlər onu da qeyd edirlər ki, iqlim dəyişmələri, enerji resurslarının bahalaşması, logistika xərclərinin artması, eləcə də geosiyasi risklər ərzaq məhsullarının qiymətlərini daim yüksəldir. Bununla bağlı ət bazarına yuxarıda sadalananlarla bərabər, bir neçə digər amil də mənfi təsir göstərir. Məsələn, bunlardan biri yem xərclərinin artmasıdır. Belə ki, taxıl, qarğıdalı və soya kimi əsas yem məhsullarının qiymətində rekord artım müşahidə edilir. Bu, birbaşa maldarlıq sahəsində maya dəyərini artırır. Digər səbəb iqlim dəyişikliyi ilə əlaqədardır. Bu amil – quraqlıqlar, su qıtlığı və otlaq sahələrinin azalması heyvandarlıqda məhsuldarlığı azaldır. Bahalaşmaya nəqliyyat və logistika sahələrində müşahidə edilən mövcud çətinliklər də təsir göstərir. Xüsusən, pandemiyadan sonra daşınma xərclərinin yüksəlməsi, beynəlxalq ticarətdə ləngimələr bu sahədə bahalaşmaya gətirib çıxaran səbəblər sırasında yer alır.
Sonda ekspertlərin ətin bahalaşmasının sosial-iqtisadi nəticələri barədə fikirlərini də diqqətə çatdırmaq istərdik:
– Azərbaycan ailəsinin xərclərinin böyük hissəsi qida məhsullarının payına düşür. Ətin bahalaşması isə ümumi yaşayış xərclərini artırır;
– insanlar daha ucuz alternativləri (quş əti, paxlalılar və s.) diqqətdə saxlayırlar. Şübhəsiz ki, bu, qidalanma keyfiyyətinə də təsir göstərir;
– ərzaq qiymətlərində artım əhalinin sosial rifahına təsir etdiyindən ictimai müzakirələrin əsas mövzularından birinə çevrilir;
– fermerlər yüksək maya dəyərinə görə istehsalı artırmaqda çətinlik çəkirlər.
Mövcud vəziyyətdə həm dövlət, həm də fermer və sahibkarlar səviyyəsində kompleks tədbirlərə ehtiyac duyulduğunu diqqətə çatdıran ekspertlər bildirirlər ki, yerli yem istehsalını artırmaqla maya dəyərinin azalması mümkündür. Bu məsələdə seleksiya və məhsuldarlığın yüksəldilməsi də əsas cəhətlərdən biridir. Başqa sözlə, genetik seleksiya, süni mayalanma texnologiyalarının geniş tətbiqi ilə maldarlıq məhsuldarlığını artırmaq mümkündür.
Eyni zamanda, subsidiyaların artırılması, güzəştli kreditlərin verilməsi ilə fermerlər (istehsalçılar) dəstəklənməlidir. İnfrastrukturun yaxşılaşdırılması, yəni soyuducu anbarların, emal müəssisələrinin yaradılması itkilərin azaldılmasının əsas şərtlərindən biridir. Nəhayət, idxaldan asılılığın azaldılması üçün yerli istehsal gücləndirilməli, bununla da qiymətlər xarici bazarların təsirindən xilas edilməlidir.
Eyyub HÜSEYNOV
Azad İstehlakçılar Birliyinin sədri
Ətin qiymətinin bahalaşmasından danışarkən, ilk növbədə, bir məqamı vurğulamaq istərdim. Fikrimcə, bu, hazırda daha çox insanların maddi imkanlarının getdikcə yaxşılaşması, nəticədə qida məhsullarına, eləcə də ətə olan tələbatın artması ilə bağlıdır.
Belə bir qənaəti onunla əsaslandırıram ki, illər öncə hər kənddə bir ət dükanı var idisə, orada hər gün bir dananın kəsilib satılması həyata keçirilirdisə və hər sakin 1 kiloqram ət alırdısa, bu həcmdə məhsul ailənin ehtiyacını tamamilə ödəyirdi. Lakin indi vəziyyət dəyişib, insanların qazancları artıb, maddi imkanları genişlənib, deməli, hazırda hər kənddə bir yox, iki-üç qəssabxana var, hər birində də bir yox, 2-3 heyvan kəsilir. Hər alıcı da həmin dükanlardan əvvəlki dövrlərdən fərqli olaraq indi daha çox ət alır.
Bu məhsula olan tələbatın artmasını şərtləndirən amillərdən biri də müəyyən səbəblərdən ölkəmizə ət idxal edən ölkələrin sayının azalmasıdır. Məsələn, İtaliya, İspaniya və Braziliyadan respublikamıza ət gətirilirdi. İndi həmin dövlətlərin ərazilərində quraqlığın hökm sürməsi heyvandarlığın da inkişafına mənfi təsir göstərib, ətin qiyməti bahalaşıb, deməli, bütün bunlar idxalın həcminin azalmasına gətirib çıxarıb.
Vaxtilə Ukraynadan ölkəmizə kiloqramı 4 manata olan diri çəkidə heyvan gətirilir, burada kökəldilib nisbətən baha qiymətə satılırdı. Artıq bu bazar fəaliyyət göstərmir. Rusiyadan idxal olunan ət oradan yüksək qiymətə alındığından respublikamızda təbii ki, baha satılır. Turizmin getdikcə inkişafı, toy və yas məclislərində israfçılığa yol verilməsi də ətə olan tələbatı artırır və qiymət artımına gətirib çıxarır.
Mənə kənd təsərrüfatının, eləcə də heyvandarlığın inkişaf etdiyi Perudan Malik adında iş adamı tez-tez zəng edir. O, vaxtilə ölkəmizdə ət biznesi ilə məşğul olub. Söhbətlərində Azərbaycanda kənd təsərrüfatının sürətlə inkişafını izlədiyini, dövlətin meqafermaların yaradılması ilə bağlı çox dəyərli qərarlar qəbul etdiyini deyir. Amma təəssüflə əlavə edir ki, həmin qərarlar rasional şəkildə icra olunmur. Cins heyvanların saxlanılması məsələsinə də ciddi şəkildə yanaşılmır. Bütün bunlar isə heyvandarlığın inkişafını ləngidir, ətə olan tələbatda çətinliklər yaradır, qiymətlərin qalxmasına yol açır.
Bütün bunların xatırladılması heç də bədbinliyə əsas vermir. Azad İstehlakçılar Birliyində aparılan təhlillər yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzur kimi heyvandarlığın inkişafı üçün əlverişli iqtisadi rayonlarda sahənin inkişafında yüksək göstəricilərin əldə ediləcəyini, bu coğrafiyada ətə ola tələbatın böyük həcmdə ödəniləcəyini göstərir.
Vaqif BAYRAMOV
XQ