Paşinyanın “Politico Europe”ya müsahibəsindəki sərsəmləmələr

post-img

Yaxud erməni avantürizmində yeni hiyləgərlik

Ermənistan baş naziri Nikol Paşinyan dünyanın diqqətini əsl həqiqətlərdən yayındırmağa çalışır. Ölkəsinin ictimai televiziyasının efirinə çıxdıqdan sonra o, “köhnə qitə”nin “Politico Europe” nəşrinə müsahibə verib. Nikolun söylədiklərinin ayrı-ayrı detallarına toxunacaq, bəzi məqamlara isə aydınlıq gətirəcəyik.

N.Paşinyan “Politico Europe”ya müsahibəsində Ermənistanın Azərbay­canla şərti sərhədə qoşun yığmasından söz açıb. Bəli, o, məsələni təsdiqləyib. Halbuki, indiyədək rəsmi İrəvan bunun üzərindən keçir, yalnız Azərbaycanın sərhədə hərbi birləşmələr topladığını qabardırdı. Sən demə, Ermənistanın hazırlığı təhlükənin qarşısını almaq istəyi imiş. 

Nikol Azərbaycanın “işğal etdiyi” Er­mənistan ərazilərindən geri çəkiləcəyi təqdirdə, qoşunları geri çağırmağa ha­zır olduğunu bildirib. Göründüyü kimi, ortada sarsaq məntiq var. Çünki işğal­çılıq siyasəti yürüdən Bakı yox, İrəvan­dır. Digər tərəfdən, Ermənistan ərazisi deyilən bir anlayış yoxdur. Sərhədlər delimitasiya və demarkasiya olunma­yıbsa, deməli, heç bir halda deyilə bil­məz ki, Azərbaycan işğalçıdır. Delimi­tasiyaya və demarkasiyaya gəldikdə, bu, sülh prosesinin tərkib hissəsidir və ondan yayınan Ermənistandır. O za­man Nikol haqlıdır. O anlamda ki, hərbi əməliyyatlar riski var. Ancaq vəziyyətin gərginləşməsinə görə məsuliyyət da­şıyacaq adam onun özüdür. Hərçənd, məsuliyyətini anlamır. Müsahibədə dilə gətirdiyi digər fikirlər də sözümüzün təsdiqidir.

Bəli, N.Paşinyan ənənəvi anti-Azər­baycan ritorikasına güc verir. Bu zaman “Laçın dəhlizi” məntiqinə fokuslanır və dəhlizin, guya, Azərbaycan tərəfindən qeyri-qanuni bağlandığını vurğulayır. Nikol məsələyə diqqət yetirərkən, bir qayda olaraq, şərtlərinə əməl etməkdən boyun qaçırdığı 10 noyabr 2020-ci il ta­rixli üçtərəfli Bəyanat üzərində dayanır. 

Əlbəttə, Paşinyan müsahibəsində bilavasitə həmin sənəddən söz açmır. Ancaq məlumdur ki, o, ölkə hökuməti­nin iclasında çıxış edərkən, Azərbay­canın irəli sürdüyü Zəngəzur dəhlizi layihəsinə zidd mövqeyi kontekstində “Laçın dəhlizi”nə də yer ayırıb. Dediklə­rindən belə çıxıb ki, dəhliz xüsusi status deməkdir və belə bir status Azərbay­canın digər ərazilərini Naxçıvanla bir­ləşdirən yola yox, yalnız Laçın yoluna şamil edilir. Bu isə təsdiqini üçtərəfli Bəyanatda tapır. 

Əlbəttə, Paşinyan düz deyir ki, üç­tərəfli Bəyanatda “Laçın dəhlizi” ifadə­si var. Ancaq həmin ifadə heç bir hal­da əraziyə xüsusi status qazandırmır. Əgər Nikol həmin dəhlizlə Qarabağın erməni əhalisinin Ermənistanla əlaqə­sini nəzərdə tutursa, o zaman niyə 10 noyabr razılaşmasında bu məqsədlə ayrıca yolun inşasına dair müddəanın yer almasından söz açmır? Bakı həmin müddəa üzrə öhdəliyini yerinə yetirib, İrəvan isə sözügedən yolun öz ərazi­sinə düşən hissəsinin çəkilişini həyata keçirməyib. Üçtərəfli Bəyanatın pozul­masının bir göstəricisi də məhz budur. 

Deməli, Ermənistan sənədə hör­mətsizlik edirsə, mütləq deyil ki, kim­lərsə bunu ona bildirəcək. Hərçənd dəfələrlə bu barədə danışılıb, ancaq İrəvan deyilənlərə etinasız yanaşıb. Bir halda ki, bu sayaq etinasızlıq var, o zaman əlavə məqamlar gündəmə gələ­cək və gəlir də. Yəni, Ermənistan indiki şərtlərlə razılaşmırsa, şərtlər başqa cür qoyulacaq. Siyasət uşaq oyunu deyil. Problem ondadır ki, nə Paşinyan, nə də Ermənistan rəhbərliyindəki digər şəxs­lər mövcud gerçəkliyi anlayır, şıltaqlıq edir və elə başa düşürlər ki, hərəkətlə­rinə sonsuzadək dözüləcək...

***

Maraqlıdır ki, Nikol “Laçın dəhlizi” məntiqini Azərbaycan–Ermənistan sülh prosesi ilə bağlı sualı cavablandırarkən önə çəkir. O, Laçın–Xankəndi yolunun qeyri-qanuni bağlandığını vurğula­maqla yanaşı, Qarabağda humanitar fəlakətdən dəm vurur. Bəli, Paşinyan bu iki məqama, məhz sülhlə bağlı söz açılarkən toxunmaqla, sanki, həmin məqamları yada salmaqla, ölkəsinin ye­kun barışığa demarş ritorikasını ortaya qoyur. Nikol yaxşı bilir ki, etdikləri, ümu­milikdə, Cənubi Qafqazın hazırkı barış gündəliyinə ziddir, mövcud reallıqları dəyişdirmək cəhdidir.

*** 

Paşinyanın sülh gündəminə əks çıxan baxışları Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsinə mü­nasibətdə özünü daha qabarıq forma­da göstərməkdədir. Birmənalı şəkildə demək mümkündür ki, Nikol ölkəmizin bölgənin erməni əhalisi üçün müyyən­ləşdirdiyi hüquq və təhlükəsizlik pa­rametrlərini qəbul etməkdən uzaqdır. Yəni, o, heç bir halda düşünmür ki, Qarabağ erməniləri üçün imtiyazlar məsələsi Azərbaycan Konstitusiyasına əsasən müəyyənləşməlidir. Ona görə “Ermənistanın mövqeyinin müxtəlif interpretasiyası var” deyən “Politoco Europe”nin müxbiri dəqiqləşdirmək istəyir: “Sizin Qarabağı Azərbaycan ərazisi kimi tanımağınız sülh müqavilə­si üçün əsas ola bilərmi? Siz Qarabağı Azərbaycan ərazisi kimi tanıyırsınız, yoxsa bu, sülh müqaviləsinin imzalan­ması üçün şərtdir”. 

Jurnalistin sualından belə nəticəyə gəlmək mümkündür ki, əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır. Yəni, sözlə tanımanın heç bir əhəmiy­yəti yoxdur, gərək hər şey kağız üzə­rində təsdiqini tapsın. Paşinyan isə bildirir ki, İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıqlasa da, Bakı Ermənistanın suveren hüququla­rını tanıdığını bəyan etməyib. Ən əsa­sı isə Nikol avantürizmə yeni motivlər gətirmək yolunu tutur. O, vurğulayır ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağı Ermənistanın Azərbay­cana Qarabağ ermənilərini etnik təmiz­ləməyə və soyqırımına məruz qoymaq mandatı verməsi deyil. 

İş burasındadır ki, Azərbaycan tərəfi məsələni erməni baş nazirin ifadə etdi­yi tərzdə qəbul etmir. Yəni, ölkəmizin rəsmiləri düşünmürlər ki, əgər Qarabağ Azərbaycanındırsa, oradakı ermənilər­lə istənilən kimi rəftar edilə, onlar öz evlərindən zorla çıxarıla bilər. Əksinə, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Qarabağ ermənilərinin vətən­daş kimi malik olduqları hüquqlardan söz açıb. Ölkəmizin irəli sürdüyü rein­teqrasiya məntiqi də bundan qaynaqla­nır. İrəvanda səmimiyyətimizə inanmır­larsa, problem onların özündədir. Axı, vaxtilə Ermənistan ərazisində yaşayan azərbaycanlıları zorla ev-eşiklərindən qovub, departasiyaya məruz qoyublar. Nikol da bunu törədənlərin nəslindən olduğunu göstərməlidir və göstərir də. İnanmamağı xislətindən irəli gəlir. 

Ancaq Paşinyan göstərisi təəssübkeşliyə yox, erməni avantüriz­minin davamına hesablanıb. Azərbay­canla razılaşmanın bir hissəsini Qara­bağ ermənilərinin hüquq və vəzifələrinin təminatı üçün mexanizmlərin yaradıl­ması təşkil etdiyinə dair onun dedikləri bunun təsdiqidir. Müsahibəsində Bakı ilə Xankəndi arasında dialoq mühitinin formalaşdırılmasından söz açması da həmçinin. 

Aydın olur ki, Paşinyan Ermənista­nın keçmiş prezidentləri Robert Koçar­yanın və Serj Sarkisyanın Qarabağ, Azərbaycanla münasibətlər məsələsin­dəki barışmazlıq xəttinə, daha doğrusu, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına yeni forma və məzmun qa­zandırmaq niyyəti güdür. Elə bir niyyət ki, gələcəkdə, sözdən “əmələ” keçmək üçün zəmin formalaşdırsın. 

Bəli, Paşinyan Azərbaycan–Er­mənistan sülh anlaşmasına Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı müddəanı o səbəbdən əlavə etmək istəyir ki, nə zamansa bu müd­dəaya söykənib ərazinin Ermənistana məxsusluğunu bildirmək mümkünləş­sin. Ona görə Bakının Qarabağ üzə­rindəki yurisdiksiyasına beynəlxalq mexanizmli təminat əlavəsini qonda­rır. Bəs, bu “istək” baş tutmasa, necə olacaq? Əslində, “Politico Europe”nin müxbirinin sualı yerindədir. Paşinyanın cavabından meydana çıxan qənaət isə belədir: Qarabağ erməniləri Azərbay­canın mütləq və qeyd-şərtsiz hakimiy­yəti ilə barışmayıb ərazidən çıxsalar, deməli, onlar etnik təmizləməyə məruz qalmış sayılacaqlar. İstənilən tərketmə beynəlxalq ictimai rəyə etnik təmizləmə kimi təqdim olunacaq. Paşinyanın söz­lərinə görə, beynəlxalq aləm Qarabağ ermənilərinin öz evlərində rahat şəkildə yaşamalı olduqlarını deyir. Bəs, Azər­baycan bunun əksini söyləyir? Xeyr. Amma həm Ermənistan rəhbərliyi, həm də dünya erməniliyi hazırkı davranışı ilə sıravi ermənilər üzərindən oyun qurur, onların talelərinə biganə yanaşır. 

***

Bu yerdə Paşinyana verilən daha bir suala diqqət yetirək. Sual belədir: “Qarabağ ermənilərinə təminat veril­məsə, Ermənistan humanitar fəlakətin (?) qarşısını almaq üçün onlara sahib­lənməyə hazırdır?” Nikol hay-küy qal­dırır və onun sözlərindən gəlinən nəti­cə budur ki, soydaşlarına yiyə durmaq istəmir. Əslində, bununla bağlı dünya erməniliyinin mənfur planı var. Həmin plana görə, İrəvanın “təklifləri” reallaş­masa, Qarabağ erməniləri fiziki cəhət­dən məhv edilməlidir. Yəni, sıravi ermə­ninin dirisi Qarabağ xülyasına xidmət edə bilmirsə, ölüsü bunu etsin. Deməli, hazırda ortaya atılan etnik təmizləmə, soyqırımı məntiqinin səbəbi bəlli oldu. Mövcud məntiqlə Ermənistan Azərbay­canı və dünyanı şantaj yolu tutur. Elə indidən ölkəmizi özünün uydurduğu blokadaya, aclığa, dünya ictimaiyyəti­ni isə bu duruma biganə yanaşdığına görə günahlandırır. 

Digər tərəfdən, insan olmayacaq­sa, problem də olmayacaq. Paşinyan da Qarabağ ermənilərini Ermənista­nın digər ərazilərində saxlayıb özünə problem yaratmaq istəmir. Nəzərə alaq ki, Nikol Qarabağa ölkəsinin büdcə­sindən ayrılan vəsaitin azaldılmasını təklif edib. Yəni, o, bölgənin erməni əhalisinin dövlət hesabına saxlanılma­sına mənfi münasibətini ortaya qoymuş adamdır. Deməli, hadisələrin sərfəli şəkil almayacağı təqdirdə, Nikol üçün də ən yaxşı erməni, ölü erməni olacaq. Nəticəyə gələk: Qarabağdakı diri ermə­ni avantürizmin qoyduğu şərtlərlə ömür sürəcək ermənidirsə, ölü, yəni “etnik təmizləməyə və ya soyqırımına məruz qalmış erməni” isə avantürizmin, necə deyərlər, niskilə çevrilməsinə, gələcəyə daşınmasına “zəmindir”. 

***

“Politico Europe”nin müxbiri Paşin­yana Ermənistanın Qərbə meyilli si­yasəti və Kollektiv Təhlükəsizlik Müqa­viləsi Təşkilatı müstəvisində Rusiya ilə bağlarının qopması barədə söz aça­raq sual ünvanlayır. Paşinyan ümumi ifadələrlə kifayətlənir. Rusiyaya qarşı əvvəllər işlətdiyi fikirləri işlədir. Amma ölkənin adını çəkmədən deyir ki, Er­mənistanın təhlükəsizliyini qorumaq üçün kiməsə ümid bəslənilməsi doğru deyil. Çünki ümid bəslənilən tərəf bir gün ölkənin yanında dayanmaq, yaxud bunu bacarmaq imkanında olmaya bilər. Vurğunun Rusiyaya qoyulduğu birmənalıdır. 

Bu yerdə jurnalist bütün mənalarda Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığını bildirir. Yəni, demək istəyir ki, İrəvanın Moskvadan qopması çətin məsələdir. Həm də ona görə çətindir ki, Ermənistanın Paşinyanadək olan quru­luşu müstəqil deyildi, Moskvanın diktəsi ilə oturub-dururdu... Nikolun cavabına diqqət yetirməzdən əvvəl bildirək ki, ha­zırkı erməni iqtidarı Rusiyanı daha çox KTMT-ni “Azərbaycanın intervensiyası­na” layiqli cavab verməməkdə günah­landırır. Paşinyan isə müsahibəsində ənənəvi ittihama yeni “çalar” gətirir. O, “Dağlıq Qarabağ ərazisinə hücum” ifa­dəsini işlədir. Ardınca bir sıra məqam­ları sadalayır və bu nəticəyə gəlir ki, Rusiya sülhməramlılarının bölgədəki missiyası iflasa uğrayıb. Niyə? Həm də ona görə ki, Moskva Ukraynada ilişib qalıb, eyni zamanda, Bakı və Ankara ilə münasibətləri gərginləşdirmək istəmir. Hər halda, Paşinyan belə düşünür. 

***

Sonda əvvəldə vurğuladığımız fikrə qayıdaq. Bəli, Nikol Paşinyan mani­pulyasiya yolu tutur. O, avantürist si­yasətinin hansı acınacaqlı və fəlakətli nəticələr doğuracağının fərqində deyil. Nikol bu günlərdə hansısa digər media orqanına, yaxud media orqanlarına mü­sahibə versə, təəccüblənmərik. Çünki belə müsahibələrlə, bir növ, onda im­munitet formalaşmağa çalışır. İstəyir ki, mənasız fikirləri ilə beynəlxalq ictimaiy­yəti çaşdırsın, əsl həqiqətlərdən uzaq tutsun. Yekun nəticədə isə Azərbaycan­la sülhə gəlməsin, mövcud qeyri-müəy­yənlik mühiti davamlı olsun. Ən əsası isə o, Qarabağ ermənilərini bir faktor kimi düşüncələrdə möhkəmləndirməyə çalışır. Onlara qarşı, guya, təhlükənin mövcudluğuna dair təsəvvürləri daim aktual saxladığını zənn edir. Beləlik­lə, Azərbaycana qarşı ərazi iddiasına leqallıq qazandırmaq naminə şans sax­ladığını düşünür. Əlbəttə, bu gedişlərin hamısı, kifayət qədər, yaxşı başa düşü­lür. Ölkəmizin rəhbərliyi vəziyyəti dərk və təhlil edir, adekvat fəaliyyət göstərir. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət