ABŞ mediasında Ermənistanın regionda sülhə mane olduğuna diqqət cəlb edilib

post-img

ABŞ-ın https://newsblaze.com xəbər portalında Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik ermənilərə humanitar yardım göstərilməsi məsələsi ətrafında  Ermənistanın yaratdığı süni ajiotajdan bəhs edilib.  

ABŞ-Azərbaycan Mədəniyyət Fonsunun rəhbəri, jurnalist Nurit Qringerin qələmə aldığı məqalədə Ermənistanın işğalçı olduğu, Azərbaycanın isə işğala məruz qaldığı, dövlətimizin torpaqlarımızın 20 fazinin qəsb edilməsinə 3 il öncə son qoyduğu bütün faktlarla bir daha amerikalı oxucuların nəzərinə çatdırılıb. 

Məqalədə Azərbaycan 32 il öncə sovet-kommunist boyunduruğundan müstəqilliyə, Cənubi Qafqaz regionunun aparıcı dövləti olmağa can atan, Qərbin dostu olan ölkə kimi xarakterizə edilib. Lakin öz əzəli torpaqlarını Ermənistanın qeyri-qanuni işğalından beynəlxalq qanunlara uyğun olaraq azad edən Azərbaycanın indiyədək həmin ərazidə yaşayan erməni separatçıları ilə problemi həll edə və son məqsədə – sülhün bərqərar olmasına nail ola bilmədiyi vurğulanıb. 

Buna səbəb kimi Ermənistanın düşməncəsinə və inkaredici mövqedə qalmaqda davam etdiyi, öz silahlı qüvvələrini Qarabağdan çıxarmadığı, humanitar yardım bəhanəsi ilə regionda gərginliyi gücləndirdiyi, Azərbaycanın Ağdam-Xankəndi yolu ilə Qarabağdakı ermənilərə humanitar yardımı çatdırmasına əngəllər törətdiyi, ölkəmiz haqqında dünyada, o cümlədən ABŞ-da neqativ rəy yaratmağa çalışdığı göstərilib.

ABŞ dövlət katibi Entoni Blinkenin iki ölkə arasında sülhün əldə edilməsi məqsədilə danışıqlarda iştirak etdiyi, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevlə yaranmış vəziyyətlə bağlı telefon danışığı apardığı yada salınıb: “Hər ikisi Ermənistanın hazırkı təxribatçı addımlarının sülh prosesinə mane olması ilə bağlı razılığa gəliblər. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qeyri-qanuni mövcudluğunu davam etdirməsi regionda hərbi gərginliyə səbəb olmaqda davam edir”.

Müəllif birmənalı şəkildə bildirib ki, Ermənistan – regionda sülhə nail olmaq üçün qəti və dönməz addım atmayan yeganə tərəfdir: “Ermənistan Azərbaycana qarşı davam edən siyasi hiylələrinə və təhriklərinə son qoymalıdır. Sərt ritorika və vaxtaşırı  zorakılıq cəhdləri sülh danışıqları və normallaşma məsələlərinə daha yaxşı zəmin olacaq dostluq mühitinin yaradılması naminə dayandırılmalıdır”. 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://newsblaze.com/world/eurasia/humanitarian-aid-disruption_192925/

Siyasət