“4Sİ Akademiyası” layihəsinin prioritet məqsədi rəqəmsal bacarıqların inkişaf etdirilməsidir

post-img

“4Sİ Akademiyası” layihəsinin prioritet məqsədi rəqəmsal bacarıqların inkişaf etdirilməsidir.

Bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktorunun vəzifələrini icra edən Fariz Cəfərov sentyabrın 13-də İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-ın “Coursera” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “4Sİ Akademiyası” layihəsi ilə bağlı keçirilən mətbuat konfransında deyib

O, “4Sİ Akademiyası” layihəsinin məqsədi barədə məlumat verərək bildirib ki, Dünya İqtisadi Forumunun “Future of Jobs 2023” hesabatında təqdim edilən məlumata əsasən, gələcəyin əsas bacarıqları rəqəmsal sahələrində üzərində fokuslanmışdır. Buradan da belə qənaətə gəlmək olar ki, əmək bazarında bir çox sahələrin sürətli rəqəmsallaşması prosesi baş tutacaq və bu da öz növbəsində yeni iş yerlərinin yaranmasına gətirib çıxaracaq. “4Sİ Akademiyası” layihəsinin də prioritet məqsədi məhz rəqəmsal bacarıqların inkişaf etdirilməsidir.

Fariz Cəfərov layihənin şərtləri ilə bağlı qeyd edib ki, layihə çərçivəsində ilk müraciət edən 10 minə yaxın şəxsə 1 il ərzində ABŞ-ın qabaqcıl təhsil platforması olan "Coursera" üzərindən dünyanın nüfuzlu universitetlərinin və şirkətlərinin təqdim etdiyi Proqramlaşdırma, Süni İntellekt, Böyük Verilənlər (Big Data), Rəqəmsal Transformasiya, Maşın Öyrənməsi, blokçeyn və bulud texnologiyaları, Kodlaşdırma, Data Analitikası, eləcə də liderlik, kommunikasiya kimi bacarıqlar da daxil olmaqla, ümumilikdə, 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 700-dən çox kursa daxil olmaq üçün ödənişsiz təhsil təqaüdü təqdim olunur.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun fəaliyyəti barəsində media nümayəndələrini məlumatlandırıb. Fond tərəfindən həyata keçirilən “Qızların təhsilinə dəstək”, “IELTS imtahanına təşviq”, “Maya Hacıyevə adına İKT bacarıqları” təqaüd proqramı və bu il ilk dəfə keçiriləcək “Təhsilin İnkişafı Forumu” ilə bağlı ətraflı danışıb.

E.Nəsibov, həmçinin Fondun “4Sİ Akademiyası” layihəsi çərçivəsində fəaliyyəti barəsində bəhs edib. Fondun əsas rolunun təhsil ictimaiyyətinin layihə haqqında məlumatlandırılaraq daha çox tələbə və müəllim heyətinin layihəyə cəlb olunması olduğunu deyib.

“Coursera” şirkətinin Asiya və Sakit Okean üzrə İctimai sektorunun rəhbəri Çad Paşa “Coursera” şirkəti haqqında, tədris olunan kurslar və Azərbaycan istifadəçiləri barədə məlumatı paylaşıb.

Sonda suallar cavablandırılıb.





İqtisadiyyat