Ukraynadan gözləmədiyimiz hərəkət

post-img

Anna Akopyanın Kiyevə dəvət edilməsi təəccüb doğurur

Ermənistan baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın sentyabrın 6-da Kiyevdə keçirilən Birinci xanımların və centlemenlərin üçüncü sammitində iştirak etməsi ölkəmizdə birmənalı qarşılanmayıb.

Məsələ bundadır ki, Ermənistan Ukraynanın müharibə apardığı Rusiyanın ən yaxın hərbi-siyasi müttəfiqlərindən biridir. Ermənistan Rusiyanın qurub-yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.

Eyni zamanda Ermənistan Rusiya­nın təşəbbüsü ilə yaradılan Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqında təmsil olunur. Onun iqtisadiyyatı Ru­siyadan tamamilə asılıdır. Əsas bey­nəlxalq məsələlərin əksəriyyətində Rusiya və Ermənistanın mövqeləri üst-üstə düşür və ya yaxındır. Ermə­nistan ərazisində Rusiya hərbi his­səsinin (102 saylı baza) yerləşdiyi azsaylı ölkələrdən biridir. Rusiya Fe­deral Təhlükəsizlik Xidmətinin sərhəd qrupu erməni sərhədçilərlə birlikdə respublikanın Türkiyə və İranla sər­hədlərini qoruyur. Ümumiyyətlə, Ru­siya-Ermənistan əməkdaşlıq əlaqələri çoxşaxəlidir və demək olar ki, bütün sferaları əhatə edir.

Tarixi keçmişə müraciət etdikdə isə hayları Cənubi Qafqaza Rusiya imperiyasının köçürdüyünü və onlar üçün Azərbaycan torpaqlarında Er­mənistan adlı dövlət yaratdığını gör­mək mümkündür. Rusiya imperatoru I Nikolayın 1828-ci il martın 21-də imzaladğı sərəncamla keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti” yaradılıb. Bir sözlə, Ermənistan mövcudluğunu faktiki ola­raq, Rusiyaya borcludur.

İndi belə dövlətin, Rusiyanın sıx müttəfiqi olan ölkənin baş nazirinin arvadının Ukrayna paytaxtına dəvət edilməsi təəccüb və təəssüf doğurur. Anna Akopyanın Kiyevə çağırılmasını məntiqlə izah etmək olmur.

Ermənistan Rusiya–Ukrayna mü­haribəsində, təbii ki, öz müttəfiqini müdafiə edir. Gəlin, yenə də faktla­ra müraciət edək. 2014-cü il martın 27-də BMT Baş Assambleyasında Krımda keçirilən referendumun tanın­maması məsələsinə dair səsvermədə Ermənistan sənədin əleyhinə səs ve­rib. Rəsmi İrəvan bununla da referen­dumu tanıyıb və Rusiyanın hərəkətlə­rini dəstəkləyib. Ermənistan 9 ildir ki, ardıcıl olaraq, BMT-nin Krımla bağlı Ukraynanın ərazi bütövlüyünü tanı­yan qətnaməsinin əleyhinə səs verir.

2022-ci ildə isə Ermənistan BMT-də həm Rusiyanın müdaxiləsini, həm də Ukraynanın dörd vilayətinin (Do­netsk, Luqansk, Zaporojye və Xer­son) ilhaqını pisləyən səsvermədə bitərəf qalıb.

Rusiya–Ukrayna müharibəsinin davam etdiyi 1 il 7 aya yaxın müddət ərzində Ermənistan bir dəfə də olsun Ukraynaya humanitar yardım göndər­məyib. Nədənsə Ukraynaya humani­tar yardım göndərmək də A.Akopya­nın səfəri zamanı yada düşdü. Bu da maraqlıdır ki, Ermənistanın Ukrayna­ya göndərdiyi yardımın nədən ibarət olduğu bugünədək rəsmən açıqlan­mayıb. Hansı yardımdan və məbləğ­dən söhbət getdiyi hələ də məlum de­yil. Ermənistanın heç bir qurumu bu məlumatı rəsmi şəkildə şərh etməyib.

***

Azərbaycanın Rusiya–Ukrayna müharibəsinə münasibətdə mövqeyi aydındır. Ölkəmiz dövlətlərin ərazi bü­tövlüyünün zor gücü ilə dəyişməsinə qarşı çıxır. Azərbaycanın yanaşma­sının əsasında beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsi dayanır. Eyni zamanda Azərbaycan Ukraynaya indiyədək xeyli miqdarda humanitar yardım göndərib. Bu yar­dımların siyahısı uzundur. Lakin indi baş verənlər onlardan bəzilərini yada salmağı zəruri edir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti 2022-ci il dekabrın 10-da bildirib ki, Ukrayna tərəfinin mü­raciətinə cavab olaraq, mövcud vəziy­yətdə zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bər­pası məqsədilə ölkəmiz Ukraynaya humanitar yardım göndərib. Humani­tar yükə 45 güc transformatoru və 50 generator daxildir. Yardımın ümumi dəyəri 1,4 milyon manatdan çoxdur.

Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə Azər­baycan tərəfindən cari ilin 27 fevral və 12 mart tarixlərində Ukraynaya, eləcə də 15 aprel tarixində ukrayna­lı qaçqınlar üçün Moldovaya ümumi məbləği 23,2 milyon manatdan artıq olan 550 tona yaxın humanitar yardım göndərilib.

Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə bu il aprelin 21-də ümumi çəkisi 170 tondan çox olan 3,37 mil­yon manatlıq dərman vasitələri və tib­bi sərfiyyat malları, eləcə də 1 milyon manat məbləğində ərzaq məhsulları yola salınıb.

Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alınaraq, Prezident İlham Əliyevin tapşırığı ilə bu il iyu­nun 9-da Ukraynaya növbəti huma­nitar yardım göndərilib. Humanitar yardıma tullantı sularını vurmaq üçün tutumu 400 kubmetr olan iki ədəd VA150KS mobil dizel nasosu, çirkab suların vurulması üçün diametri 200 millimetr olan 1000 metrdən çox top­lama boru kəməri, şlanqlarla birlikdə 10 ədəd motor nasosu, 20 sualtı na­sos, 5 rezin qayıq, 24 ədəd qızdırıcı fen, 20 ədəd sukeçirməyən gödəkcə, hər birindən 40 dəst olmaqla yay və qış geyim dəstləri, 40 cüt uzunboğaz və 40 cüt rezin çəkmə, 41 cüt uzun balıqçı çəkməsi, 9 rezin kombinezon, 208 xilasedici jilet, 50 xilasedici halqa və 42 xilasedici önlük daxil idi.

Bu il iyulun 17-də isə Prezident İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elekt­rik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Prezi­dentinin ehtiyat fondundan 7,6 milyon dollar (manat ekvivalentində) vəsait ayrılması barədə sərəncam imzalayıb.

Bundan əlavə, Azərbaycan müha­ribə başlanandan Ukraynaya tonlarla yanacaq göndərib, SOCAR-ın Ukray­nadakı yanacaqdoldurma məntəqələ­ri xüsusi təyinatlı avtomobilləri ya­nacaqla təmənnasız təmin edib. Ukraynada müharibədən əziyyət çəkən uşaqların bir qrupu Azərbay­cana gətirilib, onlar üçün düşərgələr, gəzintilər təşkil edilib.

Onu da qeyd edək ki, Azərbay­canın Ukraynaya humanitar yardım göndərməsi Rusiyada heç də xoş qarşılanmayıb. Məsələn, Rusiya Xa­rici İşlər Nazirliyindəki mənbə 2022-ci il dekabrın 15-də TASS-a bildirmişdi ki, Azərbaycanın Ukraynaya humani­tar yardım kimi transformator və ge­neratorları təhvil verməsi Rusiyada çaşqınlıq yaradır. “Azərbaycanın belə bir addım atması çaşqınlıq yaradır. Xüsusi hərbi əməliyyat çərçivəsində Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi ehtiyaclar üçün istifadə etdi­yi kritik infrastrukturunu məhv edir. Azərbaycan tədarükləri vəziyyəti çə­tin ki, kökündən dəyişsin”, – deyə Ru­siya XİN-dəki mənbə qeyd etmişdi.

Bunun qarşılığında isə Ukrayna­nın birinci xanımı Yelena Zelenskaya Azərbaycanla faktiki müharibə vəziy­yətində olan Ermənistanın baş na­zirinin arvadını hörmətli qonaq kimi qarşılaması, ona minnətdarlıq dolu sözlər söyləməsi başadüşülən deyil.

Onu da qeyd edək ki, 2014-cü ilə, yəni Krımın Rusiya tərəfindən ilhaqı­na qədər Ukrayna heç bir platformada Qarabağ məsələsində Azərbaycanın mövqeyini birmənalı müdafiə etmə­yib. Yalnız özü işğala məruz qalan­dan, Azərbaycanın uzun illər ərzində üzləşdiyi təcavüzü özü yaşayandan sonra mövqeyində nisbətən korrek­tələr edib. Hətta, onu belə sona qə­dər etməyib. Bu gün belə ukraynalı rəsmilərin, ekspertlərin, siyasətçilərin Qarabağ məsələsində qeyri-obyektiv yanaşmasını görmək mümkündür.

44 günlük Vətən müharibəsi döv­ründə Ukraynadan Azərbaycana heç bir dəstək, humanitar yardım göstə­rilməyib. Azərbaycanın buna ehtiyacı olmasa belə, rəsmi Kiyev heç cəhd də etməyib. Bəzən Ukrayna rəsmiləri adi bəyanat belə verməkdən çəkiniblər. Beynəlxalq hüquq Qarabağın Azər­baycanın tərkib hissəsi kimi tanıdığı halda, Ukrayna rəsmiləri bunu dilə gətirməkdən ehtiyat ediblər.

Ukrayna atdığı addımların Azər­baycanla münasibətlərə xələl gətirə biləcəyinin fərqində olmalıdır. Rəsmi Kiyevin Azərbaycanla münasibətlərdə daha dürüst olmasına ehtiyac var. O da unudulmamalıdır ki, ölkəmiz hər zaman ona olan münasibətə adekvat reaksiya sərgiləyib. Yəni dostla dost, düşmənlə düşmən kimi davranıb.

Yeganə HACIYEVA, 
politoloq

– Ukraynaya qarşı müharibədə Rusiyanın əsas müttəfiqi Ermənis­tandır. İran dronları məhz Ermə­nistanın aviaşirkətləri tərəfindən Ukraynanın separatçı ərazilərinə daşınır. Bu, faktiki olaraq Rusiya–Ukrayna müharibəsində Ermənis­tanın iştirakı deməkdir. Belə olan təqdirdə Ermənistan baş nazirinin arvadının Kiyevdəki tədbirə qatıl­ması təəccüblüdür. Digər tərəfdən Rusiya media müstəvisində bu mü­haribənin əsas ideoloqları da məhz ermənilər və onlara bağlı təsisat­lardır. Bunlar Marqarita Simonyan, onun həyat yoldaşı Tiqran Keosa­yan və digərləridir. İki qardaş xalqın – rusların və ukraynalıların arasına nifrət toxumunu səpənlər məhz et­nik ermənilər və onlara məxsus media qurumlarıdır. Əsas ruporlar onlardır. Belə olan şəraitdə tədbirdə Anna Akopyanın iştirakı suallar do­ğurur.

Bundan başqa, Akopyan ora­dakı çıxışında Ukrayna müharibəsi ilə Qarabağdakı vəziyyət arasında oxşarlıq aparmağa çalışıb. Onu da deyim ki, bu müqayisə Qərbdəki er­məni lobbisi tərəfindən də aparılır. Təbii ki, bu, qüsurlu müqayisədir. Amma onun Ukrayna paytaxtında edilməsi heç bir çərçivəyə sığışmır.

 

Səxavət HƏMİD

XQ

 



Siyasət