Paşinyanın Qarabağı Azərbaycan kimi tanıması niyə Ermənistana xeyir imiş?

post-img

Yaxud ermənipərəstliyin Aleksandrov sərsəmliyindəki “incəliklər”

Azərbaycan və Ermənistan arasındakı hazırkı durum beynəlxalq ictimaiyyətin, o cümlədən, Rusiyanın siyasi dairələrinin diqqət mərkəzindədir. Əlbəttə, bu dairələrdən söz düşəndə, bir qayda olaraq, yadımıza ermənipərəstlər düşür. Hərçənd, ölkədə Bakı–İrəvan qarşıdurmasına münasibətdə ədalətli mövqe tutanların da mövcudluğunu yaddan çıxarmamalıyıq. 

Ancaq səsi daha çox çıxan ikincilərdir. Yazımızda onlardan birinin son dərəcə hiyləgər motivli fikirlərini diqqətə çatdıra­cağıq. Belələrinin söylədiklərinə həm də ona görə fikir verməliyik ki, onların cəfəng ritorikası, sonradan Ermənistan dövlə­ti üçün siyasi manevr vasitəsinə çevrilir. İrəvan məkrli planlar qurarkən, beyin qı­cqırması keçirənlərdən mütləq nələrisə ya bütövlükdə, ya da qismən “əxz edir”.

***

Beləliklə, ermənipərəst mövqeyi ilə seçilən rusiyalı daha bir politoloqu tanı­yın – Mixail Aleksandrov. M.Aleksand­rov bildirib ki, Azərbaycan Ermənistadan güzəştlər qoparmaq üçün təzyiqləri güc­ləndirir. Onun düşüncəsinə görə, hazırda İrəvanın istəyi Qarabağ münaqişəsini Er­mənistanla Azərbaycanın deyil, Azərbay­canın və Qarabağ ermənilərinin problemi kimi təqdim etməyə hesablanıb. 

Əlbəttə, politoloqa, müəyyən mənada, haqq qazandırmaq mümkündür. Ancaq Ermənistanın ictimai rəyi, eləcə də siyasi istableşmenti məsələyə heç də tam şəkil­də mövcud prizmadan yanaşmır. Xəstə erməni cəmiyyəti “Qarabağ varsa, Er­mənistan var, Qarabağ yoxdursa, Ermə­nistan yoxdur” devizi ilə hərəkət edir və rəsmi İrəvan bu duruma reaksiyasız qala bilməz. Əslində, heç qalmır da. 

Ermənistan Qarabağ ermənilərinin humanitar durumu adlı məsələni BMT Təhlükəsizlik Şurası müstəvisinə çıxa­rırsa, deməli, hər bir halda tərəfdir. Ba­kının bunu sübuta yetirmək üçün əlavə tədbirlərə ehtiyacı yoxdur. Yəni, politoloq Aleksandrovun dili ilə söyləsək, ölkəmi­zin sırf mövcud xüsusda İrəvana təzyiq ritorikasını işə salması istisnadır. Əlbəttə, ümumən Azərbaycan Ermənistana təzyiq göstərməlidir və göstərir də. 44 günlük müharibədən sonrakı proseslər İrəvanın xoşluqla yola gəlmədiyini, güc dilindən başqa nəyisə anlamadığını söyləməyə əsas yaradır...

Ancaq gəlin, bir anlıq düşünək ki, M.A­leksandrovun dedikləri doğrudur və Bakı İrəvana sırf onun dediyi mövzu ilə əlaqədar təzyiq göstərir. Politoloqun sözlərinə görə, Azərbaycan Ermənistan ərazilərini atəşə tutur ki, ikinci özünün Qarabağ müstəvi­sindəki canfəşanlığından geri addım atsın. Birincisi, atəş açan və təxribat törədən biz deyilik, qarşı tərəfdir. Digər yandan, çox güman ki, Ermənistanın hakim siyasi da­irələri elə Aleksandrov ağıldadırlar. Yəni, onlar şərti sərhəddə təxribat törətməklə, ölkəmizi əks addımlara məcbur etməklə, dünyaya göstərirlər ki, Azərbaycan təzyiq yolu tutur və bu təzyiq Qarabağa görə­dir. Əlbəttə, yalnız Qarabağa görə yox. Ümumən, erməni iqtidarının iddiası budur ki, Bakının güddüyü işğalçılıq niyyətidir. 

M.Aleksandrov, həmçinin bu qənaət­dədir ki, Azərbaycan, guya, diplomatik cəhətdən uduzur və dünya birliyi Bakını Qarabağı blokadaya aldığına görə gü­nahkar sayır. Həm də ona görə günahkar sayır ki, Bakı, guya, bölgədə etnik təmiz­ləmə və soyqırımı reallaşdırmaq istəyir. Əlbəttə, Azərbaycanın belə bir niyyəti yoxdur, məqsədi öz ərazisindəki separat­çılıq yuvasını dağıtmaqdır.

***

M.Aleksandrovun söylədiklərində bir təzadlı məqam var. O bildirir ki, rəsmi Bakı ziddiyyətləri Azərbaycan–Ermənis­tan münaqişəsi formatına – əvvəlki axara qaytarmaq istəyir. Ancaq məsələnin qo­yuluşu bu cür ola bilməz. Çünki Azərbay­can beynəlxalq ictimaiyyətin onu soyqı­rımı və etnik təmizləmə həyata keçirən ölkə kimi tanıması ehtimalını düşünür, düşünməməsi mümkünsüzdür. Ölkəmizi vandal obrazında göstərməyə çalışan isə Ermənistan iqtidarıdır. Deməli, sadə mən­tiq deyir ki, danışıqların axarını dəyişmək istəyən də İrəvandır, Bakı yox. 

Eyni zamanda, onu da vurğulamalı­yıq ki, hazırda Ermənistan, daha doğru­su, baş nazir Nikol Paşinyan administra­siyası, faktiki olaraq, M.Aleksandrovun dediklərini gerçəkləşdirməklə məşğuldur. “Məşğuliyyət” də danışıqlar prosesindən yayınmağı hədəfləyir. O prosesdən ki, onun ana xəttində Ermənistanın Azər­baycanın, Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü tanıması dayanır. Sülh müqaviləsi də mövcud bazada imzalan­malıdır. İndi sırf Qarabağ müstəvisində qaldırılmış erməni şousu isə ona hesab­lanıb ki, Paşinyanın ölkəmizin suveren ərazilərini tanımasına dair fikirləri tama­milə gündəmdən düşsün. Nəticədə Bakı–İrəvan yekun razılaşması təxirə salınsın. Yəni, söhbət politoloq Aleksandrovun de­diyi kimi, Azərbaycanın diplomatik müstə­vidə uduzmasından yox, Ermənistanın əvvəl hərbi, sonra siyasi məğlubiyyətdən yaranmış reallığı dəyişdirmək yönümlü uğursuz cəhdindən gedir. 

***

Politoloq M.Aleksandrov erməni me­diasına müsahibəsində keçmişə ekskurs etməyi də yaddan çıxarmır. O deyir ki, vaxtilə erməni diplomatiyasının axmaqlığı ucbatından Qarabağ danışıqlar prosesin­dən çıxarılıb. “O zamankı vasitəçi Vladimir Kazimirov sonradan yazmışdı ki, təcrübə­siz erməni diplomatiyası atəşkəs sazişini imzalamağa razılaşdı. Azərbaycan isə dərhal “Qarabağ xalqı”nın öz müqəddə­ratını təyinetmə hüququ kimi ortaya çıxan münaqişəni Ermənistan–Azərbaycan ərazi münaqişəsi qismində təqdim etdi. Bundan sonra hər şey sıradan çıxdı və beynəlxalq ictimaiyyət Bakını dəstəklədi”, – deyən Aleksandrovun fikrincə, 1994-cü ildə Ermənistan atəşkəs imzalamalı deyil­di. Onun qənaətinə görə, indi isə demək lazım deyil ki, Qarabağ Azərbaycanın tər­kib hissəsi deyil. Paşinyan bunu bildirsə, münaqişə yenidən Ermənistanla Azər­baycan arasında ərazi davası xarakteri alacaq və bu, Bakıya lazımdır. 

Bəli, Aleksandrov belə fikirlərdir ki, Paşinyan Azərbaycanın ərazi bütövlü­yünü tanımaqla diplomatik manevr edib. Bu zaman öz reputasiyasını zərbə altına qoysa da, düzgün mövqe tutub. Çünki onun yanaşması münaqişəni Azərbaycan və Qarabağ prizmasında saxlayır: “Paşin­yan susur, amma reallıqda belə çıxır ki, Bakı Stepanakertlə danışıqlar aparmalı və statusu razılaşdırmalıdır”.

***

Göründüyü kimi, M.Aleksandrovun timsalında Rusiyanın ictimai-siyasi rəyi, eləcə də analitik mərkəzləri son dərəcə hiyləgər, məkirli siyasi texnologiyaya əl atıblar. Dəqiq desək, hiyləgər düşün­cələrini işə salaraq, Ermənistana kömək göstərməyə çalışırlar. Əlbəttə, demək olmaz ki, İrəvanda onların ortaya atdıq­larını əvvəldən düşünməyiblər. Bir sıra ermənipərəst qüvvələrin Qarabağ ətra­fında hay-küy qaldırdığı bir dövrdə rahat şəkildə Ermənistanın müxtəlif yerlərində dolaşması, əhali ilə görüşlər keçirməsi, deyib-gülməsi onu deməyə əsas verir ki, Paşinyan da təxminən Alekandrovun de­diyi kimi davranır. Yəni, elə fon yaradır ki, guya, ölkəsi Qarabağ müstəvisindəki pro­seslərə qarışmır. 

Ancaq Nikolun bu rolu axıradək oyna­ya bilməsi mümkünsüzdür. Çünki xəstə erməni cəmiyyəti vay-şivən qoparıb onu fəaliyyətsizlikdə ittiham edər və edir də. Mövcud situasiya rəsmi İrəvanı, hər bir halda, tərəfə çevirir. Daha dəqiq desək, onun özünü münaqişə tərəfi olmayan qis­mində göstərməsi tamamilə mümkünsüz­dür. Elə isə keçək rusiyalı politoloqun dü­şüncəsinin mücərrəd guşəsində bəslədiyi digər məqama. 

M.Aleksandrov bildirir ki, Azərbaycan Qarabağa qarşı güc tətbiq etsə, o zaman, birincisi, Rusiya sülhməramlıları ilə toqqu­şacaq, ikincisi, sülhməramlılar getsə belə, güc tətbiqi millətin öz müqəddəratını tə­yinetmə hüququnun boğulması kimi gö­rünəcək. Belə olan halda, guya, Ermə­nistanın öz soydaşlarını qorumaq üçün münaqişəyə müdaxilə etmək hüququ yaranacaq. Politoloqun fikrincə, indi Pa­şinyan həm də buna görə Qarabağın Azərbaycan ərazisində yerləşməsi prinsi­pindən əl çəkməməlidir. 

Göründüyü kimi, xəstə təfəkkürlü M.Aleksandrov necə deyərlər, nala-mıxa vurur. O deyir ki, Ermənistan qarışma­malıdır, həm də qarışmaq üçün “əsas” formalaşdırmalıdır. Belədə sual yaranır: Qarabağ Azərbaycan ərazisidirsə və bu, beynəlxalq birlik tərəfindən qəbul edilirsə, o zaman rəsmi Bakı öz ərazisindəki se­paratçılıq meyilini aradan qaldırmaq üçün niyə mübarizə aparmamalıdır? Kim deyə bilər ki, bu mübarizə ölkəmizin suveren hüququ deyil? Darmadağın olmuş Ermə­nistanmı, yoxsa Prezident Putinin dili ilə 44 günlük müharibəni Azərbaycanın haqlı mübarizəsi kimi gördüyünü dilə gətirən Rusiya?

***

Sonda onu da bildirək ki, ermə­nipərəstlər var gücləri ilə Azərbaycanı haqlı davasında haqsız çıxarmağa, ölkə­mizin beynəlxalq nüfuzunu zədələməyə girişiblər. Bu istiqamətdə “can qoyan­lardan” biri də manipulyativ, qərəzli və təzadlı fikirlərini diqqətə çatdırdığımız rusiyalı politoloq Mixail Aleksandrovdur. Heç şübhəsiz, Rusiyada aleksandrovlar çoxdur. Amma onların say çoxluğu heç bir əhəmiyyət daşımır. 

Azərbaycan dövləti öz prinsipial xət­tinə sadiqdir və heç bir halda mövqeyin­dən geri çəkilməyəcəkdir. Ermənistan isə aleksandrovların, conların, kolonnaların və digərlərinin avantürist baxışlarının do­ğurduğu illüziya girdabında boğulmağa məhkumdur. Nəzərə alaq ki, bu illüziya ölkəni, Ermənistanın qurama dövlətçiliyini tamamilə məhvə sürüklənmək təhlükəsi yaradır və ölkənin havadarlarının, “təəs­sübkeşlərinin” məqsədləri budursa, buyu­rub cəfəngiyyatlarını sıralasınlar. 

Ə.CAHANGİROĞLU, XQ



Siyasət