TANAP layihəsinə 600 milyon, pandemiya tədbirlərinə isə
100 milyon dollar vəsait ayrılıb
İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” (“Twitter”) sosial şəbəkəsində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) prezidenti və Direktorlar Şurasının sədri Cin Liçün ilə bankın maliyyə dəstəyi ilə ölkəmizdə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə etdiyini yazıb.
Nazir görüşdə AİİB-lə Azərbaycanın əməkdaşlıq istiqamətləri, birgə fəaliyyətin prioritetləri barədə fikir mübadiləsi aparıldığını qeyd edib.
Xatırladaq ki, həmin görüşdə AİİB ilə reallaşdırılan birgə layihələr etibarlı enerji təminatçısı olan Azərbaycanın regional haba çevrilməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Söhbət zamanı Azərbaycanın 2016-cı ildən bankla uğurlu əməkdaşlıq etdiyi bildirilib. Maliyyə qurumunun “yaşıl” və dayanıqlı gələcəyin təmin olunması istiqamətində fəaliyyəti, həmçinin üzv ölkələrə güclü iqtisadiyyat qurmaqda dəstəyinin əhəmiyyəti də diqqətə çatdırılıb. Görüşdə, həmçinin AİİB ilə Cənub Qaz Dəhlizi layihəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yol infrastrukturu, gəmiqayırma və digər nəqliyyat-tranzit və logistika layihələri, eyni zamanda, Orta Dəhlizin Azərbaycan seqmenti üzrə mümkün əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Söhbətdə potensial əməkdaşlığın əsas istiqamətləri, AİİB-in Azərbaycanda gələcək fəaliyyət prioritetləri, o cümlədən “yaşıl enerji” və infrastrukturun inkişafı üzrə perspektiv layihələr də müzakirə olunub.
Yeri gəlmişkən, Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən və nizamnamə kapitalı 100 milyard dollar olan AİİB 2014-cü il oktyabrın 24-də təsis edilib. Həmin gün Asiya qitəsinin 21 ölkəsi bu nəhəng investisiya bankının yaradılması məqsədilə memorandum imzalayıb. Ötən müddətdə bankın dünyanın 106 ölkəsində fəaliyyət göstərən səhmdarları tərəfindən yüksək göstəricilər əldə olunub.
Bankın əməkdaşlıq etdiyi ölkələr sırasında respublikamız həmişə diqqət çəkib. Azərbaycanın dəmir yolu, gəmiçilik və digər infrastruktur sektorları bu maliyyə qurumunun maraq dairəsində olub. AİİB-in investisiya əməliyyatları üzrə vitse-prezidenti Konstantin Limitovski mediaya müsahibəsində bununla bağlı deyib: “Bank bu gün Trans-Anadolu qaz kəmərinin (TANAP) genişləndirilməsi, Azərbaycanda dəmir yolunun müasirləşdirilməsi, gəmiçilik sənayesinin, müxtəlif infrastruktur sahələrinin inkişaf etdirilməsi kimi layihələri əməkdaşlığın gücləndirilməsində prioritet istiqamətlər kimi diqqətdə saxlayır”.
K.Limitovskinin sözlərinə görə, Azərbaycan 2016-cı ildən AİİB ilə əməkdaşlıq edir, eyni zamanda, bankın təsisçi üzvləri və müştəriləri arasında nüfuzu ilə fərqlənir. Bu, təsadüfi deyil. Çünki adı çəkilən bank etibarlı investisiyalar üçün uzunmüddətli maliyyələşdirmənin təqdim olunması, eləcə də əsasən Asiya regionunda həyat şəraitinin yaxşılaşdırılması və iqtisadi inkişafın təmin edilməsi kimi məsələlərin həllini hər zaman diqqətdə saxlayıb. Yerləşdiyi coğrafiyada iqtisadi artımın stimullaşdırılması və infrastrukturla bağlı layihələri maliyyələşdirən AİİB ötən müddətdə, həmçinin regionda kənd təsərrüfatının və infrastrukturun inkişafı, enerji təchizatı, ətraf mühitin mühafizəsi, nəqliyyat və telekommunikasiya, su təchizatı və kanalizasiya, şəhərsalma və logistik mərkəzlərin yaradılmasında da xüsusi fəallıq göstərib.
Azərbaycanla AİİB arasında ilk birgə layihə Cənub Qaz Dəhlizinin (CQD) mühüm seqmentlərindən sayılan Trans-Anadolu Qaz Boru Kəməri ilə (TANAP) bağlı olub. 2016-cı ilin dekabr ayında bank bu kəmərin çəkilişi üçün Azərbaycana 600 milyon dollar məbləğində kredit ayırıb. Həmçinin AİİB koronavirus pandemiyası dövründə respublika iqtisadiyyatının bərpasına və pandemiyanın fəsadlarının yumşaldılmasında kömək etmək üçün 100 milyon ABŞ dolları məbləğində dəstək göstərib.
Bankın əməliyyat portfeli fəaliyyət göstərdiyi 7 il ərzində 35 milyard dollara çatıb və bank ötən müddətdə öz missiyasına uyğun olaraq Asiya ölkələrinin infrastruktur baxımdan inkişafını dəstəkləməkdə davam edib.
Hazırda bankın bütün regionlar üzrə portfeli suveren kreditlərin və investisiyaların təxminən 75-80 faizini təşkil edir, özəl sektorun payı isə cəmi 20-25 faizdir. Məqsəd 2030-cu ilə qədər sərmayənin yarısının özəl sektora və qeyri-suveren layihələrə sahib olmasıdır.
AİİB hazırda müxtəlif ölkələrdə günəş və külək elektrik stansiyalarının tikintisi üzrə layihələri fəal şəkildə maliyyələşdirir, çünki bərpa olunan enerji mənbələrinə investisiya yatırmaq özəl sektorda bu maliyyə qurumu üçün əsas sahələrdən biridir. Belə ilk layihələrdən biri Qazaxıstanın Janatas külək stansiyasıdır. AİİB, həmçinin “Waste-to-Energy” (tullantılardan enerji) ilə bağlı layihələrə də diqqət yetirir.
Onu da xatırladaq ki, bank indiyədək Türkiyədə enerjiyə qənaət edən qurğuların, həmçinin Özbəkistanın Sırdərya vilayətində 1500 meqavat gücündə qazla işləyən elektrik stansiyasının layihəsini hazırlayıb.
AİİB-in fəaliyyətində əsas prinsip ölkənin karbonsuzlaşdırılmasına, regionda əməkdaşlığın inkişafına və müasir texnologiyaların istifadəsinə töhfə verən layihələrə yönəldilməsidir. Bir sözlə, bank uzunmüddətli perspektivdə davamlı olacaq, özəl sektor investisiyalarını cəlb edəcək layihələrdə iştiraka həssaslıqla yanaşır və bununla da dayanıqlı infrastrukturun maliyyələşdirilməsi yolu ilə Asiya regionunda inkişafı stimullaşdırmağı qarşıya mühüm vəzifə kimi qoyur.
Emin BAĞIROV,
ETN Riyaziyyat və Mexanika İnstitutunun
böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru
Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) ilə investisiya əməkdaşlığı xüsusi diqqət çəkir. Ölkəmiz AİİB-lə dəmir yolu, habelə müxtəlif infrastruktur sektorlarında, gəmiçilik sənayesində müxtəlif maraqlı layihələr portfeli müəyyənləşdirib. Azərmaycan bu maliyyə qurumu ilə, həmçinin Trans-Anadolu qaz kəmərinin genişləndirilməsi çərçivəsində müəyyən layihələrin icrası barədə müzakirələr aparıb.
Ümumiyyətlə, Cənubi Qafqaz AİİB üçün mühüm regiondur. Bank fəaliyyətində bu məqama xüsusi önəm verir, çünki adıçəkilən region Avropa ilə Asiya, eləcə də Avropa ilə Yaxın Şərq arasında birləşdirici körpüdür. AİİB Cənubi Qafqazın həm regional, həm də qlobal logistikada getdikcə daha mühüm rol oynayacağına əminliyini hər zaman ifadə edib.
Bank davamlı və perspektivli layihələri maliyyələşdirməklə Asiya regionunda inkişafı təşviq etməyə çalışır. Eyni zamanda, infrastruktur investisiyalarına özəl sektorun kapitalının cəlb edilməsinin vacibliyini bildirir.
Hazırda bankın bütün regionlar üzrə portfeli suveren kreditlərin və investisiyaların təxminən 75-80 faizini təşkil edir, özəl sektorun payı isə cəmi 20-25 faizdir. AİİB-in əsas məqsədi 2030-cu ilə qədər sərmayəsinin yarısının özəl sektora və qeyri-suveren layihələrə sahib olmasıdır.
Yeri gəlmişkən, sözügedən maliyyə qurumunun fəaliyyətində müxtəlif ölkələrdə enerji layihələrinin maliyyələşdirilməsi önəmli yer tutur. Başqa sözlə, bank tərəfindən günəş və külək elektrik stansiyalarının tikintisi üzrə layihələr fəal şəkildə maliyyələşdirilir. Bu isə AİİB-in özəl sektorda bərpaolunan enerji mənbələrinə investisiya yatırmaq istəyindən xəbər verir. Belə layihələrə misal olaraq ölkədə ilklərdən biri olan Qazaxıstanın Janatas külək stansiyasını göstərmək olar. Bank “Waste-to-Energy” (tullantılardan enerji) ilə bağlı layihələrə də diqqət yetirir. Türkiyədə isə bərpaolunan enerjiyə qənaət edən qurğular, həmçinin Özbəkistanın Sırdərya vilayətində 1500 meqavat gücündə qazla işləyən elektrik stansiyasının layihəsi hazırlanıb.
Göründüyü kimi, bank əsas məqsədi ölkənin karbonsizləşdirilməsinə, regionda əməkdaşlığın inkişafına və müasir texnologiyaların istifadəsinə töhfə verən layihələrə yönəltmək, özəl sektor investisiyalarını cəlb edəcək layihələrdə iştirak etməkdir.
Beləliklə, AİİB-in fəaliyyəti haqqında yayılan məlumatda bildirilir ki, hər hansı bir ölkənin bu qurumdan maliyyə alması üçün onun təqdim etdiyi layihə bankın missiyasına və mandatına uyğun olmalıdır. Başqa sözlə, bank “yaşıl infrastruktur”, rəqəmsal, enerji, həmçinin əhalinin kritik ehtiyaclarını dəstəkləyən infrastruktur layihələri ilə maraqlanır və həmin təşəbbüsləri fəal şəkildə nəzərdən keçirir. Həm də bu zaman özəl sektorun kapitalını birgə investisiya fəaliyyətlərinə cəlb etməyə xüsusi önəm verir. Çünki belə halda hər bir layihə ölkəyə və investorlara iqtisadi fayda gətirir, iqtisadi cəhətdən səmərəli və maliyyə baxımından dayanıqlı olması ilə diqqət çəkir.
Vaqif BAYRAMOV, XQ