Ermənistan hökumətindən növbəti anti-Rusiya addımı

post-img

İrəvanın bu təxribatı Azərbaycanla əlaqələndirmək cəhdi uğursuz olacaq

Hərb meydanında olduğu kimi, siyasi-diplomatik cəbhədə də Azərbaycana məğlub olan rəsmi İrəvan bu uğursuzluğunu ört-basdır etmək üçün yeni təxribata əl atıb. Belə ki, Ermənistan hökuməti Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya üçün ölkə parlamentinə təqdim edib. Ermənistanın media subyektləri bu barədə baş nazir aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat yayıblar.

Qeyd edək ki, Ermənistan hökuməti bu məsələ ilə bağlı 2022-ci ildə konsti­tusiya məhkəməsinə müraciət etmişdi. Konstitusiya məhkəməsi cari ilin martın 24-də Beynəlxalq Cinayət Məhkəməsi­nin 1998-ci il iyulun 17-də imzalanmış Roma statutunda təsbit edilmiş öhdəlik­lərin konstitusiyaya uyğunluğunu tanıyan qərar qəbul etmişdi. Bu qərarın qəbulu, necə deyərlər, aydın səmada şimşək kimi çaxmışdı. Məsələ onda idi ki, bundan cəmi bir neçə gün əvvəl – martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Pre­zidenti yanında Uşaq Hüquqları üzrə Mü­vəkkil Mariya Lvova-Belovanın həbsinə order vermişdi. Yeri gəlmişkən, qeyd edək ki, adları çəkilən şəxslər Rusiya–Ukrayna müharibəsinin gedişi zamanı ukraynalı uşaqların Ukrayna ərazisindən Rusiyaya aparılmasında ittiham olunurdular. “Reu­ters” agentliyi həmin vaxt qeyd edirdi ki, orderin verilməsindən sonra V.Putin və M.Lvova-Belova Roma statutunu ratifi­kasiya etmiş 123 ölkənin hansısa birində həbs olunaraq Beynəlxalq Cinayət Məh­kəməsinə verilə bilər.

Ermənistan Rusiyanın ən yaxın stra­teji müttəfiqlərindən biri olduğu üçün konstitusiya məhkəməsinin qərarı böyük müzakirələrə yol açmış və hər iki ölkədə suallar doğurmuşdu. Bundan sonra Nikol Paşinyan hökuməti geri addım ataraq la­yihəni təsdiq üçün parlamentə göndərmə­yi təxirə salmışdı.

İndi isə Ermənistan hökuməti yenidən Roma statutunun tanınması məsələsinə qayıdıb. Onlar bunu onunla əsaslandır­mağa çalışırlar ki, guya, ratifikasiyanı Azərbaycanı məsuliyyətə cəlb etmək üçün (?) imkan kimi görürlər. Əslində isə qeyd etdiyimiz kimi, burada hayların məqsədi hərbi və siyasi-diplomatik cə­bhədə üzləşdikləri uğursuzluğu ört-basdır etməkdir.

Beləliklə, aydın olur ki, bu, Ermənis­tan hökumətinin növbəti avantürasıdır. N.Paşinyan başda olmaqla, Ermənistan hökuməti onsuz da avantürist, macəraçı şəxslərdən təşkil olunub. Ümumiyyətlə, müstəqillik əldə etdikdən sonra Ermə­nistanın iqtidar sarıdan bəxti gətirməyib desək, yəqin ki, səhv etmərik. Bu ölkəyə gah talançılar, xalqın, dövlətin vəsaitləri­ni havaya sovuranlar, gah da Paşinyan kimi macəraçılar rəhbərlik edirlər. Halbu­ki, 2018-ci ilin mayında Paşinyan iqtidara gəldikdən sonra Ermənistan–Azərbaycan münasibətlərinin sülh yolu ilə nizamlan­masına ümidlər yaranmışdı. Həmin ilin mayında ordumuzun keçirdiyi uğurlu Günnüt əməliyyatı Paşinyana Azərbayca­nın öz torpaqlarını işğaldan azad edə bilə­cəyinin siqnalı olmalı idi. Ancaq Paşinyan başqa yol tutdu. 2019-cu ilin avqustunda Xankəndi şəhərinə növbəti qanunsuz səfəri zamanı mərkəzi meydanda çıxışı zamanı bədnam “Qarabağ Ermənistandır və nöqtə” fikrini söylədi. Bu sözü həmin ilin sentyabrında Qarakilsə (ermənilər Vanadzor deyir-S.H.) şəhərində keçirdiyi mətbuat konfransında da təkrarladı. Bü­tün bunların nəticəsi göz önündədir: Pa­şinyanın macəraçılığı, təhriki ilə başlayan İkinci Qarabağ müharibəsi onun biabırçı məğlubiyyəti ilə yekunlaşdı.

***

Burada Ermənistan hökumətinin ri­yakarlığı da diqqətdən kənarda qalma­malıdır. Başqa sözlə desək, sənədi par­lamentə göndərməkdə Paşinyanın digər məqsədi də var. Ehtimal etmək olar ki, Qərbin dəstəyi ilə hakimiyyət kürsüsünə yiyələnmiş Nikol Vovayeviç Azərbaycanın adını hallandırmaqla növbəti anti-Rusiya addımını pərdələyir. Yəni, Qərbpərəstlər­dən təşkil olunmuş Ermənistan hökuməti Rusiyanın qəzəbinə tuş gələ biləcəyini təxmin etdiyi üçün bu məsələdə Azərbay­canın adını hallandırır.

Ancaq Rusiyada da Ermənistanda kimlərin hakimiyyətə yiyələndiyini, ümu­miyyətlə hayların xislətini yaxşı bilirlər. Moskva Ermənistanın dəfələrlə anti-Ru­siya addımları atdığını unutmayıb. Son vaxtlar Moskvadan İrəvanın ünvanına xoş olmayan sözlərin deyilməsi bundan xəbər verir. Elə bugünlərdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Laçın yolundakı və­ziyyət Ermənistan baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıma­sının nəticəsidir. Xanım Zaxarova mət­buat konfransında ona ünvanlanan suala cavab olaraq deyib: “Bu, Avropa İttifaqının təşəbbüsü ilə iki ölkə liderinin 2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında keçi­rilən sammitdə qeydə alınıb. Məsələ Ru­siya Xarici İşlər Nazirliyinin iyulun 15-də Qarabağ ətrafında yaranmış vəziyyətlə bağlı bəyanatında açıq şəkildə qeyd olu­nub. Bu kontekstdə hesab edirəm ki, mə­suliyyətin Rusiya sülhməramlı kontingen­tinin üzərinə qoyulması yersizdir, düzgün deyil və əsassızdır”. Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan isə M.Zaxa­rovaya uydurma ilə məşğul olmamağı və bununla da vəziyyəti daha da mürəkkəb­ləşdirməməyi tövsiyə etdi.

Hətta, bugünlərdə qatı ermənipərəst “Regnum” agentliyinin direktoru Mo­dest Kolerov da Paşinyanın addımlarını tənqid edib. Qeyd edib ki, Ermənistanın mövqeyi nəticəsində nəinki rus sülh­məramlıları bölgədə qalmayacaq, hətta Gümrüdəki 102 saylı Rusiya hərbi baza­sının varlığı problemə çevriləcək. Eyni zamanda, o qeyd edib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistanın sərhədlərini qoruması sual altına düşə­cək. Onun sözlərindən belə çıxdı ki, Ru­siya hərbçiləri ümumiyyətlə, Ermənistanı tərk edə bilər. Görünür, bu addımların baş tutması üçün Qərb İrəvandan Roma statutunu parlamentdə təsdiqləməyi tələb edir. Bununla da Rusiya dövlət baş­çısı Ermənistana gəlib-gedə bilməyəcək.

***

Qırx dörd günlük Vətən müharibə­sindən ötən 3 ilə yaxın dövr ərzində baş verən istər hərbi toqquşmalar, istərsə də Ermənistanın müxtəlif beynəlxalq təşki­latlardakı təxribatçı addımları onun üçün yeni məğlubiyyət aktı demək olub. Hətta, Ermənistanın ən yaxın müttəfiqi, BMT Təhlükəsizlik Şurasının üzvü Fransanın belə ölkəmiz əleyhinə bütün təşəbbüsləri uğursuz olub. Bu baxımdan Roma statu­tunun ratifikasiyası ilə bağlı Ermənistan hökumətinin təşəbbüsünün də səmərəsiz olacağını güman etmək mümkündür.

Bundan əlavə, İrəvanın Roma statutu­nun ratifikasiyasını Azərbaycanın məsu­liyyətə cəlb edilməsi ilə əlaqələndirməsi absurddur. Ona görə ki, ölkəmiz Roma statutunu imzalamayıb və bununla da Beynəlxalq Cinayət Məhkəməsinə qo­şulmayıb. Yəni, bu hüquqi proseslərdə heç bir iştirakı yoxdur. Ümumiyyətlə, istər Ermənistanın, istərsə də hansısa üçüncü ölkənin Azərbaycanın iştirak etmədiyi, qoşulmadığı sənədlə bağlı onu ittiham etməyə çalışması mümkün deyil. Ölkəmiz yalnız soyqırımı, insanlıq əleyhinə, mü­haribə və işğal cinayəti haqqında hüquqi məsuliyyəti öz milli qanunvericiliyinə daxil edib və Roma statutunun müsbət təcrübə­sindən yararlanır. Bu mənada Ermənistan hakimiyyəti Azərbaycanı “məsuliyyətə” cəlb etməklə bağlı nə qədər istəyirsə, ya­lan danışa bilər. Ancaq onun yalanlarına yalnız daxili auditoriyada müəyyən qrup insanların inanması mümkündür.

Rizvan HÜSEYNOV, 

siyasi şərhçi

– Ermənistan hökuməti Roma statutunu ratifikasiya etmək məsələ­sini mart ayından indiyədək uzadır. Həmin vaxtdan Paşinyan Qərbdən aldığı təlimat üzrə Rusiyadan qırıl­maq cəhdlərini sistemli plana çevirdi. Demək olar ki, artıq ortada konkret plan var. Həmin dövrdə istər Paşin­yanın, istərsə də onun hökumətinin yüksək vəzifəli şəxslərinin çıxışların­da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ümidləri doğrultmama­sı, ona etimadsızlıq göstərilməsi ilə bağlı fikirlər səsləndirilirdi. Ermənis­tanda Roma statutu ilə müzakirələr də məhz həmin dövrdə başlandı. Yəqin ki, Ermənistanın Rusiyadan tam qırılması anı yetişib. Görünür, İrəvan öz seçimini edib. Baş verən­ləri belə dəyərləndirmək olar.

Son günlərdə Paşinyanın və onun yaxın ətrafının çıxışlarından bəlli olur ki, Ermənistan anti-Rusiya addımında qətiyyətlidir. Nəticə eti­barilə həm Rusiyanın, həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanda rolu get-gedə azala­caq. Eyni zamanda, biz buna cavab olaraq Rusiya rəsmilərinin də İrəva­nın ünvanına yönələn müxtəlif açıq­lamalarının şahidiyik.

Səxavət HƏMİD,

XQ



Siyasət