Erməni avantürasının “bic uşağı”nın 32 ili

post-img

Əvəz RÜSTƏMOV
[email protected]

 

Süni nəfəs aparatına qoşulmuş “DQR”i Azərbaycanın “cərəyandan ayıracağı” gün uzaqda deyil 

Dünən qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradılmasından 32 il ötdü. Bunu yada salmağımızda məqsəd isə sadədir – hazırda saxta qurum sanki süni nəfəs aparatına qoşulub. Ermənistanda ölkənin Azərbaycana qarşı ərazi iddiasının nəticəsi olan bu avantüraya nəfəs vermək istəyən kəsim var. Həmin kəsimin nümayəndələri dünən bir-birini təbrik etdilər, bəziləri mətbuata çıxıb ağzına gələni danışdı, bəziləri isə isterik hala düşdü.

Bəli, rəsmi İrəvan və erməni si­yasi dairələri “Artsax” sarsaqlığını nə qədər “Qarabağ xalqı”nın milli davası kimi təqdim etməyə çalış­salar da, bütün dünya yaxşı anlayır ki, söhbət Ermənistanın Azərbay­cana qarşı ərazi iddiasından gedir. Bunu sübuta yetirməyin ən müxtə­lif üsulları var. Ən başlıca sübut isə Ermənistan Respublikasının istiqlal bəyannaməsidir. O bəyannamə ki, ölkənin 5 iyul 1995-ci ildə qəbul edil­miş konstitusiyasının məhz ondan qaynaqlandığı məlumdur. 

Ermənistanın istiqlal bəyan­naməsində bildirilir ki, sənəd 1989-cu il dekabrın 1-də Ermənis­tan SSR Ali Sovetinin və Artsax Milli Şurasının birgə qəbul etdiyi “Ermə­nistan SSR və Dağlıq Qarabağ Vi­layətinin birləşməsi” haqqında ortaq qərara əsaslanır. Ermənistan kons­titusiyasında isə ölkənin 23 avqust 1990-cı ildə qəbul edilmiş istiqlal bəyannaməsində yer almış ümum­milli dəyərlərin əsas hədəf götürül­düyü bildirilir. Bəyannamə dövlətin adından qəbul edilmiş ali hüquqi dəyərə malik akt kimi, həm qonşu Türkiyənin şərq əyalətlərini “Qər­bi Ermənistan” adlandırır, həm də beynəlxalq birlik tərəfindən dövlət olaraq tanınmayan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermə­nistan ilə birləşməsi haqqında ortaq qərara əsaslanır. 

Deməli, hər şey aydındır. Qeyd etdiklərimiz bir daha göstərir ki, hazırda Qarabağ müstəvisində meydana çıxan avantürist fikirlərin yekun məqsədi Qarabağı Ermənis­tana birləşdirməkdir. Heç bir halda “Qarabağ xalqı” və onun öz müqəd­dəratını təyin etməsi kimi məsələ yoxdur, bu, yalnız işğalçılığa hesab­lanmış cəfəngiyyatdır. 

Digər tərəfdən, bu gün Ermənis­tan rəhbərliyi, Qarabağı Azərbay­can ərazisi kimi tanıdığını bəyan edən baş nazir Nikol Paşinyan ad­ministrasiyası bölgə ermənilərinin hüquq və azadlığı məsələsini qa­bardır. Üstəlik, hüquq və azadlıqlar üçün beynəlxalq təminat amili üzə­rində dayanır. Bunlar nəyə görədir? Şübhəsiz ki, həmin beynəlxalq təmi­natın mövcudluğundan “yararlanıb”, “Dağlıq Qarabağ Respublikası”nın dünyada tanınmasında tutacaq yer formalaşdırmaq məramı güdülür. Əlbəttə, bu gedişin son hədəfi də var – Ermənistana birləşmək. 

Bəli, görünür, elə məhz buna görə Ermənistan Respublikası “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini heç zaman tanımayıb və indi də tanımır. Çünki ölkə onu öz ərazisi kimi görür. Hesab edir ki, əgər tanınma baş versə, gələcəyə hesablanmış plan alınmayacaq. Yeri gəlmişkən, onu da deyək ki, Ermənistanın Paşinyana qədərki iqtidarının zamanında ölkədə hazır­lanmış müxtəlif xəritələrdə Qarabağ Ermənistan ərazisi kimi göstərilirdi. Təsəvvür edin, bir tərəfdən Azər­baycanla Qarabağ mövzusunda danışıqlar aparan sabiq prezident­lər Robert Koçaryan və Serj Sarkis­yan, digər yandan öz başbilənlərinə sözügedən xəritələri ölkənin hər yerinə, o cümlədən, təhsil müəs­sisələrinə yaymaq göstərişi verir, ikiüzlülük edirdilər. Çalışırdılar ki, mənfur plan beyinlərə yeridilsin. 

Ancaq onlardan fərqli olaraq, N.Paşinyan, belə demək müm­künsə, daha səmimi davrandı. O, bütün “oyunları” kənara qoyaraq, təbiidir ki, eyni zamanda, Azərbay­can–Ermənistan danışıqlarının hə­min vaxtadək olan axarını pozaraq, birbaşa bildirdi ki, “Qarabağ Ermə­nistandır və nöqtə”. Ardınca Şuşa­da – Cıdır düzündə nümayişkəranə rəqs etmə, içib sərxoş olma və sair. Nikolun hərəkətinin Ermənistana nəyin bahasına başa gəldiyi də mə­lumdur... 

Bir daha bildirək ki, dünən 32-ci ildönümü qeyd edilmiş “Dağlıq Qa­rabağ Respublikası” Ermənistanın Azərbaycana qarşı ərazi iddiasın­dan başqa bir şey deyil. Obrazlı desək, bu iddia kimsənin sahiblən­mək istəmədiyi “bic uşaqdır”. Üstə­lik, bu “vələdüzina” əvvəllərdə oldu­ğu kimi, yenə süni nəfəs aparatına qoşulu vəziyyətdədir. 

Qarabağ əbədi və əzəli Azər­baycan torpağıdır. Azərbaycan isə heç bir halda öz ərazisində sepa­ratçılıq yuvasının mövcudluğuna razılıq verməyəcək. Həm də ona görə ki, torpaqdan pay olmaz! Ta­rixdə Qarabağdakı erməni avantü­rizminin qol-qanad açmasına rəvac verən paylarımız olub. Bu gün güclü Azərbaycan dövləti sələflərinin yol verdikləri səhvləri bir-bir düzəldir. Düzəldir, həmçinin qətiyyətlə və əminliklə bəyan edir ki, Ermənista­nın paytaxtı İrəvan əzəli və əbədi Azərbaycan torpağıdır, qədim türk yurdudur və bu, heç bir halda ərazi iddiası deyil, böyük haqdır. Ölkəmiz bütün haqlarına qovuşacaq!

Siyasət