Azərbaycan XİN: Ermənistanın destruktiv davranışı səfalətə aparır

post-img

Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 2-də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialarını növbəti dəfə sübut edən və Azərbaycanın Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına xidmət edən bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Nikol Paşinyanın sözüge­dən bəyanatına dair şərhində bildirilib.

Qeyd olunub ki, Ermənistanın baş nazirinin bu açıqlaması bir müddət əvvəl səsləndirdiyi Qarabağ bölgəsi daxil, Azərbaycanın ərazi bütövlüyü­nün dəstəkləndiyi barədə bəyanatı ilə ziddiyyət təşkil edir və hazırda aparılan sülh prosesinə ciddi zərbə vurur.

Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilə­rinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüququn prinsiplərini ko­budcasına pozan, yürütdüyü təcavüz siyasəti səbəbindən düşdüyü acına­caqlı vəziyyətdən nəticə çıxarmayan bir ölkənin heç bir çərçivəyə sığmayan bu davranışının qarşısı alınmalıdır.

Məlumdur ki, Azərbaycanın icazə­si olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılması kimi qələmə verilən avantüra sovet qanunlarına zidd idi və bu, hələ o zaman ali konstitusiya səviy­yəsində təsdiqlənmişdi. Öz müqəddə­ratını müəyyən etmək hüququna isti­nad edən Ermənistan rəsmiləri, 1991-ci il dekabrın 10-da Qarabağda separat­çılarının keçirdiyi saxta “müstəqillik re­ferendumunun” muxtar vilayətin hüquqi baxımdan tərkib hissəsini təşkil etdiyi Azərbaycanın razılığı olmadan və bu bölgənin azərbaycanlı əhalisinin iştirakı olmadan keçirildiyi hər kəsə məlumdur.

“Dağlıq Qarabağ”ın “müstəqilliyi”nin əldə edilməsi ilə bağlı Ermənistanın iddialarının beynəlxalq hüquqda qəbul edilmiş “uti possidetis” prinsipinə də zidd olduğu bəllidir və bu səbəbdən beynəlxalq hüquq çərçivəsində tama­milə əsassızdır.

“Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın hərbi işğal altında saxla­nıldığı, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının pozulduğu, azərbaycanlılara qarşı soyqırımı və kütləvi qırğınlar həyata keçirildiyi fakt­ları üzərindən Ermənistan tərəfinin susqunluqla keçməsi bu ölkənin tarix­dən dərs çıxarmadığını göstərir.

Bu və digər faktlar, Ermənistanın əsassız və destruktiv mövqeyi, bey­nəlxalq təşkilatların qərarları uzun illər ərzində dəfələrlə Ermənistanın təca­vüzkar siyasətini təsdiqləyib. Azərbay­can onilliklər ərzində münaqişəni danı­şıqlar yolu ilə həll etmək üçün strateji səbir nümayiş etdirsə də, Ermənistan Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək üçün göstərdiyi xoş niyyətə daim qarşı çıxıb.

Təcavüz siyasətindən əl çəkməyən Ermənistanın növbəti hərbi təxribatı­na cavab olaraq başlanılan 44 günlük Vətən müharibəsi nəticəsində bey­nəlxalq ədaləti və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bölgədə ya­ranmış yeni reallıqlar fonunda Ermə­nistanın sərgilədiyi destruktiv davranı­şın nəinki heç bir perspektivi yoxdur, əksinə bu mövqe Ermənistanı səfalətə sürükləyir. Azərbaycan ərazilərinə qar­şı hər hansı iddialarla çıxış etmək və ərazilərimizdə aqressiv separatçı me­yilləri qızışdırmaq cəhdlərinin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq və la­zımi şəkildə cavablandırılacaq”, – deyə XİN-in şərhində vurğulanıb.

XQ

Siyasət